Reportyorların Təhlükəsizliyi və Azadlığı İnstitutu Terri Devisə müraciət edəcək

Mətbuata qarşı təzyiqlərinin qarşısını almaq üçün imzatoplama kampaniyası başa çatıb. Bu barədə APA-ya Reportyorların Təhlükəsizliyi və Azadlığı İnstitutunun sədri Emin Hüseynov məlumat verib. Onun sözlərinə görə, 120 müxtəlif ictimai-siyasi təşkilat, qəzet və QHT rəhbəri mətbuatın müdafiəsi ilə bağlı hazırlanmış müraciətə imza atıb. E.Hüseynov müraciətin imzalarla birlikdə Avropa Şurasının baş katibi Terri Devisə ünvanlanacağını bildirib. O, müraciətdə Azərbaycanda mətbuatın durumunun ağır olmasının qeyd edildiyini deyib. Sənəddə həbsdə olan 7 jurnalistin azad edilməsi, AŞ Parlament Assambleyasının yay sessiyasında mətbuatın durumu ilə bağlı xüsusi dinləmələrin keçirilməsi, siyasi məhbuslar üzrə məruzəçinin təyin olunması, Cinayət Məcəlləsindən 147 və 148-ci maddələrin çıxarılması, AŞ PA-nın yay sessiyasına kimi jurnalistlərin azad olunmayacağı halda yay sessiyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi xahiş olunub. /APA/