Redaktorlar Birliyi yürüş-mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib

Redaktorlar Birliyi iyunun 23-də yürüş-mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin APA-ya verdiyi məlumata görə, aksiyanın metronun “Neftçilər” stansiyasının yanından saat 16.00-da yürüşlə başlaması və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yaxınlığındakı meydanda saat 18.00-a kimi mitinqlə davam etdirilməsi nəzərdə tutulub. Q. Zahid bildirib ki, bundan əvvəl şəhər rəhbərliyi qeyri-qanuni olaraq onların təyin etdiyi aksiyanın yerini dəyişib. Baş redaktor aksiyada mətbuata qarşı təzyiqlərin dayandırılması, həbsdə saxlanılan jurnalistlərin buraxılması və qəzetlər üzərindəki məhkəmə cərimələrinin ləğv olunmasının tələb ediləcəyini deyib. Aksiyada ictimai-siyasi təşkilatların da iştirakı nəzərdə tutulub. /APA/