Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Mətbuat və cəmiyyət” mövzusunda konfrans keçirilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Mətbuat və cəmiyyət” mövzusunda konfrans keçirilib
# 21 iyun 2007 13:06 (UTC +04:00)
YAP-ın sədr müavini, millət vəkili Əli Əhmədov mətbuatın azad fəaliyyət göstərməsi üçün Azərbaycanda normal şərait yaradıldığını vurğulayıb. O, bəzi jurnalistlərin söz azadlığını insan hüquqlarından üstün tutduğunu və buna görə böhtana yol verdiklərini deyib. Mətbuat Şurasının sədri Əflatun Amaşov konfransın keçirilməsini mətbuatın problemlərinin həll üçün başlanğıc hesab etdiyini deyib. Mətbuatda insanların şərəf və ləyaqətinin alçaldılması faktının olduğunu bildirən Ə. Amaşov bununla bağlı rəhbərlik etdiyi quruma 7 mindən artıq şikayətin daxil olduğunu da vurğulayıb.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı qəzetlərin partiyaların asılılığından çıxması və peşəkar, müstəqil redaksiyaların formalaşmasını təklif edib.
Millət vəkili Əli Hüseynov son vaxtlar böhtan maddəsinin Cinayət Məcəlləsindən çıxarılması ilə bağlı təkliflərə toxunub: “Bu maddə təkcə jurnalistlərə aid deyil. Ona görə indiki məqamda bunu ləğv etməyə ehtiyac yoxdur”.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid isə YAP-ın ötən il mətbuatla bağlı keçirdiyi konfransdan sonra 5 jurnalistin həbs edildiyini qeyd edib. O, yaranmış problemlərin mətbuat yox, cəmiyyətlə bağlı olduğunu bildirib: “Azərbaycanda jurnalistlərin həbsindən imtina etmək lazımdır. Bizim yazılarımızla bağlı məhkəməyə müraciət edilir, jurnalist cəzalandırılır, amma yazılardakı faktlar araşdırılmır”.
“Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan da jurnalistlərin həbsdən azad olunmasının vacibliyini vurğulayıb və belə müzakirələrin davamlı olmasını arzulayıb.
Millət vəkili Fəzail Ağtamalı isə ayrı-ayrı partiyaların inhisarında olan qəzetləri “azad sözün buxovu” adlandırıb. O, “Diffamasiya haqqında” qanun qəbul ediməsinin tərəfdarı olduğunu söyləyib.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev tədbirdə mətbuatın problemləri ilə bağlı daimi fəaliyyət göstərən Məşvərət Məclisinin yaradılması və prezidentin mətbuatın problemlərinin həlli ilə bağlı sərəncam imzalanmasını təklif edib.
Millət vəkili Gülər Əhmədova isə peşəkarlığı az olan şəxslərin jurnalist fəaliyyətindən uzaqlaşdırılmasını, həmçinin qəzetlərin qeydiyyatı ilə bağlı qaydalara yenidən baxılmasını təklif edib.
Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov böhtanla bağlı maddənin Cinayət Məcəlləsindən çıxarılmasına ehtiyac olmadığını deyib.
Mətbuat Şurasının üzvü Qulu Məhərrəmli mətbuatın gələcəyinə nikbin yanaşdığını vurğulayıb.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev isə bildirib ki, iqtidar-müxalifət münasibətləri normal olsa, bu, mətbuatın durumuna da müsbət təsir göstərər. Q. Həsənquliyev Milli Mətbuat Günü ərəfəsində həbsdə olan jurnalistlərin əfv edilməsi ilə bağlı prezidentə dəyirmi masa iştirakçıları adından müraciət edilməsini təklif edib.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də çıxışında “Diffamasiya haqqında” qanun qəbul edilməsinin zəruriliyini vurğulayıb və mətbuatın bəzi problemləri, reklam bazarı barədə danışıb.
Prezidentin İcra Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə bildirib ki, hazırda ayrı-ayrı jurnalistlər insanların şərəf və ləyaqətlərini alçaltdıqlarına, böhtan atdıqlarına görə həbsdədirlər: “Hakimiyyət olaraq bu insanların həbsdə olması bizi narahat edir. Biz onların azad olunmasını istəyirik”. Ə. Həsənov jurnalistlərin həbsdən azad edilməsi ilə bağlı əfv fərmanı imzalanacağına əmin olduğunu da deyib. Böhtan maddəsinin Cinayət Məcəlləsindən çıxarılması təkliflərinə toxunan Ə. Həsənov qeyd edib ki, bu maddə təkcə jurnalistlərlə bağlı deyil: “Ayrı-ayrı insanlar da bir-birinə böhtan ata bilərlər. Ona görə də bunun xüsusi olaraq jurnalistlərə aid edilməsi düzgün deyil. “Diffamasiya haqqında” qanun o zaman qəbul ediləcək ki, mətbuat işçiləri başqasını təhqir etməyi özünə rəva bilməyəcək. Başqa sözlə, mətbuatda bu peşəni nüfuzdan salan insanlar işləməyəcək. Biz də qəbul etmişik ki, bu qanun nə vaxtsa qəbul olunacaq. Amma öncə mətbuatın buna hazır olması lazımdır”. /APA/





#
#

ƏMƏLİYYAT İCRA OLUNUR