Baş redaktor: “Reket və şantaj ictimai bəlaya çevrilib, ictimai müqavimətə ehtiyac var”

Elçin Mirzəbəyli

© APA | Elçin Mirzəbəyli

# 29 iyul 2022 14:21 (UTC +04:00)

“Reket” və “reketçilik” haqqında söz açmazdan öncə, bu sözün daşıdığı mənaya və yarandığı tarixə diqqət yetirmək lazımdır. “Reket” sözü, bir zamanlar bu cinayət əməlinin yayğın olduğu arealda işlədilən - ingilis və italyan dillərindən tərcümədə “şantaj”, “təhdid” anlamını verir və hüquqi anlamda təhdid, şiddətli zorakılıq, psixoloji təzyiq vasitəsilə soyğunçuluq, qəsbkarlıq, zorakılıq deməkdir. Jurnalistika, media bu cinayət əməlindən istifadə edərək qanunsuz yolla gəlir əldə etməyə çalışan şəxslər üçün vasitədir”.

Bunu APA-ya açıqlamasında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib.

Elçin Mirzəbəyli deyib ki, “jurnalistika” peşə, “media” fəaliyyət istiqaməti olduğu üçün peşəyə və sahəyə münasibətdə “reket” ifadəsindən istifadə doğru deyil: “Bu cinayət əməlini qanunsuz yollarla gəlir əldə etmək üçün vasitə seçən şəxs istənilən peşənin sahibi ola və istənilən sahədə çalışa bilər. Bu baxımdan, belə məsələlərə fərdi və konkret faktlar üzrə yanaşılması “reket” ifadəsinin həm hüquqi, həm də leksik mənası baxımından, qənaətimə görə, daha doğrudur. Özünü jurnalist kimi təqdim edərək, şantajla, dələduzluqla, fırıldaqçılıqla məşğul olan şəxslərə gəldikdə isə, onlara münasibətdə qanunvericilikdən irəli gələn tədbirlərin həyata keçirilməsindən başqa alternativ yoxdur. Bu istiqamətdə Azərbaycan Respublikası Baş Prokurorluğunun həyata keçirdiyi tədbirlər, şübhəsiz ki, təqdir olunmalıdır. Jurnalistikadan şantaj və digər bu kimi qanunsuz əməllər üçün istifadə olunmasının daha kütləvi olmasının isə öz səbəbləri var. Məsələ burasındadır ki, digər peşə və ya fəaliyyət növlərini öz cinayət əməlləri üçün vasitə seçən insanlar, “jurnalist” adından faydalanmaqla qanunsuzluğa yol verən şəxslərdən fərqli olaraq, öz qanunazidd hərəkətlərini söz, ifadə və media azadlığı anlayışları arxasında gizlədə bilmirlər. Təəssüf ki, bir çox hallarda Azərbaycanda informasiya məkanının xaosa sürüklənməsində, müdaxiləyə açıq olmasında maraqlı olan xarici dairələr və onların nüfuz müvəkkilləri siyasi, iqtisadi və ictimai reketçiliklə, şantaj və dələduzluqla məşğul olan insanlara qarşı həyata keçirilən qanuni tədbirləri “söz, ifadə və fikir azadlığı”nın pozulması kimi qələmə verir, bu kimi amillərdən ölkəmiz əleyhinə həyata keçirdikləri təbliğat-təxribat kampaniyalarında faydalanmağa çalışırlar.

Amma istənilən ölkənin, o cümlədən Azərbaycanın insan hüquq və azadlıqlarına təminat verən ana qanunu və digər hüquqi-normativ haqlarında, eləcə də "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyada bu hüquq və azadlıqlardan sui-istifadə hallarının yolverilməz olduğu bildirilir”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktorunun sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin III bəndində qeyd olunur ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir, hüquqlardan sui-istifadəyə yol verilmir. Yəni hüquq və azadlıqlar həm də məsuliyyət deməkdir: "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 10-cu maddəsinin 2-ci maddəsində isə qeyd olunur ki, söz, ifadə, mətbuat və digər hüquq və “azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər". Göründüyü kimi, söz, ifadə və fikir azadlığı jurnalistikadan, mediadan öz qanunsuz əməllərinin həyata keçirilməsi üçün faydalanan bəzilərinin və onların qanunsuz əməllərini dəstəkləyənlərin iddia etdiyi kimi cinayət məsuliyyətindən, yaxud inzibati məsuliyyətdən yayınmaq üçün vasitə deyil. Söz, ifadə və fikir azadlığından sui-istifadə halları öz növbəsində başqalarının hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına yol açır. Dövlətin vəzifəsi isə öz vətəndaşlarının təhlükəsiz həyatının təmin edilməsi, hüquq və azadlıqlarının qorunmasıdır. Baş Prokurorluğun həyata keçirdiyi tədbirlər də Azərbaycan dövlətinin Konstitusiya ilə ona verilmiş vəzifələrinin yerinə yetirilməsi kimi qəbul olunmalıdır”.

Elçin Mirzəbəyli hesab edir ki, şübhəsiz ki, mediadan, sosial şəbəkələrin verdiyi imkanlardan faydalanaraq, reket fəaliyyəti ilə məşğul olma kütləvi hal aldığı üçün bu qəbildən olan hallara qarşı yalnız hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər çərçivəsində mübarizə aparmaq mümkün deyil: “Vətəndaşlarımız da bu kimi neqativ hallara qarşı barışmaz olmalı və öz hüquqlarını müdafiə etmək üçün məhkəmələrə müraciət etməkdən çəkinməməlidirlər. Hesab edirəm ki, bu kimi halların kütləvi hal aldığı nəzərə alınmalı, özünü “media” kimi təqdim edən resurslarda, həmçinin sosial şəbəkələrdə şantaja məruz qalan şəxslərin məhkəmələrə müraciəti asanlaşdırılmalı, iddia ərizələri üçün tələb olunan rüsumlar ləğv edilməli, hüquqi yardım ödənişsiz olmalıdır. Düşünürəm ki, son bir neçə ildə ölkədə vəkillik institutunun inkişafı istiqamətində irəliləyişlərə nail olan Vəkillər Kollegiyası bu işə öz töhfəsini verə bilər. Real mənzərə ondan ibarətdir ki, reket və şantaj, artıq ictimai bəlaya çevrilib və bu kimi qanunsuz əməllərə qarşı daha ciddi ictimai müqavimətin, fəallığın təmin edilməsinə ehtiyac var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR