İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər jurnalistlərə münasibətdə həssas davranmanı şərtləndirəcək - RƏY

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər jurnalistlərə münasibətdə həssas davranmanı şərtləndirəcək - RƏY
# 19 yanvar 2023 16:20 (UTC +04:00)

“İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər media fəaliyyətində çox intensiv şəkildə rast gəlinən xətalar və qayda pozuntularını əhatə edir. Belə ki, kütləvi informasiya vasitələri subyektlərində təkzib və düzəlişlərin verilməsi, şəxslərin təqsirsizlik prezumpsiyasının qorunması, eyni zamanda jurnalist fəaliyyətinə mane olma çox intensiv şəkildə qarşımıza çıxan hallardır”.

Bunu APA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyib.

Müşfiq Ələsgərli bildirib ki, həmin hallar üzrə proseslərin tənzimlənməsi Azərbaycanda həm media qanunvericiliyində, həm də jurnalistlərin Peşə Kodeksində əksini tapıb: “Biz jurnalistlərin Peşə Kodeksinə və media haqqında qanunvericiliyə baxsaq, orada təkzib və düzəlişlərin verilməsi, təqsirsizlik prezumpsiyasının qorunması, jurnalist fəaliyyətinə mane olmaq hallarının aradan qaldırılması və s. kimi hallarla bağlı müddəaların əks olunduğunu görə bilərik. Bu halların qanunvericilikdə və jurnalistlərin Peşə Kodeksində əksini tapmasına baxmayaraq, təəssüf ki biz bu və ya digər hallar üzrə qayda pozuntularının tez-tez şahidi oluruq. Bunun başlıca səbəblərindən biri həmin hallar və qayda pozuntuları üzrə konkret cərimə mexanizmlərinin və sanksiyaların olmamasıdır. Sanksiyaların, cərimələrin, cəzalandırma mexanizminin olmaması, yaxud da simvolik xarakter daşıması sadaladığımız halları intensivləşdirir. Bu baxımdan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikləri dəstəkləyirik. Hesab edirik ki, bu dəyişikliklər və əlavələr kütləvi informasiya vasitələrində qeyd edilən hallar üzrə xətaların, eyni zamanda jurnalistlərin peşə fəaliyyətinə mane olma hallarının aradan qaldırılması üçün yardım göstərmiş olacaq. Bu sahədə səliqə-sahman yaradacaq, sui-istifadə hallarına yol verilməsinin qarşısını alacaq. Hesab edirik ki, təklif edilən dəyişikliklər günün zəruri tələbidir”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, dəyişikliklər jurnalistlərin fəaliyyətinin daha da genişlənməsinə və indiyə qədər bu sahədə müəyyən narahatlıqların da aradan qalxmasına şərait yaradacaq: “Bu dəyişikliklər jurnalistlərin, medianın fəaliyyətinə hər hansı məhdudiyyət yaratmır. Əksinə, jurnalistin normal informasiya əldə etməsinə və yaymasına daha əlverişli şərait yaratmağa yönəlib”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Xalq” qəzetinin baş redaktoru Əflatun Amaşov APA-ya açıqlamasında qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə media fəaliyyəti ilə bağlı dəyişikliklər dövrün tələbindən irəli gəlir: “Dəyişikliklər yalnız mediada deyil, ümumiyyətlə, cəmiyyətdə məsuliyyət hissinin artırılmasını əsas tutur. Bu mənada, konkret olaraq, jurnalistin qanuni fəaliyyətinə maneçiliyə görə cərimə məbləğinin artırılmasını yüksək qiymətləndirirəm. Bu, jurnalistlərə münasibətdə həssas davranmanı şərtləndirəcək. İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər həm jurnalist maraqlarını əsas tutur, həm də cəmiyyətin mənafelərinə cavab verir”.

Əflatun Amaşov deyib ki, təqsirsizlik prezumpsiyası da çox önəmlidir: “Hələ lap əvvəllər bununla bağlı beynəlxalq media ekspertləri Azərbaycan jurnalistləri üçün təlimlər keçirdilər. Söhbət məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan hansısa şəxsin cinayətkar kimi qələmə verilməsindən gedir. Avropalı mütəxəssislər bildirirdilər ki, onların ölkələrində məsələyə önəm verilməməsi sərt cəzaların tətbiqinə şərait yaradır. İndi zaman dəyişib. Sosial şəbəkələr informasiya yayımının platforması qismində çıxış edirlər. Yəni məlumat yayan yalnız media deyil. Bu halda müxtəlif şəxslər də məhkəmə baxışında olan məsələləri özlərinin sosial şəbəkə profillərinə daşıyırlar. Çox zaman bunu qərəzli şəkildə təqdim edirlər. Həm məhkəmənin qərarına təsir göstərir, həm də təqsirləndirilmiş şəxsin hüquqlarını pozurlar. Bu məsələyə də qanunvericilikdə daha ciddi yanaşılması, mövcud xüsusda cərimələrin yüksək həddinin seçilməsi tam normaldır və burada hədəf media deyil, ümumən cəmiyyətdə məsuliyyət hissini artırmaq istəyi var. İnzibati Xətalar Məcəlləsinə təklif edilən digər dəyişiklikləri də müsbət qiymətləndirməyim üçün kifayət qədər əsaslar mövcuddur. Media məhsullarının yayımına məhdudiyyətlərdən tutmuş, jurnalist sorğusunun qanunda nəzərdə tutulmuş qaydada cavablandırılmamasınadək cərimə məbləğlərinin artırılması vacib sayıram. Ən əsası isə dəyişiklik İnzibati Xətalar Məcəlləsinin “Media haqqında” qanuna uyğunlaşdırılması məqsədi daşıyır. Hesab edirəm ki, bu, media fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşməsi baxımından vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR