Media Reyestri: Azərbaycan mətbuatında yeni mərhələ

Media Reyestri: Azərbaycan mətbuatında yeni mərhələ
# 26 sentyabr 2022 16:46 (UTC +04:00)

Prezident İlham Əliyev bu gün imzaladığı Fərmanla “Media Reyestrinin aparılması Qaydaları”nı təsdiqləyib.

Fərmana əsasən, Medianın İnkişafı Agentliyinə (MEDİA) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Media Reyestrinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.

Bu Fərman Azərbaycan mediasının tarixində yeni səhifənin açılması kimi xarakterizə edilə bilər.

Media Reyestrində media subyektləri, onların redaksiyaları və jurnalistlərə dair elektron hökumət portalında mövcud olan məlumatlar inteqrasiya, digər məlumatlar isə istifadəçi tərəfindən daxil edilməklə sistemləşdiriləcək. Bu, jurnalist fəaliyyəti ilə məşğul olan şəxslər haqqında məlumatların vahid bazada toplanması deməkdir.

Bununla belə, bu proses məcburi deyil. Media subyektləri mütləq şəkildə, jurnalistlər isə Media Reyestrinə könüllülük prinsipi əsasında daxil ediləcək. Media Reyestrinə daxil edilmiş jurnalistlərə vəsiqələr təqdim olunacaq. Reyestrə daxil edilmiş jurnalistlərə jurnalist vəsiqəsinin təqdim olunması media mühitinin sağlamlaşması baxımından çox müsbət və vacib addımdır. Bu, media mühitinin təsadüfi “jurnalistlərdən” təmizlənməsinə də yardım edəcək. Diqqət yetirməli məqamlardan biri budur ki, mətbuat orqanları işçisi olan jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqil olacaq, media qurumları ənənəvi qaydada işçilərinə redaksiyanın vəsiqəsini verə biləcək.

Media Reyestrinin aparılması müəyyən məsələlərinin həllini tapmasında mühüm rol oynayacaq. Media Reyestri media subyektlərinin və media sahəsində işləyən şəxslərin fəaliyyətinin, eyni zamanda, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasına şərait yaradacaq. Reyestr medianın inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılmasına imkan verəcək.

Digər mühüm amil mətbuat orqanlarının və jurnalistlərin hüquqları ilə bağlıdır. Media Reyestrinin aparılması media subyektlərinin və jurnalistlərin hüquqlarını daha yüksək səviyyədə müdafiəsini təmin edəcək. Reyestrə düşmüş media orqanı və jurnalist artıq hüquqlarının qorunması üçün mühüm istinad nöqtəsinə malik olacaq.

Media cameəsini maraqlandıran əsas məsələlərdən biri güzəşt və imtiyazlardır. Uzun illərdir, mətbuat işçilərinə müxtəlif sahələr üzrə güzəşt və imtiyazların verilməsinin mümkünlüyü ətrafında təkliflər səslənir, müzakirələr aparılır. Lakin bu məsələdə ən ciddi problem kimin həqiqi jurnalist sayılması idi. Media Reyestri bu mübahisələrə də son qoymuş olacaq. Məhz Media Reyestrinə daxil edilmiş media subyektləri və jurnalistlər müxtəlif xarakterli güzəşt və imtiyazlardan yararlana biləcəklər.

Media Reyestrinin aparılmasının keyfiyyətli xəbər istehsalının təmin edilməsi, ən əsas məsələlərdən olan müəlliflik hüquqlarının qorunması baxımlından da vacib amildir. Eyni zamanda Media Reyestri jurnalistlərin akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsini də təmin edəcək.

Bütün sadalanan və sadalanmayan məqamları nəzərə aldıqda belə qənaətə gəlmək olur ki, Media Reyestri Azərbaycan mətbuatının inkişafı üçün yeni bir mərhələnin əsasını təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR