Mətbuat Şurası və MEDİA birgə toplantı keçirib

Mətbuat Şurası və MEDİA birgə toplantı keçirib
# 06 fevral 2023 19:14 (UTC +04:00)

Mətbuat Şurasında müxtəlif media subyektlərinin rəhbərləri və Medianın İnkişafı Agentliyinin (MEDİA) rəhbərliyinin iştirakı ilə toplantı keçirilib.

APA xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid gündəmdə olan bir sıra məsələləri açıqlayıb.

Bildirib ki, İdarə Heyətinin sonuncu iclasında bir sıra narazılıqlar qeyd olunub. Bunlardan birincisi redaksiyalarda, televiziyalarda bəzi ştatlarda çalışanların - şöbə müdiri, departament rəhbəri və s. var ki, onlar həmişə jurnalist kimi qəbul olunub. “Onlar reyestrə düşə bilmirdilər. Narahatlıq var idi ki, bu ştatlarda çalışan tanınmış jurnalistlərin, hətta əməkdar jurnalistlərin aqibəti necə olacaq? Lakin sevindirici haldır ki, bu məsələ artıq həllini tapıb. Jurnalist kimi əmək fəaliyyəti nəzərə alınmayan ştat vahidləri də reyestrə düşə biləcəklər", - deyə o bildirib.

Mətbuat Şurasının sədri həmçinin Milli Məclisdə media subyektlərinin fəaliyyətində dair Vergi Məcəlləsinə dəyişiklik təklif olunmasının müsbət addım olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov təklif edib ki, biznes subyektləri ilə də belə bir görüş keçirilsin, biznesin reklam bazarına göstərdiyi dəstək müzakirə olunsun və mexanizmlər müəyyənləşdirilsin.

Bəzi ştatların reyestrə daxil edilə bilməməsinə gəlincə isə o bildirib ki, ilk növbədə bu, "Media haqqında" Qanunun problemi deyil. Qanunda hər hansısa bir boşluq yoxdur.

"Problem uzun illər ərzində media subyektlərinin ştat vahidlərini düzgün yazmamasından irəli gəlir. Ştatlar Əmək Məcəlləsinə uyğun formalaşdırılmalı idi. Biz görürük ki, bir çox televiziyalarda olan bəzi ştatların hüquqi əsası yoxdur. Lakin bu barədə əmək və əhalinin sosial müdafiəsi nazir Sahil Babayevə müraciət etdik və dərhal reaksiya aldıq. Nazir və komandasının çevik fəaliyyəti nəticəsində bu problemi həll etməyə nail olmuşuq. Artıq şöbə müdirləri də jurnalist kimi tanınacaq", - Əhməd İsmayılov qeyd edib.

Əhməd İsmayılov media reyestrindən keçmək üçün jurnalistdən 3 il staj tələb olunmasına da aydınlıq gətirib. Bildirib ki, bu tələb peşəkarlıq prinsipinə görədir.

“Dünən jurnalistika fakültəsini bitirən birini reyestrdən keçirmək düzgün olmaz. Bunun üçün müəyyən təcrübə lazımdır. Yoxsa kimsə imtiyazlardan faydalanmaq üçün hansısa media subyektlərində qeydiyyatdan keçə bilər. Lakin qısa müddət sonra jurnalistika ilə məşğul olmayacaqlarsa, deməli, onların reyestrdən keçirilməsi peşəkar jurnalistlərə münasibətdə ədalətli yanaşma olmaz”, - deyə o bildirib.

Tədbirdə media strukturlarının rəhbərləri onları maraqlandıran digər bir sıra məsələlərlə bağlı da suallar ünvanlayıblar və Medianın İnkişafı Agentliyinin rəhbəri bu sualları cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR