Mətbuat Şurasında intihar mövzusu ilə bağlı müzakirə aparılıb, jurnalistlərə müraciət edilib - FOTO - VİDEO

Mətbuat Şurasında intihar mövzusu ilə bağlı müzakirə aparılıb, jurnalistlərə müraciət edilib - FOTO  - VİDEO
# 20 iyul 2022 13:13 (UTC +04:00)

Bu gün Mətbuat Şurasında “Media və intihar olaylarının işıqlandırılması” mövzusunda tədbir keçirilib.

APA-nın xəbərinə görə, 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, son günlər mediada işıqlandırılan intihar xəbərlərinin sayı artır.

Əflatun Amaşov bildirib ki, intiharın səbəbləri kənarda qalır, intihar edənlərin qəhrəmanlaşdırılması meyli hiss olunur: “Bu da növbəti intiharlara yol aça bilir. Məişət problemləri, valideyn-övlad münasibəti, valideynlərin israrlı tələbi, sosial problemlər, yoxsulluq insanları intihara apara bilər. Medianın məqsədi insanları intihara aparan səbəbləri araşdırmaq və müvafiq qurumlarla birgə bu intiharların səbəblərin aradan qaldırılmasına çalışmaq olmalıdır”.

Mətbuat Şurasının sədri diqqətə çatdırıb ki, Skandinaviya ölkələrində intiharlarla bağlı xəbərlərə geniş yer verilmir: “Əgər intiharın səbəbi ictimai motivlə bağlıdırsa, Skandinaviya ölkələrində KİV, jurnalistlər araşdırma aparır. Ancaq məişət zorakılığı ilə bağlı intihar baş veribsə, belə xəbərlərə yer verilmir. Biz necə etməliyik ki, Azərbaycanda belə hallara yol verilməsin? Biz müzakirənin nəticəsi olaraq ölkə jurnalistlərinə müraciət ünvanlayacağıq”.

“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev dünyada il ərzində 800 min insanın intihar etdiyini söyləyib: “Latviya, Litva və Rusiyada əhaliyə nisbətdə intiharların sayı yüksəkdir, 100 min nəfərə 40 nəfər düşür. ABŞ, Finlandiya kimi ölkələrdə 100 min nəfərə 20-30 nəfər düşür”.

Şəmsəddin Əliyev qeyd edib ki, intiharların əsas səbəbi məişət zorakılığıdır:

“Məişət zorakılığı insanları daha çox intihara sürükləyir. Məişət zorakılığının qarşısının alınması üçün milli proqram yoxdur. Cütlüklər ailə quran zaman ailəyə sədaqət andı içilmir. Ailəyə sədaqət andının içilməsi müvafiq qaydada həllini tapmalıdır. Yeri gəlmişkən, AMEA-da intiharların səbəbini öyrənən araşdırma institutu olmalıdır ki, bu səbəblər müəyyənləşdirilərək aradan qaldırılsın. O cümlədən, din xadimlərimiz də intiharın yolverilməzliyi yönündə təbliğatda fəal olmalıdır. Çünki dinimiz intihara qarşıdır. Dinimizdə buyurulur ki, intihar edən şəxsin cənazə namazını qılmayın. Dinimizdə bu yöndə məqamlar təbliğ olunmalıdır”.

Əflatun Amaşov nəzərə çatdırıb ki, bəzi hallarda intihar edənlərin yaxınları, ata-anaları danışdırılır: “O vəziyyətdə həmin insanları danışdırmaq nə dərəcədə düzgündür? Bəlkə də o insanlar heç nələr danışdıqlarının fərqində olmurlar. Ona görə də jurnalistlərimiz bu məsələdə həssas olmalıdırlar”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə son dönəmlər azyaşlıların intihar halları barədə xəbərlərə rast gəlindiyini söyləyib: “O azyaşlılar yəqin ki, heç niyə intihar etdiklərini bilmirlər. Ona görə də bu kimi halların xüsusi işıqlandırılması azyaşlıların psixologiyasına da mənfi təsir göstərir. Ona görə də mediamız bu kimi məsələlərə həssas yanaşmalıdır”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu intihar hallarının hansı qisminin məişət zorakılğı, yaxud sosial problemlərlə bağlı olmasını əks etdirən statistika olmasını zəruri sayıb: “Belə statistika olmasa, biz çıxış yolunu tapmaqda da çətinlik çəkərik. Mediaya gəlincə, media bu halda dilemma qarşısında qalır ki, məsələyə media maraqlarından, yoxsa ictimai məsuliyyət prizmasından yanaşsın? Media cəmiyyətin institutlarından biridir. Ona görə də ictimai maraqların naminə media öz maraqlarını üçüncü, dördüncü sıraya keçirməlidir”.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev qeyd edib ki, məişət problemləri ilə bağlı intiharların mediaya çıxması yolverilməzdir: “Telekanallarda şou proqramlarda intihar hadisələri niyə araşdırılmalıdır? Belə verilişlərin reytinqi siyahılardan çıxarılmalı, həmin verilişlərə reklam verilməsinin qarşısı alınmalıdır”.

Əməkdar jurnalist Azər Həsrət mediadan kriminal xəbərləri yığışdırmağın vacib olduğunu vurğulayıb: “Uşaq baxır ki, biri intihar edib, hamı ondan danışır. Fikirləşir ki, adam intihar edib, məşhurlaşıb, o da bu yolla məşhurlaşa bilər. Kənddə qonşu qonşusu ilə dalaşıbsa, bunu media dönə-dönə niyə işıqlandırmalıdır? Yeri gəlmişkən, sonuncu dəfə intihar edən qazinin ailəsini, yaxınlarını, bütün əslini-nəslini göstərirlər. Belə hallar insanlara pis təsir etdiyi üçün mətbuat bundan çəkinməlidir. Biz istəyərik ki, ailəmizdə belə hal baş versə, bütün ölkə məhz bu hadisə ilə bağlı ailə üzvlərimizi tanısın?”

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bu gün sosial medianın hər bir fərdə jurnalist olmaq imkanı yaratmasına diqqət çəkib: “Media kriminal xəbərləri verməsin, məhdudiyyət qoyulsun kimi fikirlər səsləndirildi. Buna nə dərəcədə nail olmaq mümkündür? Sadəcə, media maarifləndirici yanaşmaya üstünlük verməlidir. Medianı cəmiyyətdə baş verən proseslərdən tamamilə təcrid etmək son nəticədə bu, qeyri-peşəkarların, başqa sistemin yer tutmasına səbəb olur. Əlbəttə, intihar hadisələrində ictimai motiv olub-olmamasına baxmalıyıq. İntihar məişət problemi, xəstəliklə bağlıdırsa, bunun işıqlandırılması məqbul deyil. Kompleks şəkildə intiharın səbəbləri araşdırılaraq üzə çıxarılmalıdır. Medianın fəaliyyəti intiharların qarşısının alınmasına yönəlməlidir”.

“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili 1990-cı illərdən sonra süni, sintetik yeməklərin insanlarda zorakılıq meyllərini artırdığını bildirib:

“İntiharın səbəbi problemlərdir, o problemlər aradan qaldırılmalıdır”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid hesab edir ki, intihar ilk növbədə fərarilikdir.

Müzakirələrdən sonra ölkə jurnalistlərinə müraciət qəbul edilib.

Qeyd edilib ki, söz və ifadə azadlığı cəmiyyət üçün önəmlidir, intihar hadisələri ilə əlaqədar bilgilərin də cəmiyyətə çatdırılması vacibdir. Ancaq məsələ ətrafında spekulyasiyalar yolverilməzdir. Vurğulanıb ki, intihar olayı baxış sayı toplamaq, izləyici auditoriyası genişləndirmək naminə predmetə çevrilməməlidir. Müraciətdə jurnalistlər, ümumən bu və ya digər şəkildə jurnalist fəaliyyəti ilə məşğul olduğunu bildirən şəxslər intihar olaylarının təqdimatına son dərəcədə ciddi yanaşmağa, bu olaylarda hadisənin dəhşət saçan, fərdi və şəxsi əhəmiyyət daşıyan motivlərinin üzə çıxarılmasından uzaq durmağa, yalnız ictimai əhəmiyyət daşıyan məqamları işıqlandırmağa çağırılır: “İnanmaq istəyərdik ki, həmkar təəssübkeşliyinə əsaslanmış bu çağırışımıza həssas yanaşılacaq, qeyd etdiyimiz neqativ təmayüllərin aradan qaldırılması naminə səfərbərlik, məsuliyyətli mövqe nümayişi təmin olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR