Mətbuat xidmətlərinin rəhbərləri üçün master-klass təşkil edilib - FOTO

Mətbuat xidmətlərinin rəhbərləri üçün master-klass təşkil edilib - FOTO
# 01 noyabr 2022 10:24 (UTC +04:00)

Media Təhlil Mərkəzi (MTM) və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə mətbuat xidmətlərinin rəhbərlərinin peşəkar bacarıqlarının daim təkmilləşdirilməsi və inkişafı, bu sahədə effektivliyin artırılması məqsədilə Heydər Əliyev Mərkəzində master-klass təşkil edib.

APA xəbər verir ki, master-klass yerli media nümayəndələrinin, xüsusilə də mətbuat xidmətlərinin rəhbərlərinin peşəkar bacarıqlarının daim təkmilləşdirilməsi və inkişafı, bu sahədə effektivliyin artırılması məqsədilə keçirilir.

Master-klass Azərbaycanda ilk dəfə xüsusi formatda təşkil edilir, ölkədə həyata keçirilən media islahatlarına töhfə vermək, medianın hazırkı dinamik mühitdə inkişafını təşviq etmək, jurnalistlərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək məqsədi daşıyır.

Mətbuat xidmətlərinin fəaliyyətinin effektivliyinin artırılmasına xidmət edən master-klass vacib nəzəri mövzuların tədrisi ilə başlayacaq, daha sonra iştirakçılar müzakirələrə qoşulacaq, press-relizlərin hazırlanma forması və sosial media təşəbbüslərinin inkişaf etdirilməsi ilə bağlı sessiyalarda iştirak edəcəklər.

Bundan əlavə, master-klassın proqramına peşəkar mətbuat ofisinin təşkili; jurnalistlərdən gələn sorğuların səmərəli şəkildə cavablandırılması; onların suallarına vaxtında dəqiq cavab verilməsi; Britaniya və Amerikadakı hökumət qurumları tərəfindən idarə olunan veb-saytların nümunəsində bütün məlumatların müfəssəl yer aldığı peşəkar veb saytın təşkili; inandırma psixologiyası və digər aktual mövzular daxil edilib.

Dövlət, qeyri-hökumət və digər təşkilatların mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən master-klassı London şəhər Universitetinin jurnalistika üzrə professoru Barni Cons aparacaq. Britaniyanın "The Media Society" təşkilatının vitse-prezidenti olan Barni Cons İcmalar Palatasında media məsləhətçisi kimi çalışır.

O, "The Andrew Marr Show" va "Breakfast with Frost" siyasi xarakterli televiziya proqramlarının yaradıcısı və aparıcısı olub, PR və müstəqil radio müxbiri kimi çalışıb, sonradan BBC-də bəzi layihələr üzərində işləyib, bir çox siyasi xadimlərdən müsahibələr götürüb.

Qeyd edək ki, müxtəlif sessiyaları əhatə edəcək üç günlük master-klass 1-3 noyabr tarixlərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR