MŞ İdarə Heyəti üzvlərinin “Neft Daşları”na səfəri təşkil edilib

MŞ İdarə Heyəti üzvlərinin “Neft Daşları”na səfəri təşkil edilib
# 26 may 2023 12:28 (UTC +04:00)

“Neft Daşları” qəzetinin 55 illiyi ilə bağlı cari il yanvarın 18-də Azərbaycan Mətbuat Şurasında keçirilmiş toplantıda Şuranın İdarə Heyətinin üzvlərinin “Neft Daşları” qəsəbəsinə səfəri ilə bağlı təşəbbüs səslənmişdi. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) həmin təşəbbüsə həssas münasibət göstərib və nəzərdə tutulan səfər mayın 25-də təşkil edilib.

Bu barədə APA-ya MŞ-dən bildirilib.

Qeyd edilib ki, MŞ İdarə Heyətinin üzvlərini dünyanın səkkizinci möcüzəsi sayılan qəsəbədə “Neft Daşları” NQÇİ-nin rəisi Asim Bağırov, müəssisəsinin rəhbər şəxsləri, “Neft Daşları” qəzetinin baş redaktoru Xeyrulla Ağayev və nəşrin əməkdaşı qarşılayıblar. Əvvəlcə buradakı təhlükəsizlik qaydaları ilə tanış olan İH üzvləri “Neft Daşları”nın keçmiş və indiki zamanını əks etdirən fotostendə və qəsəbə haqqında ümumi məlumatın əksini tapdığı məlumat lövhəsinə baxış keçiriblər.

Ulu Öndər Heydər Əliyevin qəsəbədəki abidəsinin ziyarət olunması ilə başlanmış səfər Heydər Əliyev muzeyi ilə tanışlıqla davam etdirilib. Muzeydə qonaqlara Ulu Öndərin “Neft Daşları”na verdiyi önəmin bariz nümunələrini əks etdirən materiallar barədə ətraflı məlumat verilib. Ardınca “Neft Daşları” yatağını kəşf etmiş geoloq Ağa Qurban Əliyevin abidəsi ziyarət olunub. Abidə önündə əfsanəvi geoloqun fədakar fəaliyyətinin müxtəlif məqamlarının sadalanması qonaqlarda böyük maraq yaradıb.

Qonaqlar Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş 17 neftçinin, həmçinin Xəzər dənizini fəth edərkən həyatını itirmiş neftçilərin xatirəsinə ucaldılmış abidə komplekslərini ziyarət ediblər. “Neft Daşları”nın 30 illiyi münasibətilə ucaldılmış kompozisiya (Qəhrəman Neftçilər abidəsi), dünyada açıq dənizdə qazılmış ilk quyu (1 saylı quyu) ilə tanışlıq da təəssürat zənginliyi ilə yadda qalıb.

Heydər Əliyev muzeyində keçirilən görüşdə “Neft Daşları”nın Azərbaycanın neft sənayesində oynadığı rol önə çəkilib, hazırda qəsəbədəki iş rejimi barədə məlumatlar verilib, qəhrəman neftçilərin fədakar əməyinin, yorulmaz fəaliyyətinin işıqlandırılmasında 55 illiyini qeyd etmiş “Neft Daşları” qəzetinin böyük ənənələr yaratdığı vurğulanıb. Görüşdə, eyni zamanda, “Neft Daşları”nın təbliği ilə bağlı müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Ayrı-ayrı çıxışlarda səfərin təşkilinə göstərdiyi dəstəyə görə SOCAR rəhbərliyinə təşəkkür ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR