"Müharibədən sonrakı reallıqlar və media" mövzusunda təlim keçirilir

"Müharibədən sonrakı reallıqlar və media" mövzusunda təlim

© APA | "Müharibədən sonrakı reallıqlar və media" mövzusunda təlim

# 24 yanvar 2022 10:58 (UTC +04:00)

Bu gün yerli jurnalistlər üçün "Müharibədən sonrakı reallıqlar və media" mövzusunda təlim başlayıb.

APA-nın xəbərinə görə, 3 gün müddətinə davam edəcək təlim Azərbaycan Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) tərəfindən təşkil olunub.

Təlimin açılışında çıxış edən BMTM-nin rəhbəri Fərid Şəfiyev bildirib ki, əsas məqsəd milli media məkanında çalışan, beynəlxalq münasibətlər istiqamətində xəbərlər hazırlayan, münaqişə və postmünaqişə barədə materiallar hazırlayan jurnalistlərin peşəkarlığının artırılmasıdır.

Belə təlimlərin tez-tez keçirilməsinin planlaşdırıldığını vurğulayan F.Şəfiyev deyib ki, media məkanında hazırkı vəziyyətlə, postmünaqişə dövrü ilə bağlı istintaq, araşdırma xarakterli materialların dərc olunmasına ehtiyac var, bu istiqamətdə materiallar azdır.

Daha sonra Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov çıxış edib. O bildirib ki, jurnalistlərin postmünaqişə dövründə obyektiv reallıqları çatdırması vacibdir.

Agentlik rəhbəri medianın müharibə dövründə fəaliyyətinə toxunub. O bildirib ki, Vətən müharibəsi dövründə jurnalistlər həm öz qələmlərinə, həm də silaha sarılmışdılar.

"İndiki dövrdə medianın üzərinə daha çox vəzifə düşür, həm jurnalist araşdırmalarına, xarici dildə yazılan məqalələrə ehtiyac var. Beynəlxalq münasibətlər sahəsində də, sahəvi jurnalistlərə də ehtiyacımız var", - Əhməd İsmayılov bildirib.

O deyib ki, reallıqların və obyektivliklərin çatdırılmasında jurnalistlərin rolu önəmlidir: "Xarici ekspertlərin və mütəxəssislərin dəvət olunması və belə təlimlərin davam etdirilməsini istəyirik. Münaqişədən sonrakı reallıqların çatdırılması üçün medianın fəaliyyəti güclənməlidir."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR