Praqada Şərq Tərəfdaşlığı Media Konfransı keçirilir

Praqada Şərq Tərəfdaşlığı Media Konfransı

© APA | Praqada Şərq Tərəfdaşlığı Media Konfransı

# 01 dekabr 2022 14:10 (UTC +04:00)

"Rusiyanın Ukraynaya qarşı apardığı müharibə həqiqətləri yazan jurnalistikanın nə qədər vacib olduğunu bir daha göstərdi".

APA xəbər verir ki, bunu bu gün Praqada Şərq Tərəfdaşlığı Media Konfransının açılışında çıxış edən Çex Respublikasının xarici işlər naziri Yaroslav Kurfürst deyib.

Nazir qeyd edib ki, 90-cı illərdən bu günə kimi jurnalistika çox dəyişib və təəssüf ki, bəzən bu dəyişiklik neqativ istiqamətdə olub.

"90-cı illərdə Rusiyanın rəngarəng mətbuatı hazırda təbliğat maşınına çevrilib. Məhz bunun nəticəsində Marqarita Simonyan kimi insanlar irəli çıxıblar", nazir müavini deyib.

Qeyd edək ki, "APA Group"a daxil olan Vesti.az saytının baş redaktoru Emil Quliyevin də iştirak etdiyi iki günlük tədbir Avropa Komissiyası, Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramı, Çexiya XİN və “Azadlıq” radiosu tərəfindən təşkil edilib.

Konfransda Şərq Tərəfdaşlığı proqramına üzv ölkələr - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldovadan 100-ə yaxın jurnalist və media eksperti iştirak edir. Tədbirə, həmçinin, Belarusun hazırda ölkədən kənarda fəaliyyət göstərən media nümayəndələri qatılıblar.

Təşkilatçıların tədbirlə bağlı media üçün məlumatında deyilir ki, Ukraynada müharibə, Belarusdakı vəziyyət, Azərbaycan və Ermənistan arasında zaman-zaman baş verən hərbi qarşıdurmalar həqiqi informasiyanın çatdırması baxımından jurnalistlərin işinin nə dərəcədə vacib olduğunu nümayiş etdirir.

Təşkilatçılar hesab edirlər ki, COVID-19-la bağlı təcriddən sonra Şərq Tərəfdaşlığının müstəqilliyinin konsepsiyasını yeniləməyin, medianın fəaliyyətində dəyişikləri müzakirə edib, inkişaf yollarını müzakirə etməyin zamanı çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR