TDT: Ortaq türk TV kanalının yaradılması diqqət mərkəzindədir

TDT: Ortaq türk TV kanalının yaradılması diqqət mərkəzindədir
# 28 oktyabr 2022 13:21 (UTC +04:00)

Ortaq türk televiziyasının olması media sahəsindəki önəmli iş birliklərimizdən biridir.

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Ömər Kocaman deyib.

Onun sözlərinə görə, sözügedən mövzu hazırda diqqət mərkəzindədir:

“Əslində, bu istiqamətdə keçmişdə müəyyən addımlar atılıb və bu mövzu hazırda da diqqətdədir. Aidiyyəti qurumlar müəyyən müzakirələr aparır. Yekunda millətlərarası xəbər kanalının yaradılması əsas niyyətlərdən biridir. Amma, aydın məsələdir ki, bu heç də asan proses deyil, kifayət qədər zaman ala bilən məsələdir. Dediyimiz kimi, bu mövzu da hazırda diqqət mərkəzindədir”.

Ömər Kocaman Şuşadakı görüşün vacibliyini qeyd edib: “Bu cür toplantıların sayəsində dünyaya haqlı davalarımızı və qardaşlıq maraqlarımızı nümayiş etdirə bilirik. Bu baxımdan, toplantının əhəmiyyəti böyükdür. Dünən Bakıda çox önəmli görüşlər keçirdik, nəticədə qarşılıqlı formada iş birliyi sahələrimiz məlum oldu. Bu gün isə Şuşada önəmli bir sənəd imzaladıq. Bu addımın dünyada kifayət qədər bənzər nümunələri var. Məsələn, Avropa İttifaqında bu tip maraqları olan ortaq birliklər mövcuddur. Yəni bu sistemin türk dünyasında olması da vacibdir.

Azərbaycan 30 illik işğal dönəmində özünün haqlı mübarizəsini dünyaya çatdırmaqda çox böyük çətinliklərlə üzləşdi. Bütün bu prosesin ən yaxşı şahidləri sizlərsiniz. İşğal dönəmində nə qədər qara propaqandalara məruz qalma halları da oldu. Oxşar hallar Türkiyədə, Özbəkistanda, Qazaxıstanda da olub. Bu mənada, bu toplantının strateji əhəmiyyəti böyükdür və Şuşada - türk dünyasının mədəniyyət paytaxtında, türk tarixinin önəmli bir nöqtəsində keçirilməsi xüsusilə əhəmiyyətlidir”.

Nihat Pir

Fuad Sadıqov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR