Vüsalə Mahirqızı: Media subyektlərinin vergidən azad edilməsi medianın inkişafı üçün ciddi addımdır

Vüsalə Mahirqızı, APA Media Qrupun baş direktoru

© APA | Vüsalə Mahirqızı, APA Media Qrupun baş direktoru

# 02 aprel 2023 10:44 (UTC +04:00)

"Media subyektlərinin 3 il müddətinə mənfəət, gəlir və sadələşdirilmiş vergidən azad edilməsi medianın inkişafı üçün ciddi addımdır".

APA-nın xəbərinə görə, bunu APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızı bildirib.

Vüsalə Mahirqızı qeyd edib ki, bu, medianın effektli fəaliyyəti və gələcək iqtisadi inkişafı üçün zəruri addımlardan biri idi:

"Media həmişə dövlətin diqqət mərkəzində olub. Dəfələrlə media subyektlərinin çətin iqtisadi vəziyyətində borcların sıfırlanması, ƏDV-dən azad edilmə kimi güzəştlər olub. Bu dəfəki addım isə medianın gələcək iqtisadi inkişafı, həmçinin bazar münasibətlərində sahibkarlıq subyektləri kimi formalaşması üçün böyük dəstəkdir. Medianın inkişafına göstərdiyi növbəti dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm".

Vüsalə Mahirqızı vurğulayıb ki, bu addım mediaya gələcəkdə uzun müddətli kreditlər almaq şansı da yaradıb: "Medianın inkişafı və davamlılığı üçün güclü təhlükəsizlik, həmçinin texniki təminat çox vacibdir. Virtual dünyadakı informasiya müharibələri kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsini mütləqləşdirib. Bu cür tədbirlər isə öz növbəsində az qala hər gün yenilənən texniki vasitələr və proqram təminatları ilə mümkündür. Eyni zamanda medianın daha çevik, operativ və vizual effektli işləməsi üçün də müasir texniki təminata ehtiyac var. Yaxın gələcəkdə məhz media subyektlərinin maddi texniki bazalarının gücləndirilməsi üçün uzunmüddətli və güzəştli şərtlərlə kreditlərin ayrılması ilə bağlı müzakirələr aparmaq olar.

Vergi güzəştləri nəticəsində qalan vəsaitlər media subyektlərinə kreditləri ödəmək imkanı yaradır".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nu təsdiq edib. Bu qanunla 1 yanvar 2023-cü ildən media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirləri, habelə onlara verilən müvafiq maddi yardımlar gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi isə əlavə dəyər vergisindən 3 il müddətinə azad olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR