X Qlobal Bakı Forumu dünya mediasının diqqət mərkəzində

X Qlobal Bakı Forumu dünya mediasının diqqət mərkəzində
# 10 mart 2023 14:57 (UTC +04:00)

Azərbaycan paytaxtında ötən gün işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu ilə bağlı müxtəlif ölkələrin aparıcı KİV-lərində silsilə məqalələr dərc olunub.

APA xəbər verir ki, məqalələrdə Bakının onuncu dəfə təşkil etdiyi bu mötəbər tədbirə qatılan nüfuzlu siyasətçilərin, dövlət və hökumət başçılarının, sabiq prezidentlərin, beynəlxalq təşkilatların rəhbərlərinin dünya gündəminin ilk sıralarında yer alan mühüm məsələlər barədə müzakirələr apardıqları, müasir çağırışlarla bağlı həll yollarını araşdırdıqları qeyd olunub.

İtaliyanın Nova agentliyində yayımlanan “Qlobal Bakı Forumu davam edir, Avropa və Asiya arasında problemlər və imkanlar”

mövzusunda məqalədə Prezident Sercio Mattarellanın Forum iştirakçılarına təbrik məktubu yolladığı qeyd olunub və məktubda yer alan fikirlərə yer verilib. İtaliya Prezidentinin məktubda Qlobal Bakı Forumunun anlaşma və sülh şəraitində birgəyaşayış dəyərlərini təbliğ etdiyini, məqsədin xalqlar və mədəniyyətlər arasında əməkdaşlıq və dialoqu stimullaşdırmaq olduğunu vurğuladığı bildirilib. Həmçinin qeyd edilib ki, Prezident Sercio Mattarella təbrik məktubunda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ildən-ilə xalqlar və mədəniyyətlər arasında əməkdaşlıq və dialoqu stimullaşdırmaq üçün xalqlar arasında qarşılıqlı anlaşma və dinc yanaşı yaşama dəyərlərini təbliğ etdiyini və bunu bir daha təsdiqlədiyini xüsusi vurğulayıb.

Bu ölkənin “Askanews.it” portalında dərc olunan “Qlobal Bakı Forumu anlaşma və sülh şəraitində birgəyaşayış dəyərlərini təbliğ edir” sərlövhəli məqalədə Forumda mühüm mövzularda müzakirələrin aparılacağı bildirilib. Qeyd olunub ki, Forumun birinci günündə NATO-nun dayanıqlılığı, iqlim dəyişiklikləri və qlobal istiləşmənin yaratdığı təhdidlər, dünyanın üzləşdiyi təhlükələr, o cümlədən nüvə və ərzaq təhlükəsizliyi, həmçinin daşımalar, enerji təhlükəsizliyinin təmin olunması və digər məsələlər də müzakirə olunacaq. Bununla yanaşı, Forumun gündəliyində enerji dəhlizlərinə dair mövzuların da yer aldığı, mühüm enerji qovşağı və qaz təchizatçısı kimi önəmi getdikcə artan Azərbaycanın rolunun İtaliya üçün vacib önəm daşıdığı vurğulanıb.

Yazıda Prezident Sercio Mattarellanın təbrik məktubunda Forumun olduqca mühüm mövzuya həsr edildiyini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən həyata keçirilən tədbirlərin əməkdaşlıq və dialoqun, qarşılıqlı anlaşma və sülhün təşviqinə yönəldiyini bildirdiyi qeyd olunub.

Bosniya və Herseqovinanın aparıcı nəşrlərində də Qlobal Bakı Forumuna dair məqalələr yayımlanıb. Bu ölkənin “Slobodna Bosna”, “Dnevni Avaz”, “Federalna.ba”, “Vijesti.ba”, “Mostarski.ba”, “Biznis.ba” və digər portallarında yer alan yazılarda bildirilib ki, Qlobal Bakı Forumu dialoq, əməkdaşlıq və həmrəyliyi təşviq etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən siyasi, biznes və akademik liderlərinin iştirakı ilə Azərbaycanın paytaxtı Bakıda keçirilən beynəlxalq tədbirdir. Azərbaycan Prezidentinin himayəsi ilə keçirilən Foruma 60-dan çox ölkədən 400-ə yaxın iştirakçı qatılıb. Qlobal Bakı Forumu oxşar çağırışları və məqsədləri paylaşan, bəşəriyyəti narahat edən problemlərlə əlaqədar yeni yanaşma və həll yolları təqdim edən mühüm dialoq platformasıdır. Forum həm də Azərbaycanın regionda lider kimi potensialını göstərməsi, mədəniyyətini və tarixini təbliğ etməsi baxımından bir fürsətdir.

Yazılarda Prezident İlham Əliyevin Bakı Forumunun açılış mərasimindəki çıxışına xüsusi diqqət yetirilib. Dövlətimizin başçısının Avropa Komissiyası ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq sazişinin imzalanması, ölkəmizin Avropaya təbii qaz tədarükünü artırdığı, qazın ümumi ixracını genişləndirməsi barədə fikirlərinə yer verilib. Bundan başqa, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın sədrliyi müddətində Qoşulmama Hərəkatının fəaliyyətinin canlandırılması, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsi məsələləri barədə fikirləri oxucuların diqqətinə çatdırılıb.

İspaniyanın “Europapress” və “ABC Internacional” portallarında yayımlanan məqalələrdə Prezident İlham Əliyevin Qlobal Bakı Forumunun açılışındakı çıxışında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu barədə fikirləri əksini tapıb. Məqalələrdə dövlətimizin başçısının sülh müqaviləsinin imzalanması və fürsəti əldən verməməsi barədə Ermənistana çağırış ünvanladığı qeyd olunub. “Azərbaycan Prezidenti İlham Əliyev bu cümə axşamı təsdiqlədi ki, davamlı gərginlik və daha kiçik miqyaslı qarşıdurmalara səhnə olan münaqişədən sonra Ermənistanla indi sülhün vaxtıdır və İrəvanı fürsəti əldən verməməyə çağırdı”, - deyə yazılarda vurğulanıb. Həmçinin Prezident İlham Əliyevin çıxışında Azərbaycan dövlətinin 2020-ci ildə müharibənin başa çatmasından dərhal sonra Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək məşhur beş prinsipi qarşı tərəfə təqdim etdiyini bildirdiyi qeyd olunub.

Bundan başqa, məqalədə dövlətimizin başçısının “Hazırda onlar üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Bir sözlə, biz sülh istəyirik. Biz hər hansı digər müharibəni istəmirik. Hesab edirik ki, sülhə nail olmaq olar. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur” sözləri də oxucuların diqqətinə çatdırılıb.

Yazılarda Azərbaycan Prezidentinin münaqişənin tarixindən bəhs etdiyi, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparması və bir milyondan çox azərbaycanlının doğma torpaqlarından qovulması, İrəvanın vəziyyəti münaqişəni dondurmaq cəhdləri, münaqişənin nizamlanması səylərinin nəticəsiz qalması, Ermənistanın işğal dövründə ərazilərimizdə törətdiyi barbarlıq, urbisid, kultursid, ekosid əməlləri barədə məlumat verdiyi, ölkəmizdə azlıqların hüquqlarının Konstitusiyamız tərəfindən qorunması və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatının işğal dövründən daha yaxşı olacağını əminliklə ifadə etməsi xüsusi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR