Xarici jurnalistlər: Gəncənin bombalanması qeyri-insanidir

Xarici jurnalistlər: Gəncənin bombalanması qeyri-insanidir
# 11 oktyabr 2022 18:49 (UTC +04:00)

Gəncənin atəşə tutulması tamamilə qeyri-insani və qəbuledilməzdir.

Bunu İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Gəncəyə raket hücumları nəticəsində baş vermiş dağıntıları ziyarət edən Cənubi Afrika Respublikasının (CAR) SABC xəbər agentliyinin nümayəndəsi Mudli Pravaşe APA-ya bildirib.

O, mülki əhalinin atəşə tutulmasının tamamilə qəbuledilməz olduğunu vurğulayıb: “Bizim xəbər agentliyimizdə xarici bölməmiz var və müxbirlərimiz bu bölgədə baş verən hadisələri mümkün qədər işıqlandırmağa çalışırlar. Bununla belə, bu gördüklərimdən sonra belə başa düşürəm ki, Qarabağ müharibəsi bizim mediamızda kifayət qədər işıqlandırılmayıb. Bir müxbir kimi mən hadisələrlə bağlı məlumatları tərəfsiz və emosiyalardan kənar şəkildə çatdırmalıyam. Lakin bir insan kimi deməliyəm ki, mülki əhalinin bu cür atəşə tutulması tamamilə qəbuledilməzdir. Uşaqların yerə atılmış oyuncaqlarını gördüm, bu tamamilə qeyri-insanidir. Mənim də övladım var. Burada gördüklərimi heç kəsə arzulamazdım. Burada baş verənləri birbaşa görmək mənim üçün bir təcrübədir”.

CNN-in Çexiya bölməsinin müxbiri Mixail Pur isə qeyd edib ki, ölkəsində insanlar Qarabağ müharibəsi ilə bağlı kifayət qədər məlumatlı deyillər və müharibə dövründə hərbi əməliyyatların yalnız Qarabağda cəmlənməsi kimi bir təsəvvür mövcuddur: “Təəssüratlarım bu oldu ki, olduqca təəccübləndim. Çünki daha əvvəl bu hücum barəsində bilmirdim, Çexiya Respublikasındakı hamı kimi mən də müharibənin əsasən Qarabağda cəmləşdiyini düşünürdüm. Biz Ukraynada yaşayış bölgələrinə edilən hücumların, oradakı müharibə qəddarlıqlarının əks olunduğu fotolarını görmüşük. Bu da onun kimidir. Müharibə yalnız hərbi obyektlərə cəmləşməlidir. Həftə ərzində Şuşada, Füzulidə, Zəngilanda, həmçinin Gəncədə olduq və gördüyümüz fotolarını mütləq paylaşacağıq, hər şeyi dəqiqliklə çatdıracağıq”.

Hər iki jurnalist Gəncədə, eləcə də Azərbaycanın azad edilmiş digər ərazilərinə səfərləri zamanı gördüklərini obyektiv şəkildə öz auditoriyalarına çatdıracaqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR