BMT rəsmisi gələcəkdə Azərbaycana minatəmizləmə prosesində veriləcək maliyyə dəstəyinin artacağına ümid edir

BMT rəsmisi gələcəkdə Azərbaycana minatəmizləmə prosesində veriləcək maliyyə dəstəyinin artacağına ümid edir
# 26 may 2023 14:14 (UTC +04:00)

“Minalar yalnız Azərbaycan üçün deyil, bir çox ölkələr üçün ciddi problemdir".

APA xəbər verir ki, bunu BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi (BMT-nin Sülh Əməliyyatları Departamenti) Aleksandr Zuyev jurnalistlərə açıqlamasında deyib.

"Çox təəssüf ki, qadınlar və uşaqlar da mina qurbanları olur. Minalar həmçinin dayanıqlı inkişaf üçün əngəldir, bu, kənd təsərrüfatına, torpaqların səmərəli istifadəsinə imkan vermir", - o bildirib.

BMT rəsmisi vurğulayıb ki, beynəlxalq təşkilat minatəmizləmə prosesində müxtəlif ölkələrə, o cümlədən Azərbaycana maliyyə dəstəyi verir və o ümid edir ki, gələcəkdə bu maliyyə artacaq: "Bildiyiniz kimi Azərbaycanda minatəmizləmə prosesində Aİ, BMT İnkişaf Proqramı fəal iştirak edir. Aİ-nin Azərbaycandakı səfiri də paneldə çıxışında bildirdi ki, təşkilat maliyyə dəstəyi verir və ən böyük donordur. Biz də bu prosesə dəstək verməyə davam edəcəyik. Bu artıq ikinci konfransdır və ümid edirəm ki, bu, davam edəcək və növbəti konfranslar yalnız Bakıda deyil, digər ölkələrdə də keçiriləcək".

BMT rəsmisi onu da qeyd edib ki, ölkələrin Ottava Konvensiyasına qoşulması vacibdir: "BMT olaraq biz üzv ölkələri bu Konvensiyaya qoşulmağa təşviq edir, çağırış edirik, bildirir ki, bu vacib universal konvensiyadır və bütün ölkələr qoşulmalı, bu sənədi ratifikasiya etməlidir. Biz ümid edirik ki, gələcəkdə daha çox ölkələr bu Konvensiyanı ratifikasiya edəcək, bunu səbirsizliklə gözləyirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR