Azərbaycan Tokio-2020-yə 15-ci lisenziyanı qazanıb

Azərbaycan Tokio-2020-yə 15-ci lisenziyanı qazanıb
# 17 mart 2020 00:07 (UTC +04:00)

Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziyaya sahib olub.

Apasport.az saytının məlumatına görə, milli komandamıza növbəti vəsiqəni boksçu Tayfur Əliyev qazandırıb.

Avropa Oyunlarının mükafatçısı Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 57 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı boksçu 1/8 finalda Edqaras Skurdelisdən (Litva) üstün olub. Rəqibi ilk hissədə zədələndiyindən döyüşü davam etdirə bilməyib və Əliyev qalib elan olunub.

Yarış gecə seansından sonra dayandırılacağından 1/4 final qarşılaşması turnir bərpa olunduqdan sonra baş tutacaq.

Qeyd edək ki, bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 15-ə çatıb. Hüseynovdan öncə idman gimnastları Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üçtəkanla tullanma növündə Nazim Babayev, üzgüçü Maksim Şemberev, güllə atıcısı Ruslan Lunyov, güləşçilər Mariya Stadniklə (50 kq) Şərif Şərifov (97 kq), taekvondoçu Milad Beiqi Harçeqani (80 kq), karateçilər Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq) da Tokio-2020-yə lisenziyaya sahib olublar. Həmçinin şosse velosipedində də idmançımıza iştirak hüququ verilib.

Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR