II Avropa Oyunlarına yollanan nümayəndə heyəti ilə görüş keçirilib - FOTOSESSİYA

II Avropa Oyunlarına yollanan nümayəndə heyəti ilə görüş keçirilib - FOTOSESSİYA
# 10 iyun 2019 12:48 (UTC +04:00)

Milli Olimpiya Komitəsində (MOK) II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan yığmasının üzvləri və nümayəndə heyəti ilə görüş keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Belarusun paytaxtı Minskə yollanacaq millimizin üzvləri ilə yanaşı, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, həmçinin qurum və federasiyaların rəsmiləri iştirak ediblər.

Tədbiri açıq elan edən Ç.Hüseynzadə bildirib ki, yığıncaqda əsas məqsəd nümayəndə heyətini vacib məsələlərlə məlumatlandırmaqdır. Ardınca komanda üzvlərinin Minskdə necə qarşılanacağı və yarışda iştirakından söhbət açılıb. Bildirib ki, ölkəmizi Minsk-2019-da idmançılarla yanaşı, 6 azərbaycanlı könüllü də təmsil edəcək. Həmçinin komandamızın qalacağı yer barədə də ətraflı məlumat verilib.

Ç.Hüseynzadənin sözlərinə görə, açılış və bağlanış mərasimində paradda Azərbaycan 80 nəfərlə təmsil olunacaq. Yığıncaqda vurğulanıb ki, komandalarımız Minskə iyunun 18-də yollanacaq: "Artıq qadın güləşçilərimiz Minskdə təlim-məşq toplanışındadırlar. Belarusa Bakıdan ilk olaraq cüdo, boks və atıcılıq yığmalarımız gedəcək. Bu da ondan irəli gəlir ki, ev sahibi şəraiti belə qurub".

Tədbir çərçivəsində MOK və AMADA idmançılara oyunlarla bağlı vacib məlumatlar verib.

Qeyd edək ki, iyunun 21-30-da keçiriləcək Minsk-2019-da Azərbaycan yığması 11 idman növündə 80 atletlə təmsil olunacaq. Ölkəmiz əsası 4 il əvvəl Bakıda qoyulan yarışa kamandan oxatmada 1, boksda 11, kanoedə 1, velosiped idmanında (şosse, trek) 5, badmintonda 1, gimnastikada (akrobatika, batut gimnastikası və tamblinq, bədii gimnastika, idman gimnastikası) 12, cüdoda 13, karatedə 7, samboda 7, atıcılıqda (güllə və stend) 6, güləşdə (sərbəst, yunan-Roma, qadın) 16 idmançı ilə qatılacaq. Nümayəndə heyəti ümumilikdə 170 nəfərdən, o cümlədən 80 idmançı, 32 məşqçi, 15 inzibati şəxs və 5 tibb işçisindən ibarət olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR