Azad Rəhimov “Rusiya İdman ölkəsi” Beynəlxalq idman forumuna dəvət edilib

Azad Rəhimov “Rusiya İdman ölkəsi” Beynəlxalq idman forumuna dəvət edilib
  • Clock-gray 18:20
  • calendar-gray 27 Sentyabr 2019

Bu gün Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov Rusiyanın İdman naziri Pavel Kolobkov ilə görüşüb.  

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azad Rəhimov 2018-ci ilin sentyabr ayında “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında” imzalanmış Sazişin çox böyük uğurla həyata keçirildiyini, sənədin idmanın inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb: “Saziş hər iki ölkənin idmanın inkişafında, yeni idmançı nəslinin yetişməsində çox böyük rol oynayır. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin demək olar ki, hər birində Rusiya idmançıları aktiv şəkildə iştirak edir, yüksək pillələri qazanırlar. Növbəti ilin Olimpiya ili olacağını nəzər alsaq, demək ki, bizi daha məsuliyyətli və gərgin il gözləyir.”  

Pavel Kolobkov da öz növbəsində 2018-ci ildə Soçi şəhərində imzalanmış Sazişin əhəmiyyətindən və ötən il ərzində qarşılıqlı əməkdaşlıq sayəsində qazanılan uğurlardan söz açıb. O bildirib ki, 2020-ci ilin avqust ayında Kazanda ilk dəfə olaraq MDB ölkələrinin idman yarışları keçiriləcək. Gənclər arasında baş tutacaq bu yarışa 2000-dən çox qonaq qatılacaq: “Azərbaycan sözün əsl mənasında idman ölkəsinə çevrilib. İstər idman infrastrukturu, istərsə də, idman yarışlarının təşkili ən yüksək səviyyədə gerçəkləşir. Əminik ki, 2020-ci ildə ilk dəfə Kazanda keçiriləcək MDB ölkələrinin idman yarışları idman sevərlərin yaddaşında uzun müddət həkk olunacaq. Əgər, 2022-ci ildə baş tutacaq növbəti yarış Azərbaycanın payına düşərsə, o zaman da hər şeyin yüksək səviyyədə gerçəkləşəcəyini indidən deyə bilərik. Hal hazırda əsas məqsədlərdən biri MDB ölkələrinin idman yarışlarının keçirilməsində xüsusi komandanın qurulması və tədbirlər planının işlənib hazırlanmasıdır”. 

Görüşün sonunda Rusiya Federasiyasının idman naziri Pavel Kolobkov Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimovu 10-11 oktyabr 2019-cu il tarixdə Rusiyanın Nijni Novqorod şəhərində gerçəkləşəcək “Rusiya İdman ölkəsi” Beynəlxalq idman forumuna dəvət edib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date