Azərbaycan gimnastı dünya çempionatında 2 medal qazanıb

Azərbaycan gimnastı dünya çempionatında 2 medal qazanıb
# 22 iyul 2019 00:31 (UTC +04:00)

Rusiyanın paytaxtı Moskvada bədii gimnastika üzrə gənclər arasında ilk dünya çempionatı keçirilib.

Gimnastika Federasiyasından APA-ya verilən məlumata görə, Azərbaycan yığmasının üzvü, fərdi proqramda ölkəmizi təmsil edən Arzu Cəlilova mundialın iki medalına sahib olub.

Gənc gimnast ilk olaraq, iplə kompozisiyasına görə 17,400 xalla bürünc medal qazanıb. Onun ikinci final çıxışı isə top ilə olub. A. Cəlilova bu proqramda daha da uğurlu çıxış nümayiş etdirərək, 19,200 xalla gümüş medala layiq görülüb.

Digər gimnastımız Nərminə Səmədova da iki final çıxışı icra edib. O, gürzlərlə 16,700 xal toplayaraq 7-ci, lent ilə çıxışına görə isə 15,825 xalla 5-ci yeri tutub.

Fəridə Səfiyarzadə, Selcan Hacızadə, Ləman Əlimuradova, Milana Əkbərova və Mədinə Əsədovadan ibarət qrup komandası isə 5 halqa ilə icra etdikləri kompozisiyalarına görə finala yüksəliblər. Onlar yekunda 19,950 xalla çempionatı 7-ci yerdə bitiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR