Minsk-2019: Azərbaycan cüdoçuları fərdi yarışları 5 medalla bititirblər - YENİLƏNİB-5

Minsk-2019: Azərbaycan cüdoçuları fərdi yarışları 5 medalla bititirblər - YENİLƏNİB-5
# 24 iyun 2019 20:23 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında kişi cüdoçuların +100 kq çəki dərəcəsində medal qarşılaşmalarına start verilib.

APA-nın məlumatına görə, Azərbaycan cüdoçusu Uşanqi Kokauri bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayıb.

O, avstriyalı Stefan Heqi ilə üz-üzə gəlib. Təmsilçimiz uduzaraq medal qazanmaq şansını qaçırıb.

Beləliklə, Azərbaycanın cüdo yığması həm də Avropa çempionatı statusu daşıyan Avropa Oyunlarının fərdi yarışlarını 5 medalla (1 gümüş və 4 bürünc) başa vurub. Rüstəm Orucov gümüş, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc mükafat əldə edib.

Qeyd edək ki, Azərbaycan idmançılarının Avropa Oyunlarında ümumilikdə 11 medal əldə edib. Bunlardan dördü gümüş, yeddisi bürüncdür.

***

Saat. 19:43

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında qadınların +78 kq çəki dərəcəsində mübarizə aparan cüdoçuların medal qarşılaşmalarına start verilib.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan cüdoçusu İrina Kindzerska 3-cü yer uğrunda görüşünü keçirib.

Xanım cüdoçumuzİ ukraynalı Qalina Tarasova ilə üz-üzə gəlib. Rəqibini məğlub edən təmsilçimiz yarışın bürünc mükafatını qazanıb.

Bu, həm də cüdoçuların Avropa çempionatı statusu daşıyan yarışda Azərbaycan yığmasının 5-ci medalı olub. Bunadək Rüstəm Orucov gümüş, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Elmar Qasımov (100 kq) bürünc mükafat əldə edib. Azərbaycan idmançılarının Avropa Oyunlarındakı medallarının sayı 11-ə çatıb. Bunlardan dördü gümüş, yeddisi bürüncdür.

Qeyd edək ki, bu gün daha bir cüdooçumuz bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq. Uşanqi Kokauri (+100 kq) avstriyalı Stefan Heqi ilə qarşılaşacaq.

Saat. 19:07

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında 100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçuların medal qarşılaşmalarına start verilib.

APA-nın məlumatına görə, Azərbaycan cüdoçusu Elmar Qasımov bürünc medal uğrunda görüşə çıxıb.

O, xorvatiyalı Zlatko Kumriçlə görüşüb. Rəqibini məğlub edən cüdoçumuz yarışın bürünc mükafatını qazanıb.

Bu, həm də cüdoçuların Avropa çempionatı statusu daşıyan yarışda Azərbaycan yığmasının 4-cü medalı olub. E.Qasımova qədər Rüstəm Orucov gümüş, Hidayət Heydərov (hər ikisi 73 kq) və Məmmədəli Mehdiyev (100 kq) bürünc mükafat əldə edib. Azərbaycan idmançılarının Avropa Oyunlarındakı medallarının sayı isə 10-a çatıb. Bunlardan dördü gümüş, altısı bürüncdür.

Qeyd edək ki, bu gün daha iki cüdooçumuz bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq. Uşanqi Kokauri (+100 kq) avstriyalı Stefan Heqi, İrina Kindzerska (+78 kq) ukraynalı Qalina Tarasova ilə qarşılaşacaq.

***

Saat. 18:07

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında cüdoçuların fərdi yarışlarının sonuncu gününün medal qarşılaşmalarına start verilib.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşə çıxıb.

90 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz hollandiyalı Noel Vant End ilə üz-üzə gəlib. Tatamini qələbə ilə tərk edən idmançımız yarışın bürünc mükafatçısı olub.

Eyni zamanda Avropa çempionatı statusu daşıyan cüdo yarışlarının ilk iki günündə Azərbaycan idmançıları 2 medal qazanıblar. Bunadək Rüstəm Orucov gümüş, Hidayət Heydərov (hər ikisi 73 kq) bürünc mükafat əldə edib.

Ümumilikdə isə bu, idmançılarımızın Minskdə 9-cu medalı (4 gümüş, 5 bürünc) olub.

Qeyd edək ki, bu gün daha üç cüdoçumuz bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq. Elmar Qasımov (100 kq) xorvatiyalı Zlatko Kumriç, Uşanqi Kokauri (+100 kq) avstriyalı Stefan Heqi, İrina Kindzerska (+78 kq) ukraynalı Qalina Tarasova ilə qarşılaşacaq.

***

Saat. 16:09

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının cüdo yarışlarında 5 çəki dərəcəsində final və bürünc medal uğrunda qarşılaşmaların iştirakçıları müəyyənləşib.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, yarımfinal və təsəlliverici qarşılaşmalarda dörd Azərbaycan cüdoçusu tatami üzərinə çıxıb.

Uşanqi Kokauri (+100 kq) və qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) yarımfinalda mübarizə aparıb. Ağırçəkili cüdoçumuzun rəqibi Rusiya təmsilçisi İnal Tasoyev olub. Məğlubiyyətlə üzləşən təmsilçimiz bürünc medal uğrunda mübarizə aparacaq.

İ.Kindzerska finala vəsiqə üçün belaruslu Marina Slutskaya ilə üz-üzə gəlib. Tatamidən məğlub ayrılan cüdoçumuz 3-cü yer uğrunda döyüşdə qüvvəsini sınayacaq.

Digər iki idmançımız təsəlliverici qarşılaşmada qüvvəsini sınayıb. Elmar Qasımov (100 kq) monteneqrolu Nikola Pantiçə qalib gəlib.

Məmmədəli Mehdiyev (90 kq) isveçrəli Siril Qrossklausa qalib gəlib. Cüdoçumuz mübarizəni bürünc medal uğrunda davam etdirəcək.

Qeyd edək ki, həm də Avropa çempionatı statusu daşıyan yarışın əvvəlki günlərində yığmamız iki medal qazanıb. Rüstəm Orucov gümüş, Hidayət Heydərov (hər ikisi 73 kq) bürünc medala yiyələnib.

***

Saat. 15:41

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının cüdo yarışlarında 5 çəki dərəcəsində 1/8 və 1/4 final qarşılaşmaları keçirilib.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, daha iki Azərbaycan təmsilçisi mübarizəyə başlayıb.

1/8 finaldan yarışa qatılan Uşanqi Kokauri (+100 kq) və qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) yarışa qələbə ilə başlayıb. U.Kokauri 1/8 finalda Vinçentso Vito Draqiçə (Sloveniya), 1/4 finalda hollandiyalı Roy Meyerə qalib gəlib. Onun yarımfinaldakı rəqibi Rusiya təmsilçisi İnal Tasoyev olacaq.

İlk görüşündə Jasmin Kuelbs (Almaniya) üzərində qələbə qazanan İ.Kindzerska da 1/4 finala adlayıb. Onun bu mərhələdəki rəqibi Sara Adlinqton (Böyük Britaniya) olub. Ardıcıl ikinci qələbə təmsilçimizi yarımfinala daşıyıb. Onun bu mərhələdəki rəqibi Marina Slutskaya (Belarus) olacaq.

Avropa Oyunlarına 1/16 finaldan başlayan təmsilçilərimiz isə növbəti görüşlərini keçiriblər. 100 kq çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov 1/8 finalda estoniyalı Qriqori Minaşkini məğlub edib. Cüdoçumuz 1/4 finalda fransalı Siril Mareyə uduzub və təsəlliverici raundda qüvvəsini sınayacaq. İdmançımız monteneqrolu Nikola Pantiçlə qarşılaşacaq.

Eyni çəkidə çıxış edən Zelim Kotsoyev isə mübarizəni 1/8 finalda dayandırıb. O, belçikalı Toma Nikiforova uduzub.

90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev ikinci qarşılaşmasını fransalı Aurelian Diesseyə qarşı keçirib. Qələbə ilə 1/4 finala yüksələn cüdoçumuz yarımfinala vəsiqə uğrunda türkiyəli Mikail Ozerlerə uduzub. M.Mehdiyev təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq.

***

Saat. 12:26

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının cüdo yarışlarında 5 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

APA-nın məlumatına görə, bu gün Azərbaycan yığmasının 5 cüdoçusu qüvvəsini sınayacaq.

100 kq çəki dərəcəsində mübarizə aparan iki təmsilçimiz 1/16 final qarşılaşmalarını keçirib. Elmar Qasımov Anton Savitskiyə (Ukrayna) qalib gəlib. Onun 1/8 finaldakı rəqibi estoniyalı Qriqori Minaşkin olacaq.

Eyni çəkidə çıxış edən Zelim Kotsoyev isə Boyan Dosen (Serbiya) ilə qarşılaşıb. Qələbə qazanan təmsilçimiz 1/8 finalda belçikalı Toma Nikiforovla üz-üzə gələcək.

90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 finalda Yahor Varapayevlə (Belarus) görüşüb. Qalib gələn cüdoçumuz 1/8 finala yüksəlib. O, 1/4 finala vəsiqə üçün fransalı Aurelian Diesse ilə mübarizə aparacaq.

Qeyd edək ki, bu gün daha iki idmançımız tatami üzərinə çıxacaq. 1/8 finaldan yarışa qatılacaq Uşanqi Kokauri (+100 kq) Vinçentso Vito Draqiçlə (Sloveniya), qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) Jasmin Kuelbs (Almaniya)-Sebile Akbulut (Türkiyə) cütünün qalibi ilə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR