Azərbaycanın Belarusdakı səfiri: "Bakıda başlayan ənənə davam edəcək" - MÜSAHİBƏ

Azərbaycanın Belarusdakı səfiri: "Bakıda başlayan ənənə davam edəcək" - MÜSAHİBƏ
# 28 iyun 2019 13:25 (UTC +04:00)

Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilovun APA-nın Minsk-2019 II Avropa Oyunlarına ezam olunmuş əməkdaşına müsahibəsi

- Minsk-2019 II Avropa Oyunlarında 7 gün arxada qalıb. Yarış necə keçir?
- Avropa Oyunlarının gedişi bizi sevindirir. Önəmli olan budur ki, Azərbaycanda başlayan proses özünün davamını tapıb. Keçən günlər ərzində insanların bu idman yarışlarına olan marağın yüksək olduğunu gördük. Bu o deməkdir ki, Bakıda başlayan ənənə davam edəcək. Ən önəmli olan budur. Narahat dünyamızda sülhə, bərabərliyə, qardaşlığa böyük ehtiyac var. İdman sülhün carçısı və təmsilçisidir. Bu proses insanları bir-birinə yaxınlaşdırır və daha yaxın edir. Pisliyi, nifrəti unutmağa çalışdırır. Ona görə də Bakıda başlayan və cənab prezidentimiz İlham Əliyevin başlatdığı ənənənin uğurla davam etməsi bu nöqteyi nəzərdən bizi çox sevindirir.

- Minskdə II Avropa Oyunlarının startından öncə - iyunun 20-də Azərbaycan günü təşkil olundu. Bu tədbirin təşkilində nə kimi rolunuz oldu?
- Bu ənənə, fan-zonadakı konsert proqramı Azərbaycanla başlanıldı. Tünzalə Ağayeva ölkəmizi yüksək səviyyədə təmsil etdi. Bizim çadırımız burada son günlərdə görsənənlər arasında ən çox fərqlənən və daha çox özünə iştirakçı cəlb edən çadırlardan idi. Azərbaycanın çox sayda şirniyyat məhsulları, mədəniyyət və incəsənət nümunələri həmin çadırda nümayiş olundu. Bu baxımdan buradakı yerli vətəndaşları və əcnəbiləri özünə cəlb etdi. Bizim çadır çox maraqlı idi və orijinallığı ilə seçilirdi. Bu çadırın hazırlanmasına həm Gənclər və İdman Nazirliyini, həm də Mədəniyyət Nazirliyini cəlb eləmişdik. Ona görə də, səfirliklə birlikdə uğurlu və son dərəcə maraqlı ekspozisiya düzəldə bilmişdik. Bu, xalqımız haqqında yetərincə təsəvvür yaratmağa imkan verirdi.

- Vaxtı ilə Bakı-2015-də işləmiş, hazırda Minsk-2019-un Əməliyyat Komitəsində çalışan azərbaycanlılar da var. Bizim təcrübə onlara nə dərəcədə faydalı oldu?
- Bakıdakı təcrübəmizi yarışlar başlayana kimi belaruslularla bölüşdük. Onlar da bizə çox minnətdar olduqlarını bildirdilər. Qeyd etdilər ki, Azərbaycan bizə mümkün olan hər bir dəstəyi verdi. Azərbaycandan gələn xüsusi qrup var idi. Həmin təşkilat məsələlərində yaxından köməklik göstərdilər. Hazırda da təşkilatçılıq işlərində azərbaycanlılar iştirak edir. Azərbaycandan Minskə çox sanballı nümayəndə heyəti gəlmişdi. Milli Məclisin sədri Oqtay Əsədov açılışda iştirak etdi. Baş nazirin birinci müavini Yaqub Eyyubov da burada idi. Açılış mərasiminə Leyla xanım Əliyeva da qatılmışdı. Kifayət qədər nüfuzlu nümayəndə heyətimiz var idi. Belarus tərəfi də minnətdarlıq bildirdi ki, biz hər bir mərhələdə, oyunların həm açılışında, hazırlıq mərhələsində və gedişində onlara yaxından kömək etdik. Bu da təbiidir. Çünki bizim dövlətlərimiz arasında son dərəcə qardaşlıq və dostluq münasibətləri var. Prezidentlərarası münasibət isə dövlətlərarası münasibətə nümunə olan bir örnəkdir. Ona görə də Azərbaycana burada xüsusi hörmət və diqqət var. Burada bizim Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti iştirak edir. MOK-dan xüsusi heyət də qatılmışdı. Azərbaycan Velosiped İdmanı Federasiyanın vitse-prezidenti Sahib Ələkbərov da Minskdə idi. O, Avropa təşkilatının rəhbər üzvlərindən biri kimi burada müşahidə prosesində iştirak edirdi. Düşünürəm ki, Azərbaycan idmanı düzgün yoldadır və inkişaf edir. Bizim beynəlxalq aləmdə nüfuzumuz artır. Mədəniyyət, incəsənət və idman dünyada ölkələrin nüfuzunu müəyyənləşdirən düzgün istiqamətdir. Ölkəmizdə aparılan siyasət də məhz buna xidmət edir. Ölkəmizi və onun problemlərini çatdırmaq baxımından son dərəcə vacibdir. Bu proses uğurla həyata keçirilir.

- Belarusda nə qədər azərbaycanlı var və onların Avropa Oyunlarına marağı necədir?
- Rusiyadakı qədər deyil. Rəsmi qeydiyyatda olan 3 mindir. Qeyri-rəsmi isə 8-10 min arasında azərbaycanlılar yaşayır.

- Onlar əsasən nə ilə məşğuldur?
- Əsasən ticarət, kommersiya sahəsində çalışırlar.

- Yüksək vəzifədə işləyənlər varmı?
- Bəli. Bir neçə nəfər var. Tikinti və kommersiya sahələrində yüksək vəzifələrdə çalışanlar var. Lakin onlar azlıq təşkil edir.

- Belarus Güləş Federasiyanın prezidenti də azərbaycanlıdır...
- Azərbaycan diasporunun başçısı Natiq Bağırov dünya çempionumuzdur. Belarusun Güləş Federasiyanın rəhbəri Kamandar Məcidovdur. Bunlar hamısı qürurvericidir.

- Uzun müddət Belarusda yaşamış Zabit Səmədovu da qeyd etmək olar.
- Elədir. O, buradakı idmançı karyerasını bitirdi və Bakıya döndü. Cənab prezident tərəfindən ona dəstək verildi. Öz məktəbini açdı. Düşünürəm ki, burada kifayət qədər tanınmış şəxslərimiz var. Azərbaycanlılar burada sülhsevər, zəhmətkeş və çalışqan bir millət kimi tanınırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR