Bakı-2019: Cüdo üzrə Azərbaycan millisi daha bir medal qazanıb - YENİLƏNİB

Bakı-2019: Cüdo üzrə Azərbaycan millisi daha bir medal qazanıb - YENİLƏNİB
# 25 iyul 2019 17:55 (UTC +04:00)

Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalında cüdo yarışlarında ikinci günün görüşləri davam edir.

APA-nın məlumatına görə, bu idman növündə bir gün öncə 1 qızıl və 2 bürünc medal qazanan Azərbaycan yığması daha 1 mükafata sahib olub.

Komandamızın heyətində Vüqar Talıbov çempionluğa yaxın olsa da, finalda məğlubiyyətə üzülüb. 73 kq çəkidə mübarizə aparan cüdoçu italiyalı Luici Sentraççio ilə bacarmayıb. Festivalda Azərbaycan millisinin bayraqdarı olan V. Talıbov ipponla uduzaraq, ikinci yeri tutub.

66 kq çəkidə yarışan Mətin Rzazadə isə medalın bir addımlığında büdrəyib. O, üçüncü yer uğrunda qarşılaşmada macarıstanlı Daniel Zeqediyə ipponla məğlub olaraq, 5-ci yeri tutub.

Yığmamızın digər üzvü Aytac Qardaşxanlı (57 kq) da bürünc medal döyüşündə ümidləri doğrultmayıb. O, almaniyalı Samira Bokla dueldən məğlub ayrılıb.

Beləliklə, Azərbaycan millisinin Bakı-2019-dakı medallarının sayı 20-yə çatıb. Bu mükafatlardan 9-u qızıl, 6-sı gümüş və 5-i bürüncdür.

***

Saat. 14:57

Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalında cüdo yarışları davam edir.

APA-nın məlumatına görə, ikinci yarış günündə Azərbaycan millisinin daha 3 üzvü mübarizəyə qoşulub.

Onlardan biri finala yüksəldiyi halda, digər ikisi bürünc medal üçün qüvvəsini sınayacaq.

Cüdoçularımızdan Aytac Qardaşxanlı (57 kq) ilk görüşündə Eirka Vauhkonenlə (Finlandiya) üz-üzə gəlib. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. O, startda olduğu kimi, 1/8 və 1/4 finalda da ipponla qalib gəlib. A. Qardaşxanlı müvafiq olaraq, İsobel Kitçen (Böyük Britaniya) və Florentina İvaneskunu (Rumıniya) da vaxtından əvvəl məğlub edib.

Həmyerlimiz yarımfinalda rusiyalı Kseniya Qalitskaya ilə güləşib və uğurlu seriyanı davam etdirə bilməyib. O, mübarizəni 3-cü yer uğrunda davam etdirəcək. Təmsilçimizin rəqibi almaniyalı Samira Bok olacaq.

Vüqar Talıbov (73 kq) da ilk iki görüşündə asan qələbə qazanıb. O, 1/8 finalda belaruslu Denis Yavseyenkanı 93, 1/4 finalda Adam Kopeçkunu (Çexiya) 38 saniyəyə məğlub edib.

Festivalda millinin bayraqdarı olan cüdoçu final üçün türkiyəli Musa Şimşəklər qarşılaşıb. Bu dəfə 27 saniyəyə ipponla qalib gələn idmançı həlledici görüşdə italiyalı Luici Sentraççionu sınağa çəkəcək.

66 kq çəki dərəcəsində qüvvəsini sınayan Mətin Rzazadə debütdə Elquya Şinçaraşvilini (Gürcüstan) ippona salsa da, 1/4 finalda Sayxan Şabixanova (Rusiya) uduzub.

Cüdoçumuz təsəlliverici görüşdə kosovolu Festim Beqiri ilə gücünü yoxlayıb. Rəqibindən üstün olan M. Rzazadə bürünc medal üçün macarıstanlı Daniel Zeqedi ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Azərbaycan cüdoçuları 1 gün öncə 1 qızıl və 2 bürünc medal qazanıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR