Bakı-2019: Avropa Gənclər Yay Olimpiya Festivalının bağlanış mərasimi keçirilib - FOTOSESSİYA - YENİLƏNİB

Bakı-2019: Avropa Gənclər Yay Olimpiya Festivalının bağlanış mərasimi keçirilib - FOTOSESSİYA - YENİLƏNİB
# 27 iyul 2019 21:21 (UTC +04:00)

Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalına yekun vurulub.

APA-nın məlumatına görə, yarışın rəsmi bağlanış mərasimi Bakı Kristal Zalında keçirilib.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca iştirakçı 48 ölkənin bayrağının keçidi olub, 21-27 iyulda Bakıda keçirilən yarışla bağlı videoçarx nümayiş edilib.

Daha sonra Azərbaycan Respublikası baş nazirinin birinci müavini, Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin rəhbəri Yaqub Eyyubov çıxış edib. O, Azərbaycan xalqını, medal qazanan idmançıları və onların məşqçilərini təbrik edib: "Yüksək əhval-ruhiyyə və mehriban mübarizə şəraitində keçən Avropa Gənclər Yay Olimpiya Festivalı başa çatır. Bu Festivalın yüksək səviyyədə təşkili bir daha Azərbaycanın nəhəng yarışlara məharətlə ev sahibliyi etməsinin sübutdur. İlk növbədə cənab Prezident İlham Əliyevə təşəkkür edirəm. Azərbaycan gənclər festivalları tarixində ən böyük uğurlarını məhz Bakıda əldə etdilər. Təbii ki, nəticəsindən asılı olmayaraq, yarışa qatılan hər bir idmançını da təbrik edirəm. Festivalda iştirakın özü bir qələbədir".

Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqard isə yarışı yüksək səviyyədə keçirdiyi üçün Azərbaycana təşəkkür edib: "Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının maraqlı həftəsini keçirdik. Bu, Avropa idmanının, qitəmizin ən yaxşı gənc idmançılarının bayramı oldu. Bütün idmançıları təbrik edirəm. Ümidvaram ki, burada əldə olunan təcrübə gələcəkdə həm idman, həm də digər sahələrdə onların köməyinə gələcək. Azərbaycanlı dostlarımıza və təşkilatçılara minnətdarıq. Könüllülərə xüsusi təşəkkür edirəm. Avropa Festivalı gənclərin bayramıdır. Əldə olunan nəticələr daim yaddaşlarda qalacaq. İdman müxtəlif xalqları birləşdirməyə qadir bir qüvvədir. Sağ ol, Bakı! Sağ ol, Azərbaycan!".

Ardınca Y. Eyyubov, N.Nayqard və Avropa Gənclər Yay Olimpiya Festivalının növbəti ev sahibi - Slovakiyanın Banski Bistritsa şəhərinin meri Yan Noskonun iştirakı ilə Avropa Olimpiya Komitələrinin bayrağı endirilib və qonağa təqdim olunub.

Slovakiyanın Dövlət Himni səsləndikdən sonra Y.Nosko çıxış edərək, Banski Bistritsanın özəlliklərindən söz açıb: "Yaxşı bir ideyam var. Mən sizi öz cazibədarlığı ilə seçilən bir məkana dəvət etmək istəyirəm. Kiçik bir yer olsa da, orda böyük potensial gizlənir. Zdeno Kara kimi idmançılar orada dünyaya göz açıblar. Şəhər Slovakiyanın tam mərkəzində yerləşir və ora hər bir yerə yaxındır. Olimpiya və dünya çempionlarının şəhəridir. Futbolçu Marek Hamşek, biatlonçu Anastasiya Kuzminova bu şəhərdə doğulublar".

Mərasim bədii hissə ilə davam etdirilib.

Növbəti - XVI Avropa Gənclər Yay Olimpiya Festivalı 24 iyul - 1 avqust 2021-ci ildə keçiriləcək.

Qeyd edək ki, yeddi gün keçirilən Bakı-2019-da 14-18 yaşlı atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayıblar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərib.

Azərbaycan idmançıları Festivalda 23 medal - 10 qızıl, 7 gümüş və 6 bürünc qazanıblar. Bu medallar üç idman növünə təsadüf edib. Yığmamız güləşdə 16 (8 qızıl, 5 gümüş, 3 bürünc), cüdoda 6 (2 qızıl, 1 gümüş, 3 bürünc) , idman gimnastikasında 1 (1 gümüş) mükafata yiyələnib. Bu göstərici ilə Azərbaycan Bakı-2019-u 4-cü pillədə başa vurub.

38 ölkənin düşə bildiyi medal siyahısında Rusiya birinci olub.

***

Saat. 20:30

Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalına yekun vurulur.

APA-nın məlumatına görə, yarışın rəsmi bağlanış mərasimi Bakı Kristal Zalında keçirilir.

Yeddi gün davam edən Bakı-2019-da 14-18 yaşlı atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayıblar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərib.

Azərbaycan idmançıları Festivalda 23 medal - 10 qızıl, 7 gümüş və 6 bürünc qazanıblar. Bu medallar üç idman növünə təsadüf edib. Yığmamız güləşdə 16 (8 qızıl, 5 gümüş, 3 bürünc), cüdoda 6 (2 qızıl, 1 gümüş, 3 bürünc) , idman gimnastikasında 1 (1 gümüş) mükafata yiyələnib. Bu göstərici ilə Azərbaycan Bakı-2019-u 4-cü pillədə başa vurub.

38 ölkənin düşə bildiyi medal siyahısında Rusiya birinci olub.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR