Bakı-2019: Azərbaycan millisi son günü medalsız başa vurub - YENİLƏNİB-1

Bakı-2019: Azərbaycan millisi son günü medalsız başa vurub - YENİLƏNİB-1
# 27 iyul 2019 14:59 (UTC +04:00)

Azərbaycan millisi Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında çıxışını başa vurub.

APA-nın məlumatına görə, yarışdakı sonuncu təmsilçilərimiz qarışıq komandaların mübarizəsində çıxış edən cüdoçularımız olub.

1/8 finalda Gürcüstana 3:4 hesabı ilə uduzub, təsəlliverici mərhələyə Hollandiya üzərində 4:2 hesablı qələbə ilə başlayan yığmamızın növbəti rəqibi İtaliya olub. Bürünc medal uğrunda qarşılaşmaya vəsiqə üçün üz-üzə gələn rəqiblərin duelində apenninlilər seviniblər.

Belə ki, qarşılaşma 3:3 hesabı ilə nəticələnib. Aytac Qardaşxanlı (63 kq) Veronika Tonioloya, Nərmin Əmirli (+63 kq) Erika Simonettiyə, Turan Bayramov (60 kq) Vinçentso Skenderiyə uduzsa da, Məhərrəm İmamverdiyev (80 kq), Hüseyn Məmmədov (+81 kq) və Səbinə Əliyevanın (48 kq) qələbələri tarazlıq yaradıb. Onlar Luici Sentrokacio, Jan Karletti və Karlotta Avanzatoya qalib gəliblər. Həlledici əlavə görüşdə A.Qardaşxanlı yenidən uduzub. Bununla da yığmamız yarışı mükafatsız başa vurub.

Beləliklə, Azərbaycan idmançıları festivalda mübarizəni başa vurublar. Yığmamız yarışda 23 medal qazanıb. Bunlardan 10-u qızıl, 7-si gümüş, 6-sı bürünc olub. Komandamızın heyətində güləşçilər (8 qızıl, 5 gümüş, 3 bürünc), cüdoçular (2 qızıl, 1 gümüş, 3 bürünc) və gimnast (1 gümüş) fərqləniblər.

14:07

Avropa Gənclər Yay Olimpiya Festivalının son günündə yarışlar davam edir.

APA-nın məlumatına görə, cüdoçuların qarışıq komanda yarışlarında növbəti qarşılaşmalar baş tutub.

Azərbaycan millisi təsəlliverici mərhələdə Hollandiya ilə görüşüb. Yığmamız bu dueldə 4:2 hesabı ilə qalib gələrək bürünc medal şansını qoruyub.

Komandamızın heyətində Turan Bayramov (60 kq), Vüqar Talıbov (81 kq), Hüseyn Məmmədov (+81 kq) və Səbinə Əliyeva (48 kq) qələbə qazanıblar. Onlar müvafiq olaraq, Laurens Vilms, İan Van Herk, Aksel Heren və İndi Quşalka qalib gəliblər. Aytac Qardaşxanlı (63 kq) Coanna Van Lishouta, Nərmin Əmirli (+63 kq) Yael Qertruda Van Himstə uduzub.

Millimiz təsəlliverici mərhələnin ikinci görüşündə İtaliya ilə qarşılaşacaq.

Qeyd edək ki, yığmamız 1/8 finalda Gürcüstana 3:4 hesabı ilə məğlub olmuşdu.

***

Saat. 12:10

Avropa Gənclər Yay Olimpiya Festivalında cüdoçuların qarışıq komanda yarışları başlayıb.

APA-nın məlumatına görə, mübarizəyə 1/8 finaldan başlayan Azərbaycan yığması Gürcüstanla qarşılaşıb.

6 görüş qalibi müəyyənləşdirməyib – 3:3. Yığmamızın qız üzvləri Səbinə Əliyeva (48 kq), Aytac Qardaşxanlı (63 kq) və Nərmin Əmirli (+63 kq) rəqiblərinə qalib gəliblər. Onlar müvafiq olaraq Diana Qoqoşidze-Filkina, Mariami Lapaçişvili və Qvantsa Xomçişvilini məğlub ediblər.

Oğlan cüdoçularımız isə uğursuzluğa düçar olublar. Turan Bayramov (60 kq) Kote Kapanadzeyə, Vuqar Talıbov (81 kq) Akaki Caparidzeyə, Hüseyn Məmmədov (+81 kq) Qiqa Tatiaşviliyə uduzub.

1/4 finalçının taleyini əlavə qarşılaşmada aydınlıq gəlib. T.Bayramov (60 kq) K.Kapanadzeyə ikinci dəfə uduzub. Nəticədə yığmamız 3:4 hesabı ilə məğlub olaraq çempionluq şansını itirib.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR