Bakı-2019: Əməliyyat Komitəsi diplomatik nümayəndəliklərin rəhbərləri üçün brifinq keçirib

Bakı-2019: Əməliyyat Komitəsi diplomatik nümayəndəliklərin rəhbərləri üçün brifinq keçirib
# 19 iyun 2019 14:02 (UTC +04:00)

Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və Azərbaycan Xarici İşlər Nazirliyinin birgə əməkdaşlığı ilə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri üçün brifinq təşkil edilib.

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, tədbirdə 36 ölkədən 40-a yaxın nümayəndə iştirak edib.

Əməliyyat Komitəsinin nümayəndələri Bakı-2019-un keçirilməsinə az bir zamanın qaldığı vaxtda ümumilikdə görülmüş işlər haqqında məlumat verib, protokol, təhlükəsizlik və akkreditasiya sahələrinə dair yeniliklər barədə diplomatik korpusun üzvləri qarşısında təqdimatlarla çıxış ediblər.

Azərbaycan gənclər və idman naziri Azad Rəhimov çıxışında bildirib ki, sadəcə idmanının inkişafı ilə deyil, eyni zamanda, ölkəmizdə keçirilən mötəbər idman tədbirlərinin möhtəşəmliyi ilə də qürur duyur: “Əbəs yerə Azərbaycan dünyada idman ölkəsi kimi tanınmır. Sayca 15-ci dəfə keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı gənc idmançıların dostluq və həmrəylik bayramıdır. Ümid edirik ki, qarşıdan gələn festivalın da yüksək səviyyədə təşkili idmançılarımız arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcək".

Sonra Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəhbəri Pərvin Mirzəzadə çıxış edib.

Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR