Elçin Əsədov ardıcıl 6-cı dəfə Azərbaycan çempionu olub

Elçin Əsədov ardıcıl 6-cı dəfə Azərbaycan çempionu olub
# 02 iyul 2019 17:06 (UTC +04:00)

Şosse velosipedinin fərdi və qrup ötüşməsi üzrə elit və U-23 kateqoriyalı idmançılar arasında Azərbaycan çempionatı keçirilib.

APA-nın məlumatına görə, Gənclər və İdman nazirliyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışda klub və cəmiyyətlərin 40-a yaxın üzvü mübarizə aparıb.

Qala qəsəbəsində keçirilən 24 km məsafəyə fərdi ötüşmə yarışında Azərbaycan yığmasının lideri Elçin Əsədov bütün rəqiblərini qabaqlayıb. Ukraynanın “Lvov” kontinental klubunun üzvü məsafəni 28 dəqiqə 16 saniyə göstərici ilə 1-ci yeri tutub. Bu, E.Əsədovun fərdi ötüşmə yarışında ardıcıl 6-cı Azərbaycan çempionluğudur.

Belarusun “Minsk” kontinental komandasında çıxış edən Samir Cəbrayılov və Dünya Velosiped Mərkəzində təlim keçən Musa Mikayılzadə isə müvafiq olaraq 29 dəqiqə 58 saniyə və 31 dəqiqə göstərici ilə sonrakı iki yerdə qərarlaşıblar.

Xızı rayonunda təşkil edilən qrup ötüşməsində də ilk üçlük dəyişməyib. 162 km məsafəni 4 saat 30 dəqiqə 15 saniyəyə qət edən E.Əsədov ən yaxın izləyicisi S.Cəbrayılovu 16 saniyə qabaqlayıb. M.Mikayılzadə finiş xəttini 3-cü keçib.

Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) göndərilib və tutulan yerlərə uyğun olaraq qazanılan xallar həm idmançıların, həm də ölkəmizin reytinq cədvəlində öz əksini tapacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR