Milli Olimpiya Komitəsində “Zəfər günləri” keçirilib - FOTOSESSİYA

Milli Olimpiya Komitəsində “Zəfər günləri” keçirilib - FOTOSESSİYA
# 29 iyul 2019 12:08 (UTC +04:00)

Bu gün Milli Olimpiya Komitəsində (MOK) “Zəfər günləri” layihəsi çərçivəsində növbəti tədbir təşkil olunub.

APA-nın məlumatına görə, qurumun inzibati binasında Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında medal qazanan idmançılar və onların ailə üzvləri ilə görüş keçirilib.

Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil naziri Ceyhun Bayramov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə ilə Xəzər İsayev, baş katib Ağacan Abiyev, baş katibin müavini Azər Əliyev və digər rəsmilər iştirak ediblər.

Əvvəlcə idmançıların zəfər anlarını xatırladan videoçarx nümayiş olunub. Ardınca MOK-un vitse-prezidenti Ç. Hüseynzadə mükafatçıları təbrik edib. O bildirib ki, Azərbaycan növbəti dəfə öz qonaqpərvərliyi və təşkilatçılıq bacarığı ilə bütün Avropanı heyran edib: "Bu gün ölkə idmanının yeni qələbəsini qeyd edirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük idman tədbirləri keçirilib. Buna misal kimi Avropa Oyunlarını, İslamiadanı qeyd edərdim. Bütün mükafatçıları təbrik edirəm".

Gənclər və İdman naziri A. Rəhimov Azərbaycanın festivalı yüksək səviyyədə keçirdiyini vurğulayıb: “Mükafatçılar bir daha bir sübut etdilər ki, Azərbaycan idman ölkəsidir. 15-ci dəfə keçirilən bu festivalda komandamız ilk dəfə 4-cü pillədə qərarlaşdı. Bu da o deməkdir ki, gənc idmançılar arasında da gələcəyin ulduzları var. Çalışıb onları itirməməliyik. Festival çərçivəsində 3 proqram həyata keçirdik. Onların hər biri bizim üçün önəmli idi. Azərbaycan festivalı yüksək səviyyədə təşkil etdi. Sevindirici haldır ki, yarış zamanı heç bir problem yaşanmadı".

Təhsil naziri Ceyhun Bayramov Azərbaycanın növbəti dəfə böyük idman tədbirini yüksək səviyyədə təşkil etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan komandasının 48 ölkə arasında 4-cü yeri tutması bir daha sübut etdi ki, idmana peşəkar səviyyədə diqqət göstərilir. Nazir festivalın keçirilməsində verdiyi dəstəyə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də təşkilatçılara təşəkkür edib.

Daha sonra medalçılar mükafatlandırılıb.

Bəzi idmançılar yarışlarda olduqları üçün mükafatlandırmaya qatılmayıblar. Tədbirdə incəsənət xadimləri də çıxış ediblər.

"Zəfər günləri" layihəsi Bakı-2015 I Avropa Oyunları və Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında da həyata keçirilib.

Qeyd edək ki, yeddi gün keçirilən Bakı-2019-da Azərbaycan idmançıları 23 medal - 10 qızıl, 7 gümüş və 6 bürünc qazanıblar. Bu mükafatlar üç idman növündə əldə olunub. Milli komanda güləşdə 16 (8 qızıl, 5 gümüş, 3 bürünc), cüdoda 6 (2 qızıl, 1 gümüş, 3 bürünc), idman gimnastikasında 1 (1 gümüş) mükafata yiyələnib. Bu göstərici ilə Azərbaycan Bakı-2019-u 4-cü pillədə başa vurub. 38 ölkənin düşə bildiyi medal siyahısında isə Rusiya birinci olub.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR