Minsk-2019: Azərbaycanın 2 idmançısı qızıl, 2-si bürünc üçün güləşəcək - YENİLƏNİB-3 - FOTOSESSİYA

Minsk-2019: Azərbaycanın 2 idmançısı qızıl, 2-si bürünc üçün güləşəcək - YENİLƏNİB-3 - FOTOSESSİYA
# 27 iyun 2019 19:45 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışlarında günün yarımfinal qarşılaşmalarına yekun vurulub.

APA-nın Minskə ezam olunmuş məlumatına görə, 76 kq çəki dərəcəsində finala vəsiqələr uğrunda mübarizə aparan qadın güləşçilər xalça üzərinə çıxıblar.

Azərbaycan təmsilçisi Səbirə Əliyeva almaniyalı Frensi Raedeltlə üz-üzə gəlib. İlk xalı güləşçimiz qazansa da, üstünlüyünü saxlaya bilməyib.

O, bürünc medal uğrunda mübarizə aparacaq. S.Əliyevanın mükafat uğrunda görüşə sabah çıxacaq.

Qeyd edək ki, bu gün mübarizəyə başlayan digər qadın güləşçilərimizdən Mariya Stadnik (50 kq) və Elmira Qəmbərova (62 kq) finala, Alyona Kolesnik (57 kq) təsəlliverici görüşə vəsiqə əldə edib.

***

Saat. 19:32

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışlarında növbəti qarşılaşmalar keçirilib.

APA-nın Minskə ezam olunmuş məlumatına görə, 62 kq çəki dərəcəsində mübarizə aparan qadın güləşçilər yarımfinal görüşlərinə çıxıblar.

Azərbaycan təmsilçisi Elmira Qəmbərova rumıniyalı Krista İnçe ilə üz-üzə gəlib. İlk xalı rəqib qazansa da, güləşçimiz əzmkarlıq nümayiş etdirib.

İlk hissədə qazandığı 2 xalla önə keçən təmsilçimiz görüşü qələbə ilə başa vurub – 4:1. Bu qələbə sayəsində E. Qəmbərova finala adlayıb.

Bununla da Avropa Oyunlarının ən azı gümüş medalını təmin edən güləşçimiz sabah həlledici qarşılaşmaya çıxacaq. Onun rəqibi ukraynalı Yuliya Tkaç olacaq.

57 kq çəki dərəcəsində baş tutan yarımfinal qarşılaşmaları isə Azərbaycan təmsilçisi Alyona Kolesnik üçün sevindirici nəticələr qeydə alınıb. Güləşçimizin uduzduğu bolqarıstanlı Mimi Xristova finala yüksəldiyi üçün idmançımız təsəlliverici görüşlərə vəsiqə əldə edib. O, İtaliya təmsilçisi Françeska İndelikato ilə qarşılaşacaq.

Qeyd edək ki, bu gün mübarizəyə başlayan qadın güləşçilərimizdən Mariya Stadnik (50 kq) finala yüksəlib. Səbirə Əliyeva (76 kq) isə yarımfinalda almaniyalı Frensi Raedeltlə qüvvəsini sınayacaq

***

Saat. 19:12

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışlarında növbəti qarşılaşmalar keçirilib.

APA-nın Minskə ezam olunmuş məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan qadın güləşçilər yarımfinal görüşlərinə çıxıblar.

Azərbaycan təmsilçisi Mariya Stadnik türkiyəli Evin Demirhanla üz-üzə gəlib. Böyük üstünlüklə qalib gələn güləşçimiz finala yüksəlib.

Sabah keçiriləcək həlledici qarşılaşmada onun rəqibi ukraynalı Oksana Livaç olacaq.

Qeyd edək ki, bu gün mübarizəyə başlayan daha 2 qadın güləşçimiz yarımfinal görüşünə çıxacaq. Elmira Qəmbərova (62 kq) rumıniyalı Krista İnçe ilə, Səbirə Əliyeva (76 kq) almaniyalı Frensi Raedeltlə qüvvəsini sınayacaq

***

Saat. 14:22

Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarında qadın güləşçilərin yarışı davam edir.

APA-nın məlumatına görə, bu gün xalça üzərinə çıxan 4 çəki dərəcəsində 1/4 final qarşılaşmaları keçirilib.

Azərbaycan yığmasının dörd üzvü yarımfinala vəsiqə uğrunda mübarizə aparıb. Onlardan üçü finalın bir addımlığına irəliləməyə nail olub.

Yarışa 1/4 finaldan başlayan Mariya Stadnikin (50 kq) Anna Lukasiak (Polşa) üzərində asan qələbə qazanıb. O, 40 saniyəyə 10:0 hesablı üstünlük əldə edib. M.Stadnik Bakı vaxtı ilə saat 19:00-da başlayacaq yarımfinalda türkiyəli Evin Demirhanla üz-üzə gələcək.

Alyona Kolesnik (57 kq) Mimi Xristovaya (Bolqarıstan) uduzub – 0:6. Güləşçimiz təsəlliverici görüşlərə qatılmaq üçün rəqibinin finala yüksəlməsini gözləməlidir.

Elmira Qəmbərova (62 kq) polşalı Katarjina Madrovska ilə görüşdə qalib gəlib – 9:0. Təmsilçimiz yarımfinalda rumıniyalı Krista İnçe ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:20-də başlayacaq.

Səbirə Əliyeva (76 kq) böyük britaniyalı Corcina Neltorp üzərində qələbə qazanıb – 8:2. Güləşçimiz saat 19:30-də başlayacaq yarımfinalda almaniyalı Frensi Raedeltlə üz-üzə gələcək.

***

Saat. 13:26

Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarında güləş yarışlarının üçüncü günü başlayıb.

APA-nın məlumatına görə, bu gün qadın güləşçilər 4 çəki dərəcəsində güclərini yoxlayırlar.

Azərbaycan yığmasının 4 üzvü xalça üzərinə çıxacaq. Onlardan üçü yarışa 1/8 finaldan başlayıb.

57 kq kq çəki dərəcəsində mübarizə aparan Alyona Kolesnik macarıstanlı Ramona Qalambosu 10:0 hesabı ilə məğlub edib. O, 1/4 finalda Mimi Xristova ilə görüşəcək. Qarşılaşma Bakı vaxtı ilə 14:20-də start götürəcək.

Elmira Qəmbərova (62 kq) Luzi Manke (Almaniya) ilə qarşılaşıb. 4:0 hesabı ilə qələbə qazanan güləşçimiz 1/4 finala çıxıb. Saat 14:40-da başlayacaq görüşdə onun rəqibi polşalı Katarjina Madrovska olacaq.

Səbirə Əliyeva (76 kq) Aykaterinierini Pitsiava (Yunanıstan) ilə üz-üzə gəlib. 9:0 hesabı ilə qalib gələn güləşçimiz 1/4 finala vəsiqə qazanıb. O, saat 14:50-də başlayacaq mərhələdə böyük britaniyalı Corcina Neltorp ilə münasibətlərini aydınlaşdıracaq.

Komandamızın lideri Mariya Stadnikin (50 kq) ilk rəqibi də müəyyənləşib. 1/8 final mərhələsindən azad olan təmsilçimizin rəqibi Liuzzi (İtaliya) - Anna Lukasiak (Polşa) cütündə bəlli olub. 8:0 hesablı qələbə qazanan polşalı M.Stadniklə üz-üzə gələcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 14:10-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR