Minsk-2019: Azərbaycan güləşçisi medalın bir addımlığında büdrəyib

Minsk-2019: Azərbaycan güləşçisi medalın bir addımlığında büdrəyib
# 26 iyun 2019 20:57 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında sərbəst güləşçilərin medal qarşılaşmaları davam edir.

APA-nın Minskə ezam olunmuş məlumatına görə, 86 kq dərəcəsində bürünc medal uğrunda görüşlər keçirilib.

Azərbaycan təmsilçisi Aleksandr Qostiyev mükafat uğrunda qarşılaşmasına çıxıb. O, San-Marino güləşçisi Mayls-Nazem Amin ilə görüşüb.

Cırtdan ölkə təmsilçisi ilə qarşılaşmaya fəal başlayan idmançımız hesabda önə keçsə də, rəqib tarazlıq yaradıb. Nəticədə görüş 3:3 hesabı ilə başa çatıb. Hakimlər qələbəni daha fəal olan rəqibə veriblər.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Mahir Əmiraslanov (57 kq) II Avropa Oyunlarının çempionu adını qazanıb, Hacımurad Hacıyev (74 kq) bürünc mükafata yiyələnib. Bu gün daha bir güləşçimiz medal uğrunda mübarizə aparacaq. Camaləddin Məhəmmədov (125 kq) bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Hacı Əliyev (65 kq) və Nurməhəmməd Hacıyev (97 kq) isə sabah finalda çempion adı uğrunda güləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR