Minsk-2019: Azərbaycanın bir güləşçisı qızıl, üçü bürünc şansı qazanıb - YENİLƏNİB-3 - FOTOSESSİYA

Minsk-2019: Azərbaycanın bir güləşçisı qızıl, üçü bürünc şansı qazanıb - YENİLƏNİB-3 - FOTOSESSİYA
# 25 iyun 2019 20:27 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının sərbəst güləş yarışları davam edir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 125 kq çəki dərəcəsində yarımfinal qarşılaşmaları keçirilib.

Azərbaycan yığmasının güləşçisi Camaləddin Məhəmmədov (125 kq) finala vəsiqə uğrunda mübarizə aparıb. O, gürcüstanlı Givi Matçaraşvili ilə görüşüb.

Güləşçimiz finala vəsiqə şansından yararlana bilməyərək uduzub. O, bürünc medal uğrunda mübarizə aparacaq. Təmsilçimizin sabahki rəqibi təsəlliverici qarşılaşmalarda müəyyənləşəcək.

Qeyd edək ki, görüşləri bu gün keçirilən digər üç çəki dərəcəsindəki təmsilçilərimiz də sabah keçiriləcək həlledici qarşılaşmalara vəsiqə qazanıblar. Mahir Əmiraslanov (57 kq) finalda qızıl medal uğrunda mübarizə aparacaq. Aleksandr Qostiyev (86 kq) bürünc medal uğrunda, Hacımurad Hacıyev (74 kq) təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq.

***

Saat. 20:14

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının sərbəst güləş yarışlarında daha bir çəki dərəcəsində yarımfinal qarşılaşmaları baş tutub.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan yığmasının güləşçisi Aleksandr Qostiyev finala vəsiqə uğrunda mübarizə aparıb.

86 kq çəki dərəcəsində çıxış edən idmançımız rusiyalı Dauren Kuruqliyevlə üz-üzə gəlib. Xalçanı məğlubiyyətlə tərk edən güləşçimiz sabah bürünc medal uğrunda mübarizə aparacaq.

Yarımfinal qarşılaşmaları Hacımurad Hacıyev (74 kq) üçün medal qazanmaq şansı yaradıb. Onun 1/8 finalda uduzduğu türkiyəli Sönər Dəmirtaş finala vəsiqə qazanıb. Bu da təmsilçimizə təsəlliverici görüşlərdə iştirak hüququ verib. İdmançımız bürünc medal uğrunda qarşılaşmaya vəsiqə uğrunda Yunanıstan təmsilçisi Kirilos Binenmpaounla qarşılaşacaq.

Qeyd edək ki, bu gün daha bir güləşçimiz yarımfinal qarşılaşmasına çıxacaq. Camaləddin Məhəmmədov (125 kq) gürcüstanlı Givi Matçaraşvili ilə görüşəcək. Mahir Əmiraslanov (57 kq) isə artıq finala vəsiqə qazanıb.

***

Saat:19:24

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarınin sərbəst güləş yarışlarında yarımfinal mərhələsinə start verilib.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 57 kq çəki dərəcəsində finala vəsiqələr uğrunda mübarizə başlayıb. Azərbaycan yığmasının güləşçisi Mahir Əmiraslanov (57 kq) xalça üzərinə çıxıb. O, rusiyalı Zavur Uquyevlə üz-üzə gəlib. Qalib gələn idmançımız finala yüksəlib.

Pəhləvanımız sabah keçiriləcək həlledici qarşılaşmada serbiyalı Stevan Miçiçlə üz-üzə gələcək.

Qeyd edək ki, bu gün daha iki güləşçimiz yarımfinal qarşılaşmasına çıxacaq. Aleksandr Qostiyev (86 kq) rusiyalı Dauren Kuruqliyevlə, Camaləddin Məhəmmədov (125 kq) gürcüstanlı Givi Matçaraşvili ilə görüşəcək.

***

Saat. 14:12

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında sərbəst güləş yarışlarının 1/4 final mərhələsinin görüşləri keçirilib.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan yığmasının üç güləşçisi də yarımfinala vəsiqə uğrunda mübarizə aparıb.

Mahir Əmiraslanov (57 kq) makedoniyalı Vladimir Yeqorovla görüşüb. 4:0 hesablı qələbə qazanan idmançımız yarımfinala adlayıb. Onun növbəti rəqibi rusiyalı Zavur Uquyev olacaq.

Aleksandr Qostiyev (86 kq) gürcüstanlı Sandro Aminaşvili ilə qarşılaşıb. 6:2 hesabı ilə qalib gələn pəhləvanımız yarımfinala yüksəlib. O, finala vəsiqə üçün qarşılaşmada rusiyalı Dauren Kuruqliyevlə üz-üzə gələcək.

Camaləddin Məhəmmədov (125 kq) macarıstanlı Daniel Liqeti ilə mübarizə aparıb. 6:5 hesablı qələbə güləşçimizi yarımfinala daşıyıb. O, bu mərhələdə gürcüstanlı Givi Matçaraşvili ilə görüşəcək.

***

Saat. 13:20

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışlarına start verilib.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, sərbəst güləşçilər 4 çəki dərəcəsində mübarizəyə başlayıblar.

Azərbaycan yığmasının dörd güləşçisi 1/8 final mərhələsində qüvvəsini sınayıb. Onlardan üçü növbəti mərhələyə adlayıbsa, bir idmançımız məğlub olub. Mahir Əmiraslanov (57 kq) bolqarıstanlı Georgi Vangelova qalib gəlib – 6:5. O, 1/4 finalda makedoniyalı Vladimir Yeqorovla görüşəcək.

Hacımurad Hacıyev (74 kq) türkiyəli Sönər Dəmirtaşa uduzub – 3:4.

Aleksandr Qostiyev (86 kq) Denis Balaura (Moldova) qalib gəlib – 7:1. Güləşçimiz 1/4 finalda gürcüstanlı Sandro Aminaşvili ilə qarşıllaşacaq.

Camaləddin Məhəmmədovun (125 kq) ilk rəqibi Belarus təmsilçisi Vitali Pyasnyak olub. 6:0 hesabı ilə qələbə qazanan pəhləvan 1/4 finala yüksəlib. O, yarımfinala vəsiqə üçün macarıstanlı Daniel Liqeti ilə mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR