Minsk-2019: Rafael Ağayev və Firdovsi Fərzəliyev gümüş medala sahib olublar - YENİLƏNİB-6

Minsk-2019: Rafael Ağayev və Firdovsi Fərzəliyev gümüş medala sahib olublar - YENİLƏNİB-6
# 30 iyun 2019 19:07 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları başa çatıb.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, sonuncu medallar karateçilərin mübarizəsində sahibini tapıb.

75 kq çəki dərəcəsində final döyüşü ilə Avropa Oyunlarına da yekun vurulub. Həlledici qarşılaşmada Azərbaycan millisinin üzvü Rafael Ağayev tatamı üzərinə çıxıb. O, ukraynalı Stanislav Horuna ilə üz-üzə gəlib.

Beşqat dünya, 11 qat Avropa çempionu, ilk Avropa Oyunlarının qalibi olan idmançımız 0:4 hesabı ilə məğlub olub. Bununla da karateçimiz yarışları gümüş mükafatla başa vurub.

R.Ağayevin medalı karateçilərimizin Minsk-2019-da beşinci mükafatı olub. Ona qədər Asiman Qurbanlı (+84 kq) qızıl, İrina Zaretska (68 kq) və Firdovsi Fərzəliyev (60 kq) gümüş, Roman Heydərov (kata) bürünc medal əldə edib.

Qeyd edək ki, Azərbaycan yığması Avropa Oyunlarında 28-ci medalını əldə edib. İdmançılarımızın hesabında 5 qızıl, 10 gümüş, 13 bürünc mükafat var.

Saat. 18:38

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında kişi karateçilərin final döyüşləri başlayıb.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 60 kq çəki dərəcəsində qızıl medal uğrunda görüş keçirilib.

Azərbaycan yığmasının üzvü Firdovsi Fərzəliyev də tatamı üzərinə çıxıb. O, finalda Latviya təmsilçisi Kalvis Kalninslə görüşüb. Qarşılaşmadan məğlub ayrılan idmançımız gümüş medalla kifayətlənib.

Bu, Azərbaycan karateçilərinin Minsk-2019-da dördüncü medalı olub. Bir gün öncə isə Asiman Qurbanlı (+84 kq) qızıl, İrina Zaretska (68 kq) gümüş, Roman Heydərov (kata) bürünc medal əldə edib. Daha bir karateçimiz Rafael Ağayev (75 kq) isə az sonra final görüşünə çıxacaq.

Qeyd edək ki, Azərbaycan yığması Avropa Oyunlarında 27-ci medalını əldə edib. İdmançılarımızın hesabında 5 qızıl, 9 gümüş, 13 bürünc mükafat var.

***

Saat. 17:43

Azərbaycan yığmasının karateçisi Rafael Ağayev Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarının yarımfinal döyüşünü keçirib.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançımız estoniyalı Pavel Artamonovla üz-üzə gəlib.

Qələbə qazanan R.Ağayev finala vəsiqə əldə edib. Bununla da idmançımız ən azı gümüş medalı rəsmiləşdirib. O, həlledici görüşdə ukraynalı Stanislav Horuna ilə üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə saat 18:48-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığmasının yarımfinalda qüvvəsini sınayan digər karateçisi Firdovsi Fərzəliyev (60 kq) finala yüksəlib. Bir gün öncə isə Asiman Qurbanlı (+84 kq) qızıl, İrina Zaretska (68 kq) gümüş, Roman Heydərov (kata) bürünc medal əldə edib.

***

Saat. 17:05

Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarının son günündə karateçilərin yarımfinal döyüşləri keçirilir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, kişilərin 60 kq çəki dərəcəsində finalçılar müəyyənləşib.

Azərbaycan yığmasının karateçisi Firdovsi Fərzəliyev də finala vəsiqə uğrunda mübarizə aparıb. İdmançımız yarımfinalda Rusiya təmsilçisi Yevgeni Plakhutinlə üz-üzə gəlib. Qalib gələn F.Fərzəliyev finala vəsiqə qazanıb. O, həlledici görüşdə latviyalı Kalvis Kalninslə üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə saat 18:16-da başlayacaq.

Qeyd edək ki, bu gün daha bir karateçimiz yarımfinalda qüvvəsini sınayacaq. Rafael Ağayev (75 kq) estoniyalı Pavel Artamonovla qarşılaşacaq.

***

Saat. 14:26

Karate üzrə Azərbaycan milli komandasının lideri Rafael Ağayev Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə qoşulub.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən karateçimiz B qrupunda qüvvəsini sınayıb.

Co Kellaveyi (Böyük Britaniya) 3:2, Erman Eltemuru (Türkiyə) 1:0 hesabı ilə qalib gələn idmançımız Qabor Harspatakinin (Macarıstan) müqavimətini qıra bilməyib – 0:0. Qrup qalibi kimi yarımfinala vəsiqə qazanan R.Ağayev Avropa Oyunlarının mükafatını təmin edib. O, finala vəsiqə uğrunda döyüşünü Bakı vaxtı ilə saat 17:20-də keçirəcək. Karateçimizin rəqibi estoniyalı Pavel Artamonov olacaq.

Qeyd edək ki, karate yığmamızın bu gün tatamiyə çıxan üzvlərindən Firdovsi Fərzəliyev (60 kq) yarımfinala yüksəlib, Nuranə Əliyeva (50 kq) və Rafiz Həsənov (67 kq) mübarizəni dayandırıb.

***

Saat. 14:04

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında karate yarışları davam edir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan yığmasının daha bir üzvü mübarizəyə qoşulub.

67 kq çəki dərəcəsində çıxış edən Rafiz Həsənov A qrupunda qüvvəsini sınayıb. Təmsilçimiz ilk iki görüşdə İv Martial Tadissi (Macarıstan) və Artyom Kravtsova (Belarus) eyni – 1:5 hesabı ilə uduzub. Son qarşılaşmada Stefan Pokorni (Avstriya) ilə qarşılaşan R.Həsənov 3:4 hesabı ilə məğlub olaraq mübarizəni qrup sonuncusu kimi dayandırıb.

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan karateçilərimizdən Firdovsi Fərzəliyev (60 kq) yarımfinala yüksəlib, Nuranə Əliyeva (50 kq) mübarizəni dayandırıb. Rafael Ağayev (75 kq) isə qrup mərhələsinə start verib.

***

Saat. 12:52

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında karate yarışları davam edir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən kişi karateçilər kumitedə qüvvələrini sınayırlar.

Azərbaycan yığmasının üzvü Firdovsi Fərzəliyev B qrupunda üç qarşılaşmaya çıxıb. O, İlya Bulatovu (Belarus) 8:0, 3:3 hesabı ilə başa çatan görüşdə Emil Pavlova (Makedoniya) senşu qərarı ilə qalib gəlib. Ancelo Kresçenzo (İtaliya) ilə 0:0 hesablı heç-heçə edən təmsilçimiz qrupda 1-ci yeri tutub.

F.Fərzəliyev bu göstərici ilə yarımfinala yüksəlib. Karateçimiz finala vəsiqə uğrunda rusiyalı Yevgeni Plakhutinlə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 16:56-da başlayacaq.

Qeyd edək ki, bu gün Azərbaycan yığmasının daha iki karateçisi – Rafiz Həsənov (67 kq) və Rafael Ağayev (75 kq) tatamı üzərinə çıxacaq.

***

Saat. 11:35

Azərbaycanın daha bir karateçisi Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə başlayıb.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, qadınların 50 kq çəki dərəcəsində çıxış edən Nuranə Əliyevanın çıxışı uğursuz alınıb.

O, qrup mərhələsində keçirdiyi hər 3 görüşdən məğlub ayrılıb. İdmançımız Serap Özçelik Arapoğluna (Türkiyə) 0:4, Şara Hubrixə (Almaniya) 1:2, Mariya Kuilinkovitsə (Belarus) isə 1:3 hesabı ilə yenilib.

Bu nəticələrlə yer aldığı B qrupunda sonuncu yeri tutan Əliyeva yarımfinala yüksələ bilməyib və mübarizəni dayandırıb.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 3 karateçisi - Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67) və Rafael Ağayev (75 kq) mübarizəyə qoşulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR