Minsk-2019: İslam Abbasov finala yüksəlib, Sabah Şəriəti bürünc medal şansı qazanıb - YENİLƏNİB-2

Minsk-2019: İslam Abbasov finala yüksəlib, Sabah Şəriəti bürünc medal şansı qazanıb - YENİLƏNİB-2
# 29 iyun 2019 20:05 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında yunan-Roma güləşi üzrə Azərbaycan yığması daha bir medal qazanmaq şansı əldə edib.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 130 kq çəki dərəcəsində çıxış edən Sabah Şəriəti təsəlliverici qarşılaşmaya vəsiqə əldə edib.

Buna onu 1/4 finalda məğlub edən gürcüstanlı İakobi Kayalanın finala yüksəlməsi səbəb olub. Sonuncu yarımfinalda norveçli Oskar Marviki 2:0 hesabı ilə məğlub edib. S.Şəriəti təsəlliverici görüşdə litvalı Romas Fridrikasla üz-üzə gələcək.

Sabah baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 14:20-də başlayacaq.

Qeyd edək ki, 87 kq çəki dərəcəsində finala çıxan güləşçimiz İslam Abbasovun da rəqibi müəyyənləşib. O, sabah Bakı vaxtı ilə saat 14:40-da başlayacaq həlledici görüşdə ukraynalı Jan Belenyukla üz-üzə gələcək. Sonuncu yarımfinalda belaruslu Radzik Kuliyevə qalib gəlib – 3:1.

***

Saat. 19:37

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsi davam edir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan güləşçisi İslam Abbasov yarımfinal qarşılaşmasına çıxıb.

87 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz finala vəsiqə uğrunda İvan Kukleklə (Xorvatiya) görüşüb. 5:0 hesablı qələbə qazanan güləşçimiz finala vəsiqə qazanıb. Final qarşılaşması sabah keçiriləcək. İ.Abbasov belaruslu Radzik Kuliyev və ukraynalı Jan Belenyuk arasında duelin qalibi ilə görüşəcək. Həlledici görüş Bakı vaxtı ilə saat 14:40-da başlayacaq.

***

Saat. 18:35

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında yunan-Roma güləşi yarışları davam edir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan yığmasının iki üzvü 1/4 final qarşılaşmalarını keçiriblər.

İslam Abbasov (87 kq) macarıstanlı Viktor Lorinçlə üz-üzə gəlib. 3:0 hesablı qələbə qazanan idmançımız yarımfinala adlayıb. Güləşçimiz saat 19:00 başlayacaq növbəti görüşündə xorvatiyalı İvan Kukleklə qarşılaşacaq.

Sabah Şəriəti (130 kq) isə gürcüstanlı İakobi Kayala ilə qarşılaşıb. 4:10 hesabı ilə uduzan güləşçimiz çempionluq şansını itirib. Onun təsəlliverici qarşılaşmaya qatılaraq bürünc medal imkanı qazanması üçün gürcüstanlı idmançı finala yüksəlməlidir.

1/8 finalda Orxan Nuriyevə (97 kq) qalib gələn Daniel Qastl (Avstriya) 1/4 final mərhələsində ermənistanlı Artur Aleksanyana 1:3 hesabı ilə məğlub olub. Bununla da təmsilçimiz təsəlliverici görüşə qatılmaq şansını da itirib.

***

Saat. 13:51

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında yunan-Roma güləşi yarışları davam edir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan yığmasının daha üç üzvü xalça üzərinə çıxıb.

Təmsilçilərimiz 1/8 final görüşlərinə çıxıblar. İslam Abbasov (87 kq) serbiyalı Nikolay Dobrevlə görüşüb. 8:0 hesabı ilə qələbə qazanan güləşçimiz 1/4 finala adlayıb. O, bu mərhələdə macarıstanlı Viktor Lorinçlə üz-üzə gələcək. Qarşılaşma 13:40-da başlayacaq.

Orxan Nuriyev (97 kq) Daniel Qastla (Avstriya) 2:7 hesabı ilə uduzub. Təmsilçimiz təsəlliverici görüşə qatılmaq üçün rəqibin finala yüksəlməsinə ümid etməlidir.

Sabah Şəriəti (130 kq) isə Ante Milkoviç (Xorvatiya) üzərində qələbə qazanıb - 3:0. O, saat 14:00-da keçiriləcək 1/4 final görüşündə gürcüstanlı İakobi Kayala ilə üz-üzə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR