Namiq Əliyev Toğrul Əsgərov və Cəbrayıl Həsənovun heyətdən kənarda qalmasına aydınlıq gətirib

Namiq Əliyev Toğrul Əsgərov və Cəbrayıl Həsənovun heyətdən kənarda qalmasına aydınlıq gətirib
# 20 iyun 2019 13:14 (UTC +04:00)

“Avropa Oyunlarına yollanacaq yığmamızın heyətində həm təcrübəli idmançılar, həm də gənc güləşçilər var. Gənclər arasında dünya və Avropa çempionatlarında iştirak etmiş idmançılardır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev deyib.

O, Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunları ərəfəsində təşkil olunan sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan yığmalarının açıq məşqindən sonra jurnalistlərin suallarını cavablandırıb. Qurum rəhbəri milli komandaların heyəti və hədəflər barədə də danışıb: “Bu il üçün əsas hədəfimiz Qazaxıstanda keçiriləcək dünya çempionatıdır. Həmin yarış Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Dünya çempionatına qədər keçiriləcək bütün turnirlər isə Qazaxıstandakı yarışa hazırlıq xarakteri daşıyır. Buna görə də bir çox idmançılarımızı Minskdəki Avropa Oyunlarında yoxlamaq istəyirik. Bəzi güləşçilərimiz zədə və ya əməliyyatdan sonra ilk dəfə böyük turnirdə çıxış edəcək. Bu üzdən də Avropa Oyunlarında qüvvəsini sınayacaq komandamız qarışıq heyətə malikdir”.

N. Əliyev idmançılarımızın istənilən yarışa medal qazanmaq üçün yollandıqlarını qeyd edib: “Əsas məqsəd idmançılarımızı yoxlamaqdır. Amma həmişə komandanın qarşısına medallarla bağlı tapşırıq da qoyulur. Yeniyetmələr, gənclər və böyüklər arasında Avropa çempionatları başa çatmaq üzrədir. Yeniyetmələr qitə çempionatının arxada qalan hissəsində 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Bu da böyük nailiyyətdir. Qarşıdakı günlərdə yunan-Roma və qız güləşçilərimiz də mübarizəyə qoşulacaqlar. Bu yeniyetmələr Bakıda baş tutacaq Yay Olimpiya Festivalında da ölkəmizi təmsil edəcəklər. Güləşçilərin qarşısına vəzifə qoyulur və onlar da başa düşürlər ki, medalla qayıtmalıdırlar. Belarusa yollanan heyətdə təcrübəli idmançılar, dünya və Avropa çempionlarımız da var. İnanıram ki, onlar Minskdən medalla, ən yüksək yeri tutaraq qızıl mükafatla qayıdacaqlar”.

Federasiya rəhbəri Toğrul Əsgərov və Cəbrayıl Həsənovun heyətdən kənarda qalmasına da toxunub: “Minskdən sonra Türkiyədə nüfuzlu yarış keçiriləcək. ABŞ və Kuba güləşçilərinin də qatılacağı Yaşar Doğu turnirində Toğrul Əsgərov da qüvvəsini sınayacaq. Bu turnirdən sonra onun dünya çempionatındakı iştirakı ilə bağlı qərar veriləcək. Hesab edirəm ki, Əsgərov mundiala qatılacaq. Cəbrayıl Həsənov komandanın liderlərindən biridir. Onun heyətdən kənarda qalması da dünya çempionatına hazırlıqla bağlıdır. Bizim üçün ən önəmli turnir Qazaxıstanda olacaq. Olimpiya Oyunlarına lisenziya almaq çətinləşib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR