Olqa Mazuryonok: "Belarus Avropa Oyunlarına ev sahibliyi etdiyi üçün xoşbəxtdir"

Olqa Mazuryonok: "Belarus Avropa Oyunlarına ev sahibliyi etdiyi üçün xoşbəxtdir"
# 21 iyun 2019 12:34 (UTC +04:00)

“Belarus dövləti və xalqımız Avropa Oyunları kimi multiidman yarışına ev sahibliyi etdiyi üçün xoşbəxtdir. Qonaqları layiqincə qarşılayacağımıza və turniri yüksək səviyyədə keçirəcəyimizə əminəm”.

APA-nın məlumatına görə, bunu Minskə ezam olunan azərbaycanlı jurnalistlərə açıqlamasında belaruslu marafonçu Olqa Mazuryonok deyib.

O, bu gün start götürən II Avropa Oyunlarının Belarusda böyük sevinclə qarşıladıqlarını vurğulayıb. Minsk-2019-un məşəlinin estafetində də iştirak edən 29 yaşlı atlet Azərbaycanda 2015-ci ildə keçirilən I Avropa Oyunlarının çox yüksək səviyyədə təşkil olunduğunu da qeyd edib: “Ümid edirəm ki, biz də öhdəsindən gələcəyik və yaxşı keçirəcəyik. Sizləri burada görməkdən şadam. Hər kəsə uğurlar arzulayıram. Bir çox idman növlərində favoritlərimiz var. Bütün təmsilçilərimizə azarkeşlik edəcəyik. Ümid edirəm ki, atletikada yüksək nəticələrimiz olacaq. Sambo da bizdə yetərincə güclü sayılan idman növüdür. Stepan Popov I Avropa Oyunlarının qalibi olub. Bir çox idmançımızın qələbə qazanmaq şansı var”.

Ötən il Almaniyanın paytaxtı Berlindəki Avropa çempionatında marafon qaçışı zamanı burnundan qan açılmasına baxmayaraq, yarışın qalibi olan Mazuryonok əsas hədəfinin Yay Olimpiya Oyunları olduğunu bildirib: “Təəssüf ki, marafon növü Avropa Oyunlarının proqramına daxil edilməyib. Sentyabrda Dohada keçiriləcək dünya çempionatına hazırlaşıram. Böyük hədəf və planlarım var. Hələlik olimpiya çempionu adını qazanmaq arzum elə arzu olaraq qalmaqdadır. Ancaq onu reallaşdıracağıma inanıram”.

Qeyd edək ki, bu gün start götürən Avropa Oyunları oyunun 30-də bitəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR