Azərbaycanın paralimpiya çempionu: “Bu mənim son sözüm deyil”

Azərbaycanın paralimpiya çempionu: “Bu mənim son sözüm deyil”
# 07 sentyabr 2021 11:49 (UTC +04:00)

“Qələbəni bütün Azərbaycan xalqına və söz verdiyim kimi, babama həsr edirəm. Babama qalib gələcəyimə söz vermişdim”.

Apasport.az saytının məlumatına görə, bunu Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl və gümüş medal qazanan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva Bakıdakı qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.

Gənc idmançı üç il sonra Parisdə keçiriləcək yarışda da uğurlu nəticə qazanmaq istədiyini söyləyib: “Bu mənim son sözüm deyil. Paris-2024-ə lap güclü şəkildə hazırlaşacağam. Paralimpiya yox, dünya rekordu qırmaq barədə düşünürəm”.

Lamiyə Vəliyevanı qarşılamağa gedənlər arasında olan atası Rövşən Vəliyev də təəssüratlarını bölüşüb. Sevincini gizlətməyən Vəliyev qızından daha böyük zəfərlər gözlədiyini bildirib: “Qızımın zəfər qazandığı zaman keçirdiyim hissləri sözlə deyə bilmirəm. Hələ indiyə qədər özümə gələ bilməmişəm. Qızımın gələcəkdə də uğurlar qazanacağına inanıram. Lamiyə yenə də öz sözünü deyəcək. Qızım bayrağımızı çox qaldıracaq, himnimiz çox oxudacaq”.

Qeyd edək ki, Lamiyə Vəliyeva Tokio-2020-də 100 m məsafəyə qaçışda gümüş, 400 m məsafəyə qaçışda isə qızıl medal qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR