Nazir müavini: “163 ölkə arasında 10-cu yeri tutmaq böyük zəfərdir”

Anar Kərimov

© APA | Anar Kərimov

# 07 sentyabr 2021 11:16 (UTC +04:00)

“Ölkəmiz üçün əlamətdar bir gündür. Çox böyük sevinclə Tokiodan gələn qəhrəman paralimpiyaçıları qarşılayırıq”.

Apasport.az saytının məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycan yığmasının Tokio-2020 Yay Paralimpiya Oyunlarındakı çıxışını qiymətləndirib. Kərimov bildirib ki, milli komandamız XVI Paralimpiadadan parlaq qələbə ilə Vətənə dönür: “Bu mötəbər yarışda 163 ölkə arasında medal siyahısında 10-cu yeri tutmaq böyük zəfərdir. Bu qələbə bir daha sübut edir ki, Azərbaycanda paralimpiya inkişaf edir. Paralimpiyaçılarımız da daim diqqət mərkəzindədir. Bu məsələlərə cənab Prezident tərəfindən də hər zaman xüsusi önəm verilir. Onlar dövlət qayğısı görürlər. Bu qayğı, dəstək nəticəsində idmançılarımız yarışda 19 medal qazandılar ki, onlardan da 14-ü qızıldır. Bu tədbirlər məqsədyönlü dövlət siyasəti nəticəsində davam edir”.

Onun sözlərinə görə, əlilliyi olan şəxslərin idmana cəlb olunması ən ümdə məsələlərdən biridir: “Sosial müdafiə tədbirləri, xüsusən də, əlilliyi olan şəxslərin idmana cəlb olunması, aktiv idman tədbirlərinə maraq göstərməsinə eyni zamanda dövlət başçısı tərəfindən xüsusi önəm verilir. Ölkə başçısı onlarla tez-tez görüşür. Biz özümüz də şahidi olmuşuq ki, hər qələbədən sonra həm cənab Prezident, həm Birinci xanım Mehriban Əliyeva idmançılarla əlaqə saxladı, təbrik etdi. Bu qayğı, diqqət paralimpiyaçıları daha da ruhlandırdı, mübarizə əzmini artırdı. Bunun da nəticəsi kimi ölkəmiz yüksək nailiyyətlər əldə etdi. Düşünürük ki, bu tədbirlər və uğurlar davam edəcək. Son Paralimpiya Oyunlarına nəzər yetirək. Londonda 27-ci yeri tutduq, sonrakı yarışlarda 20-30-cu pillələrdə olduq, bu dəfə isə daha yüksək nailiyyət əldə etdik, ilk “10-luğ”a düşdük. Eyni zamanda dünya rekordlarını yenilədik, paralimpiya rekordları müəyyənləşdirdik. İdmançılarımız arasında hətta 3 qızıl medal alan da oldu. Ölkə başçısının bu sahəyə ardıcıl və kompleks şəkildə verdiyi tapşırıqlar uğurla həyata keçirilir”.

Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Tokio-2020-də 14 qızıl, 1 gümüş, 4 bürünc medal qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR