Rüstəm Orucov: “Hələ özümə gələ bilməmişəm”

Rüstəm Orucov

© APA | Rüstəm Orucov

# 27 iyul 2021 11:32 (UTC +04:00)

“Hamı burada medal qazanmağımı istəyirdi. Təəssüf ki, medalsız qaldım”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarındakı çıxışını dəyərləndirərkən deyib.

73 kq çəki dərəcəsində mübarizə aparan yığmamızın bayraqdarı 1/4 final mərhələsində yaponiyalı Şohei Onoya, bürünc medal döyüşündə isə cənubi koreyalı An Çanqrimə məğlub olub və yarışı 5-ci pillədə tamamlayıb.

Milli Olimpiya Komitəsinin feysbuk səhifəsinə danışan Orucovun fikrincə, Ono ilə erkən qarşılaşmaq onun medal şansının əlindən alıb: “Püşkdə də bəxtim gətirmədi. Üçüncü görüşdə Olimpiya çempionu ilə qarşılaşmalı oldum. Həmin görüşdə bütün gücümü itirdim. Ondan sonra bərpa oluna bilmədim ki, sona qədər mübarizəni davam etdirib, 3-cü yeri tutum. Bilmirəm, bəlkə də, belə qismət idi”.

30 yaşlı Avropa çempionu yenidən əvvəlki formasını bərpa etməyə çalışacağını əlavə edib: “Necə olacağını bilmirəm. Hələ ki, özümə gələ bilməmişəm. Özümü toparlayıb yenidən forma yığa bilsəm, hər kəs görəcək. Mənə dəstək olanların hamısına təşəkkür edirəm”.

Qeyd edək ki, Rüstəm Orucov Rio-2016 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR