Su idman növləri üzrə milli komandaların dayaq bazasından REPORTAJ

Su idman növləri üzrə milli komandaların dayaq bazasından REPORTAJ
# 12 aprel 2022 13:44 (UTC +04:00)

“Bu gün Su İdmanı Sarayında idmanla məşğul olmaq üçün hər bir şərait var”

Azərbaycan müstəqillik qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi, idman sahəsinin də inkişafına böyük diqqət ayrılıb. Ölkəmiz beynəlxalq yarışların məkanına çevrilib, titullu idmançılar belə təmsilçilərimizə rəqib olmaq istəmirlər. Bir sözlə, bu gün idman ölkəsi olduğumuzu fəxrlə deyirik. Bunun arxasında da təbii ki, idmançılarımızın qatıldıqları beynəlxalq yarışlarda qazandığı nailiyyətlər dayanır. Azərbaycan müstəqil ölkə kimi ilk dəfə 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarına qatılıb və Olimpiadalarda ümumilikdə 52 medal qazanıb. Daha çox nailiyyət əldə edilməsi üçün idman infrastrukturu – maddi-texniki baza gücləndirilib, ölkənin demək olar hər yerində ən müasir avadanlıqlarla təmin edilən idman kompleksləri tikilərək istifadəyə verilib. Onlardan biri də 2015-ci ildə fəaliyyətə başlayan Bakı Su İdmanı Sarayıdır. Bura 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2019-cu ildə isə Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edib.

Kompleksin direktoru Elçin Həsənov bildirir ki, dövlət başçısının uğurlu siyasəti nəticəsində Azərbaycanda idman inkişaf edir və idmanla məşğul olmaq istəyən gənclərin sayı hər gün artır: “Bu gün Su İdmanı Sarayında idmanla məşğul olmaq üçün hər bir şərait var. 7 il ərzində multifunksional bir idman kompleksi yaratmağa nail olmuşuq. Uşaqlar və gənclər peşəkar məşqçilərin rəhbərliyi altında məşq edir. Gənclər arasında üzgüçülük idman növünə marağın artması üçün normativlərdən keçən idmançılara Su İdmanı Sarayı tərəfindən təqaüd verilir”.

Kompleksə təşkil edilən media-tur çərçivəsində yaradılmış şəraitlə tanış olduq. Burada üzgüçülük, sinxron üzgüçülük, su polosu, çimərlik idman növləri ilə yanaşı, eyni zamanda bədii gimnastika, müxtəlif döyüş növləri, futbol, fitnes, hətta xoreoqrafiya ilə məşğul olmaq istəyənlər üçün də imkan yaradılıb.

“Su İdman Sarayında həm qadınlar, həm kişilər, həm də uşaqlar bütün xidmətlərimizdən istifadə edə bilərlər”

Su İdmanı Sarayının mətbuat katibi və ictimaiyyətlə əlaqələr üzrə şöbəsinin rəhbəri Elnarə Əliyevanın sözlərinə görə, kompleks fəaliyyətə başladığı ilk gündən qarşıda duran əsas məqsəd əhali arasında idmanın təbliğatı və kütləviliyə nail olmaq olub: “Burada həm qadınlar, həm kişilər, həm də uşaqlar bütün xidmətlərimizdən istifadə edə bilərlər. Valideynlərə uşaqlarını kompleksə gətirməzdən öncə burada yaradılan şəraitlə tanış olmaq imkanı da yaradılır. Təmizlik, təhlükəsizlik və məşqçilərin peşəkarlığı ən yüksək səviyyədədir. Digər tərəfdən, həm evdar, həm də işləyən xanımlarımız üçün məşq proqramlarımız var”.

Mərkəzin xidmətləri ilə tanış olub, bədii gimnastika üzrə gələcək idmançıların yetişdirildiyi zala keçir və burada azyaşlılardan ibarət qrupun məşqlərini izləyirik. Su İdman Sarayının bədii gimnastika üzrə baş məşqçisi Nəzirəxanım Fəradova qeyd edir ki, olimpiya idman növü kimi bədii gimnastikaya həm uşaqlar, həm də valideynlər tərəfindən böyük maraq var: “Biz hazırda 3 yaşından uşaqları yığma komanda üçün yetişdiririk. Daha sonra onlar həm respublika, həm də beynəlxalq səviyyəli yarışlarda ölkəmizi təmsil edirlər. Hazırda əsas qrupumuzda 20-yə yaxın yeniyetmə var”.

Əsas qrup dedikdə yarışlara hazırlaşanlar nəzərdə tutulur. Bu gimnastlar həftədə 6 gün 4-5 saat məşğul olurlar. Yarış ərəfəsində isə gündə iki dəfə səhər və axşam məşqləri edirlər. Su İdmanı Sarayında bədii gimnastika ilə yanaşı, xoreoqrafiya dərsləri də keçirilir.

Bədii gimnastika salonunun yanında isə 2500 kv.m sahəsi olan fitnes zalı yerləşir. Zalda ən müasir fitnes avadanlıqları quraşdırılıb. Burada həm ağırlıqqaldırma ilə, həm yoqa, həm də pilateslə məşğul olmaq imkanı var.

Fitnes zalı ilə tanışlıqdan sonra milli komandamızın məşqlərini izləmək üçün üzgüçülük hovuzuna tərəf yollanırıq. Elnarə Əliyeva bildirir ki, Su İdmanı Sarayında çimərlik idman növləri üzrə məşqlərin keçirilməsi üçün iki açıq hovuz da var və orada hazırlıq yay aylarında olur.

Üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürəhmanov ölkəmizdə üzgüçülüyün inkişafı, yığmanın gələcək planları və idmançılarımızın qatıldığı beynəlxalq yarışları barədə ətraflı məlumat verir.

Su idman növləri üzrə bütün milli komandaların dayaq bazası Bakı Su İdmanı Sarayıdır

Onun sözlərinə görə, su idman növləri üzrə bütün milli komandaların dayaq bazası Bakı Su İdmanı Sarayıdır: “Yığmanın bazası nə qədər geniş, nə qədər çoxfunksiyalı olursa, həmin bazadan düzgün istifadə etmək də bir o qədər önəmlidir. İdmançılara vaxtaşırı diqqət yetirilməli, perspektivliləri tapılmalı və yığmaya cəlb olunmalıdır. Ona görə də biz kiçik yaşlı uşaqların seleksiyası ilə məşğul oluruq. Aprelin 10-da burada iki yarış keçirdik. Bu yarışlarda 400-ə yaxın idmançı iştirak etdi. Gələcəkdə daha yaxşı nəticə göstərə biləcək idmançılar məşqçilər korpusu tərəfindən seçildi. Onlarla daha böyük səpkidə işlər aparılacaq. Həmçinin bir idmançı, 2008-ci il təvəllüdlü Orxan Əliyev yığmanın tərkibinə cəlb edildi. O, Su İdmanı Sarayı açılandan sonra idmana başlamışdı. Artıq göründüyü kimi böyük nəticələr əldə olunur”.

Su İdman Sarayının istifadəyə verilməsindən sonra Azərbaycan milli komandasında idman ustalarının sayı birə-beş artıb

Kompleksdə üzgüçülüyə uşaqlar 6 yaşından qəbul edilir. Baş məşqçi qeyd edir ki, bu yaşda idmana başlayan uşaq düzgün hazırlıq keçirsə, perspektivi varsa və şərait imkan verirsə, 12 ildən sonra Olimpiya Oyunlarında ölkəsini layiqincə təmsil edə bilər. Su İdman Sarayının istifadəyə verilməsindən sonra Azərbaycan milli komandasında idman ustalarının sayı birə-beş artıb. İlk dəfə yeniyetmələrin Avropa çempionatında təmsilçimiz final mərhələsinə vəsiqə əldə edib.

Yanaşı hovuzda isə su polosu yığması növbəti ay keçiriləcək respublika çempionatına hazırlaşır. Yığma komandanın məşqçisi Ümid Məmmədovun sözlərinə görə, məşqlər planlı şəkildə gedir.

“Məqsədimiz ilk növbədə idmançılarımızın fiziki, texniki və taktiki səviyyələrini yüksəltməkdir. Demək olar ki, həftənin bütün günləri hazırlıq keçirik”, - o vurğulayır.

Kompleksdə idmançıların istirahəti üçün də imkanlar var. Burada ayrıca SPA mərkəzi fəaliyyət göstərir. Ən uzun kartinq treki Su İdman Sarayının nəzdində fəaliyyət göstərən “Baku City Karting”dədir. Uzunluğu 802 m olan trek 12 döngədən ibarətdir və ən uzun düz yol 70 m-dir. Bu, maksimal sürət yığıb döngələrə daha riskli və adrenalin dolu girişlər etməyə imkan yaradır.

“Baku City Karting” mərkəzinin rəhbəri Cəmil Tağıyev bildirir ki, hazırda mərkəzdə 39 kartinq var. Eyni zamanda iki nəfərlikləri də var ki, valideynlər uşaqları ilə birgə yarışa qatıla bilərlər.

Onun sözlərinə görə, əsas məqsəd ölkədə avtomobil idman növünü inkişaf etdirməkdir.

Qeyd edək ki, mərkəzdə qiymətlər də münasibdir. Aylıq qiymətlər 50 manatdan başlayır. Müxtəlif idman növləri və yaş qrupları üzrə məbləğlər isə dəyişir. Bundan əlavə, kompleksin xidmətlərindən gündəlik olaraq da istifadə etmək mümkündür.

Foto İlkin Nəbiyev © APA

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR