Qərbi Azərbaycanın işğalı, ermənilərin İrəvanda məskunlaşdırılması - TARİXİ XRONOLOGİYA

Qərbi Azərbaycanın işğalı, ermənilərin İrəvanda məskunlaşdırılması - TARİXİ XRONOLOGİYA
# 06 aprel 2023 14:15 (UTC +04:00)

Tarix elmləri doktoru, professor Kərim Şükürovun APA üçün yazdığı “Qərbi Azərbaycan tarixi: Xronoloji baxış” adlı birinci məqaləsini təqdim edirik.

Qərbi Azərbaycan Rusiya imperiyası tərkibində

(1827-1917)

1747-1827 – Azərbaycanın mərkəzi İrəvan şəhəri olan İrəvan xanlığı. İrəvan xanlığının yaranması ilə Qərbi Azərbaycan torpaqlarının xeyli hissəsi Azərbaycanın xanlıqlar dövrünün müstəqil dövlətlərindən birinə çevrilmişdir. Rusiya imperiyasının XIX əsrin əvvəllərində Cənubi Qafqazda hakimiyyət uğrunda mübarizəsində İrəvan xanlığının və Qərbi Azərbaycan ərazisinə daxil olan digər ərazilərin işğalı əsas yerlərdən birini tuturdu. 1804-1813-cü illər müharibəsi zamanı bu planı həyata keçirmək mümkün olmadı. 13 illik fasilədən sonra yeni müharibə başlandı.

1. İrəvanın işğalı və ilk erməniləşdirmə tədbirləri.

(1827, oktyabr-1828, mart)

1826-1828-ci illər – Rusiya ilə İran arasında yeni müharibə. Onun mərkəzi məsələsi Rusiya imperiyası ilə İrəvan xanlığı arasındakı müharibə idi. Belə ki, məhz İrəvan xanlığının süqutundan sonra, Rusiya qoşunları Arazı keçərək Cənubi Azərbaycan ərazisinə daxil olmuşdur.

1827, 1 oktyabr – Rusiya-İran müharibəsinin (1826-1828-ci illər) gedişində İrəvan şəhərinin Rusiya imperiyası tərəfindən tutulması. Xanlığın işğalının başa çatdırılması və ləğvi. İrəvan əyalətinin yaradılması.

1827, oktyabr-1917, oktyabr – Qərbi Azərbaycan Rusiya imperiyası tərkibində. Əvvəlki dövrlərdə Rusiya imperiyasına ilhaq edilən digər Azərbaycan torpaqları kimi onun tarixi qərb ərazisi də xristian dövlətin hakimiyyəti altına düşdü. Rusiya imperiyasının burada xristianlaşdırma və erməniləşdirmə siyasəti simmetrik olaraq azərbaycanlıların hüquqlarının pozulması idi.

1827, 6 oktyabr – Qafqazdakı rus qoşunlarının baş komandanı İ.F.Paskeviç tərəfindən İrəvan əyalətinin idarəsi üçün ümumi qaydalar hazırlanması. Qaydalara görə, mülki hissə üzrə işlərin aparılması üçün Müvəqqəti idarə yaradılır. Sədri A.İ.Krasovski, üzvləri isə yepiskop Nerses və İrəvan qalasının müvəqqəti komendantı A. Borodin olur. [4, док. 432, с.480-481]

1828, 10 fevral – Rusiya-İran Türkmənçay müqaviləsi. Naxçıvan və İrəvan xanlıqlarının Rusiya imperiyasına ilhaq edilməsinin rəsmiləşdirilməsi. [11, док.1794, с.123-130] Türkmənçay ilə Rusiya və İran arasında Azərbaycan torpaqlarının bölüşdürülməsi başa çatdırıldı. Rusiya imperiyasının hakimiyyətinə keçən ərazilərdə müstəmləkə sistemi bərqərar edildi. Onun əsas göstəricilərindən biri etnik-milli ərazilərin süni şəkildə yaradılmış inzibati vahidlər arasında bölüşdürülməsi idi. Rusiya imperiyasının Cənubi Qafqazda apardığı inzibati-ərazi bölgüsü müəyyən dərəcədə sabitləşdikdə burada beş quberniya (Tiflis, İrəvan, Bakı, Kutais və Yelizavetpol (Gəncə) mövcud idi. Azərbaycan torpaqları dörd quberniya (Kutais istisna olmaqla) arasında bölüşdürülmüşdü. Qərbi Azərbaycan ərazisində müstəmləkə rejimi müəyyən xüsusiyyətləri ilə fərqlənmiş, daha ağır formada təzahür etmişdir. Erməni tarixşünaslığı isə tarixi Azərbaycanın qərb torpaqlarına dair Şərqi Ermənistan”, Şərqi Anadolu torpaqlarına dair isə “Qərbi Ermənistan” və ya “Türkiyə Ermənistanı” kimi qeyri-elmi konsepsiyalar yaratmağa cəhd edir, “Şərqi Ermənistan”ın Rusiya imperiyası tərkibində tərəqqisini əsaslandırmağa çalışır. [19 və b.]

1828-1831-Türkmənçay, sonra isə Ədirnə (1829) müqavilələrinə görə, ermənilərin kütləvi şəkildə Şimali Azərbaycana, o cümlədən keçmiş İrəvan xanlığı ərazisinə köçürülməsi. Polkovnik L.Lazarevin (Lazaryanın) Paskeviçə 14 iyun 1828-ci il raportuna əsasən, İrandan köçürülən 7458 erməni ailəsinin 3900-ü (52,3%) İrəvan əyalətində yerləşdirilmişdir. Rəsmi statistik məlumata görə, 1829-1831-ci illərdə köçürülən erməni ailələrin sayı 6946 (35560 nəfər) idi. Onlardan 366 ailə (1715 nəfər) İrəvan şəhərində, müvafiq olaraq 4193 (21853 nəfər) İrəvanın 10 mahalında yerləşdirilmişdi. İrəvan şəhəri və mahallar üzrə bu rəqəmlər 4559 ailə (65,6%) təşkil edirdi. Əslində, bu rəqəmlər daha yüksək idi. Ədirnə müqaviləsi üzrə Osmanlı imperiyasından köçürülən erməni aillərinin sayı isə 14 min və ya 100 min nəfərdən çox idi. İrandan köçürülənlər ilə birlikdə ümumi say 145 minə çatırdı. [18,c. 32-33, 39] Rus batalist rəssam Moşkov (Maşkov) bu hadisəni “40 min erməninin polkovnik Lazarevin şəxsi sərəncamı ilə rus hüdudlarına köçürülməsi” adlı rəsm əsərində təsvir etmişdir.

2.“Erməni vilayəti”: ermənilərin institutlaşdırılması siyasəti və süqutu

(1828-1840-cı illər)

1828, 21 mart - I Nikolayın (1825-1855) fərmanı ilə Azərbaycanın İrəvan və Naxçıvan xanlıqlarının əsasında “Erməni vilayəti”nin yaradılması. [11, док.1888, с.272-273] Rusiya işğalının ilk dövründə tutulan Azərbaycan xanlıqlarına münasibətdə müəyyən siyasi xətt formalaşmışdı. Müqavimət göstərən xanlıqlar ləğv edilib, əyalətə çevrilirdi. Müqavilə ilə tutulan xanlıqlarda müvəqqəti olaraq xanlıq sistemi saxlanırdı. İrəvan və Naxçıvan xanlıqlarına münasibətdə isə daha kəskin bir anti-Azərbaycan addımı atılır. Tarixi Azərbaycan torpaqlarında heç bir əsas olmadan “Erməni vilayəti” təşkil edilir. Məsələ bununla da bitmir Azərbaycanın işğal edilmiş digər ərazilərindən fərqli olaraq bu vilayət imperatorun tituluna daxil edilir.

1829-1873 –“Erməni vilayəti”, sonralar isə İrəvan qəzası və quberniya üzrə əhaliyə dair əsas mənbələrdən olan kameral təsvirlərin keçirilməsi.

1829-1832 – İ.Şopen tərəfindən (məşhur bəstəkarın qohumu idi) “Erməni vilayəti”ndə kameral təsvirin keçirilməsi. İrəvanın Rusiya tərəfindən işğalından sonrakı vəziyyətdə İrəvan əhalisinin sayı və etnik tərkibi haqqında da məlumat verir. Bu rəqəmlər sonrakı dövr üçün baza rolunu oynadığından onları xüsusi qeyd etmək lazımdır. Müsəlmanların sayı: ailələr 1807, kişilər 3749, qadınlar 3582, cəmi 7331 nəfər. Onu da nəzərə almaq lazımdır ki, işğal prosesində müsəlman əhalinin müəyyən hissəsi şəhəri tərk etmişdi. Şopen erməniləri iki yerə bölür: yerlilər (əslində, bunlar daha əvvəl gələnlər idi) və gəlmələr. “Yerli”lərin sayı belə idi: ailələr 567, kişilər 1220, qadınlar 1149, cəmi 2369 nəfər. Gəlmələr İran və Türkiyə olmaqla iki yerə bölünür. İrandan gələnlər: ailələr 366, kişi 903, qadın 812, cəmi 1715 nəfər. Türkiyədən gələnlər: ailələr 11, kişi 25, qadın 23, cəmi 48 nəfər. Rəqəmlərdən göründüyü kimi gəlmələr nəzərə alınmasa İrəvanın əhalisi 9700 nəfər idi ki, onun da 75,58%-i müsəlmanlar, 24,42%-i isə “yerli” ermənilər idi. Köçürmə nəticəsində İrəvan əhalisinin etnik tərkibinin dəyişdirilməsi başlanır. Belə ki, köçürülən ermənilərin sayı (1763 nəfər) mövcud əhalinin (9700 nəfər) 18,17%-ni təşkil edirdi. Bunun nəticəsində ümumi əhali içərisində (11463 nəfər) müsəlmanlar 63,95%, ermənilər isə 36,05% oldu. [20, с.543-546] Çar hökumətinin siyasətinə baxmayaraq, 1918-ci ilədək İrəvan şəhərini ermənilərin nə siyasi, nə də iqtisadi mərkəzinə çevirmək mümkün olmadı. Bu ərazilər ermənilərin vətən anlayışına da daxil olmamışdır. Erməni siyasiləri və kapitalı, əsasən, Bakı və Tiflisə can atırdı.

1833, 27 fevral – “Erməni vilayəti”nin gerbinin qəbul edilməsi. Bu vilayətin, sonra isə İrəvan qəzası (1843) və quberniyasının (1878) gerblərinin təhlili (hər bir halda gerblərdə erməni və xristian atributları aparıcı element kimi verilmişdir) göstərir ki, I Nikolay inadla İrəvan bölgəsinin erməniləşdirilməsi və xristianlaşdırılmasına nail olmağa çalışmış, varisləri də bu siyasəti davam etdirmişdir.

1833, 22 iyun – “Erməni vilayəti”nin idarə quruluşu haqqında, bu idarənin ştatlarının əlavəsilə” adlı 16 maddədən ibarət çar fərmanı. Fərmana görə, İrəvanda vergi və mükəlləfiyyətlərin toplanması üzrə idarə yaradılırdı. 10 mahaldan ibarət olan İrəvan əyaləti İrəvan, Şərur, Sərdarabad və Sürməli dairələrinə bölünürdü. Polkovnik Ehsan xan və mayor Şıxəli bəy Naxçıvan və Ordubadda naib kimi qalırdı və s. [12, док.6282, с.374-375]

1836, 11 mart – Erməni-qriqorian kilsəsi haqqında Əsasnamənin qəbulu. Çar hökuməti tərəfindən erməni kilsəsinə mühüm hüquqlar verilir. Təsadüfi deyil ki, bu Əsasnamə Zaqafqaziyanın (Bu termin Rusiya imperiyasının geopolitikasını əks etdirir. Cənubi Qafqaz və ya Transqafqaz terminləri də işlənir. Dövrün reallığından bəhs edildikdə həmin termin saxlanır, müəllif şərhində isə Cənubi Qafqaz termininə üstünlük verilir.-K.Ş.) erməni kilsəsi kimi deyil, ümumiyyətlə erməni-qriqorian kilsəsi kimi qeyd edilməklə, dünya üzrə ermənilərin birləşdirilməsini ifadə edirdi. Əsasnamə ilə Rusiya hüdudlarında 6 yeparxiya müəyyən edilirdi. Onların içərisində Azərbaycan ərazilərini əhatə edən İrəvan, Qarabağ və Şirvan yeparxiyaları da var idi. [13, док. 8970, с.194-209] Erməni-qriqorian kilsəsi bu Əsasnamədən istifadə edərək, həm siyasi, həm də maddi baxımdan güclü mövqeyə malik olur. Çar hökuməti tərəfindən 1903-cü ildə bu mövqenin zəiflədilməsinə cəhd edilsə də, uğursuz olur. Əsasnamədən əlavə, çar hökuməti digər vasitələr ilə də erməni-qriqorian kilsəsinin nüfuzunu artırmağa çalışırdı. I Nikolay Qafqaz səfəri zamanı erməni katalikosu ilə görüşmüşdür.

1837, 20 sentyabr-26 oktyabr – İmperator I Nikolayın Qafqaz səfəri. İmperator oktyabrın 4-də Gümrüyə gəlir. Müqəddəs Aleksandr adına kilsənin bünövrəsini qoyur və şəhəri Aleksandropol adlandırmağa icazə verir. Çar oktyabrın 5-də Sərdarabada, oradan Eçmiədzinə, sonra İrəvana gəlir. İrəvanda Sərdar sarayında Qafqazdakı rus qoşunlarının baş komandanı baron Rozen, hərbi və mülki administrasiya nümayəndələrinin də qatıldığı nahar vaxtı çox maraqlı hadisə baş verir. Sarayın yanına yığılmış kütlə içərisindən qışqırıq səsləri gəlir: “Ərzimiz var, qoymurlar”. Bu səfərə məqalə həsr etmiş A. Berjenin deyildiyi kimi qeydə aldığı bu ifadələrdən görünür ki, bu insanlar azərbaycanlılar idi. Çarın “Bu nə səsdir?” sualına Rozen çarın gəlişi münasibətilə sevinc göstəricisi olduğunu bildirir. Bununla razılaşmayan çar məiyyətinə işin mahiyyətini aydınlaşdırmağı tapşırır. Nahardan sonra isə çar özü kütləyə yaxınlaşır və çoxlu şikayət eşidir. Əyalət rəisi erməni V.O.Bebutov sui-istifadələrinə görə, vəzifəsindən uzaqlaşdırılır. [6, с. 385] Bu nadir tarixi faktın önəmi ondan ibarətdir ki, hətta, Rusiya imperatoru qarşısında belə sadə azərbaycanlılar öz haqlarını qoruya bilmişdi. I Nikolay İrəvana səfərdən sonra yerindəcə əmin olur ki, “Erməni vilayəti” üsul-idarəsi özünü doğrultmamışdır və o dəyişdirilməlidir. Burada bir faktı da xatırlatmaq lazımdır. Berje çarın Üçkilsədə katolikos ilə görüşündən bəhs edərkən yazır ki, o, erməni dilindən başqa Azərbaycan dilində də izah edə bilirmiş. [6, с. 383] Bu, Azərbaycan dilinin nüfuzunu, ermənilər arasında geniş yayıldığını və ümumi ünsiyyət vasitəsi olduğunu təsdiq edir.

1840, 10 aprel – Zaqafqaziyada keçirilən islahatlar üzrə “Erməni vilayəti”nin ləğv edilməsi. Yeni yaradılan Gürcü-İmeret quberniyası tərkibində mərkəzi İrəvan şəhəri olan İrəvan qəzasının (1840-1930) təşkili. [14, док.13368, с.237] “Erməni vilayəti”nin ləğvinin bir sıra səbəbləri var idi. Onlardan ikisi xüsusilə diqqəti cəlb edir: 1. Azərbaycanlıların rus-erməni hakimiyyətinə qarşı mübarizəsi (I Nikolayın 1837-ci il Qafqaz səfərinə bax) ; 2. Vilayətin tərkibinə qatılan Naxçıvanda Ehsan xanın artan nüfuzu və fəaliyyəti.

3.İrəvan qəzası

(1840-1849-cu illər)

1840, 10 aprel-1846, 14 dekabr – İrəvan qəzası Gürcü-İmeret quberniyası tərkibində.

1844, 27 dekabr – Qərbi Azərbaycan torpaqlarını da əhatə edən Qafqaz canişinliyinin (mərkəz Tiflis şəhəri) yaradılması. 1881-ci ilədək mövcud olmuşdur. 1905-ci ildə yenidən bərpa edilmişdir.

1846, 14 dekabr – I Nikolayın təsdiq etdiyi Zaqafqaziya diyarının bölgüsü haqqında əsasnaməyə görə, Gürcü-İmeret quberniyasının ləğvi, Tiflis quberniyasının təşkili və İrəvan qəzasının bu quberniyanın tərkibinə keçməsi. [15, док.20701, с.647-648]

1846, 14 dekabr-1849, 9 iyun – İrəvan qəzası Tiflis quberniyası tərkibində.

4.İrəvan quberniyası

(1849-1917-ci illər)

1849, 9 iyun – Zaqafqaziya diyarında İrəvan mərkəz olmaqla eyni adlı quberniya yaradılması haqqında çar fərmanı. Fərmana uyğun olaraq, 5 quberniya- İrəvan (qəza şəhəri İrəvan), Novo-Bayazet (Kövər kəndinin adı dəyişdirilərək Novo-Bayazet adlandırılır və qəza şəhəri statusu verilir), Naxçıvan, Ordubad, Aleksandropol olmaqla beş qəzaya bölünür. Quberniyanın ərazi-inzibati bölgüsü 1867-ci ildə də davam etdirilir. 9 dekabr fərmanı üzrə aşağıdakı qəzalar müəyyən edilir: İrəvan, Aleksandropol, Eçmiədzin, Novo-Bayazet və Naxçıvan. 1875-ci ildə isə daha iki qəza-Şərur-Dərələyəz və Sürməli qəzaları yaradılır. Beləliklə, qəzaların sayı yeddiyə çatdırılır. [16, док.23303, с.311-312] 1917-ci il Qafqaz təqviminə görə, İrəvan quberniyasının ərazisi 26210,11 kv.km. idi. İrəvan qəzası üzrə bu rəqəm 3.078,46; Aleksandropol üzrə 3826,97; Eçmiədzin üzrə 3658,26; Novobayazet üzrə 4658,72;Naxçıvan üzrə 4451,11;Şərur-Dərələyəz üzrə 2980,37 və Sürməli üzrə 3556,21 kv. km. təşkil edirdi. [8, отдел статистический, c.218]

1850, yanvar-1917, fevral – İrəvan quberniyası çar hakimiyyəti dövründə.

1853 – Rusiya imperiyasının hərbi-statistik icmalına dair seriyadan İrəvan quberniyasına dair cildin çap olunması. [7]

1870, 14 may – Kəndli islahatı. ²Zaqafqaziya quberniyaları: Yelizavetpol, Bakı, İrəvan və qismən Tiflis quberniyaları ali müsəlman silkindən olan şəxslərin, habelə erməni məliklərinin torpaqlarında sakin olan keçmiş dövlət kəndlilərinin torpaq quruluşu haqqında Əsasnamə². Əsasnamənin adından göründüyü kimi tarixi reallıq təhrif olunub. Çar hökuməti məqsədyönlü şəkildə ²erməni məlikləri² anlayışını tətbiq edir, halbuki bu dövrəqədərki hüquqi sənədlərdə belə bir anlayış yox idi.

1877-1878 – Rusiya-Osmanlı müharibəsi. San-Stefano (1878, fevral) barışığı, sonra isə Berlin müqaviləsinin (1878, iyul) imzalanması. [21, №54, с. 243-270] Ərdəhan, Kars və Batumun Rusiyaya ilhaq edilməsi. ²Erməni məsələsi²nin meydana gəlməsi.

1879, 1 oktyabr – 1870-ci il Şəhər əsasnaməsinə uyğun olaraq İrəvan şəhər dumasının fəaliyyətə başlaması. İrəvan duması şəhərin əsas anti-azərbaycanlı mərkəzlərindən birinə çevrildi.

1881, noyabr – İrəvan Müəllimlər seminariyasının açılması. Azərbaycan Respublikası Prezidenti tərəfindən Seminariyanın 140 illiyinin qeyd edilməsi haqqında 29 dekabr 2021-ci il tarixində sərəncam imzalanmışdır.

1882 – İrəvan teatrının yaranması. Azərbaycan Respublikası Prezidenti tərəfindən ²İrəvan Dövlət Azərbaycan Dram teatrının 140 illiyinin qeyd edilməsi haqqında² 14 iyul 2022-ci il tarixində sərəncam imzalamışdır.

1884-1914 – İrəvan qubernatorunun hesabatları. Quberniya üzrə əsas rəsmi sənədlərdən biri idi. [9]

1887 – Cenevrədə Sosial-demokrat Qnçak (Zəng) partiyasının təşkili. Zəng adı A.İ.Gertsenin ²Kolokol²undan mənimsənmişdir. Azərbaycanın qəddar düşmənlərindən olan Andranik də vaxtilə bu partiyanın üzvü olmuşdur.

1890 – Tiflisdə Daşnaksütun partiyasının təşkili. XIX əsrin sonları-XX əsrin əvvəllərində erməni və daşnak ifadələri, əsasən, eyni məna daşıyırdı. Azərbaycan xalqına qarşı hər bir soyqırımın fəal təşkilatçısı olmuşdur. Qərbi Azərbaycan torpaqlarında yaradılan ilk erməni dövlətində, Birinci Respublikada (1918-1920) hökumət qurmuşdur.

1897, yanvar – Rusiya imperiyasında ilk ümumi əhali siyahıya alması. İrəvan quberniyası üzrə nəticələrə görə, İrəvan şəhərində 29006 nəfər əhali var idi. Əhali tərkibində ana dili tatar (Azərbaycan.-K.Ş.) olanlar 12359 (42,69%), erməni dili olanlar isə 12153 (41,89%) nəfər idi. Müsəlman və xristianların (erməni-qriqorian və erməni-katoliklər) nisbəti isə 12537 (43,22%) və 12516 (43,15%) olmuşdur. [9, с. 2-3] 1829-1832-ci il kameral təsviri ilə müqayisədə əhalinin 17543 nəfər (60,49%) artdığı görünür. Əhalinin etnik və dini tərkibində isə daha ciddi dəyişiklik olub. Ermənilərin sayı təxminən müsəlmanların sayı ilə bərabərləşib.

1902, 5 dekabr – Aleksandropol-İrəvan dəmir yol xəttinin açılışı. Bu və sonrakı dəmir yol xətlərinin çəkilməsi İrəvanın strateji əhəmiyyətini daha da artırırdı.

1903, 12 iyun – Çar II Nikolayın Erməni-qriqorian kilsəsinin mülklərinin müsadirəsi haqqında fərmanı. Erməni terrorunun təzyiqi altında 1 avqust 1905-ci il fərmanı ilə müsadirə olunan mülkiyyət geri qaytarıldı. [17, док.23156, с.778-779]

1905-1906 – ²Erməni-müsəlman davası² dövründə ermənilərin İrəvan quberniyası, o cümlədən İrəvan şəhərində yüzlərlə azərbaycanlını öldürməsi və tarixi torpaqlarından qovması. [2, s.31-42 və s.; 5, c. 591-600]

1906 – İrəvan-Culfa dəmir yol xəttinin istifadəyə verilməsi.

1914-1916 – I Dünya müharibəsi ərəfəsində İrəvan əhalisi 29366 nəfər idi ki, onun da 11500 nəfəri (39,2%) azərbaycanlı, 15531 nəfəri (52,8%) erməni idi. 1916-cı ildə İrəvanın əhalisi 1914-cü ildəki 29366 nəfərdən 51286 nəfərə (+21920 nəfər) çatır. [1, s.228] 1897-ci illə müqayisədə aydın olur ki, İrəvanda azərbaycanlıların demoqrafik vəziyyəti XX əsrin əvvəllərində kəskinləşməyə başlayır. Müharibə dövründə isə erməni qaçqınların məqsədyönlü şəkildə İrəvan şəhərinə yönəldilməsilə azərbaycanlıların sıxışdırılması genişlənir.

1914, avqust – Rusiyanın I Dünya müharibəsinə daxil olması. Ermənilərin Rusiya vasitəsi ilə Osmanlı imperiyası ərazisində dövlət yaratmaq uğrunda mübarizəsinin genişlənməsi.

1914, sentyabr-noyabr – Rusiya imperiyası tərəfindən erməni könüllü dəstələrinin yaradılması. Şərqi Anadoluda türklərə, sonra isə İrəvan bölgəsində azərbaycanlılara qarşı soyqırımı törədilməsində fəal iştirak etmişdir. 1917-ci ilin dekabrında Erməni könüllü korpusuna çevrilmişdir. Bu korpusun rəhbəri Foma Nazarbekov general-leytenant rütbəsilə 1918-1920-ci illərdə Ermənistan Respublikası ordusunun baş komandanı olmuşdur.

1917, fevral-oktyabr – Qərbi Azərbaycan Müvəqqəti hökumət dövründə.

1917, 9/22 mart-15/28 noyabr – Müvəqqəti hökumətin Zaqafqaziyada yerli orqanı Xüsusi Zaqafqaziya Komitəsi (Ozakom). Sədri V.A.Xarlamov (kadet) idi. Tərkibinə M.Y.Cəfərov, M.İ.Papacanov, K.Q.Abaşidze və P.N.Pereverzyev daxil idi. Az sonra P.N.Pereverzyevi A.İ.Çxenkeli əvəz etmişdir.

1917, 26 aprel/9 may – Müvəqqəti hökumətin “Türkiyə Ermənistan”ı haqqında qərarının qəbulu. Dörd maddədən ibarət olan bu qərara görə, sülh müqaviləsi ilə Türkiyə Ermənistanının vəziyyəti müəyyən edilənədək onun rus ordusu tərəfindən tutulan ərazisi mülki idarə baxımından Qafqaz hakimiyyəti, eyni zamanda Qafqaz cəbhəsi hakimiyyətinin idarəsindən çıxarılaraq, bir başa Müvəqqəti hökumətə tabe edilir, Türkiyə Ermənistanı Baş komissarı vəzifəsi təsis edilirdi və s. [3, с.356-357] Beləliklə, Müvəqqəti hökumət erməniləri öz tərəfinə daha da yaxınlaşdırmaq məqsədilə “Türkiyə Ermənistan”ı anlayışını tətbiq edir, əsas diqqəti Türkiyə ərazisinə keçirirdi. Sovet Rusiyası da bu xətti davam etdirirdi. Sonra aydın olacağı kimi Osmanlı imperiyası həmin əraziləri azad etdiyi üçün erməni dövlətinin yaradılması Zaqafqaziyaya, Qərbi Azərbaycan torpaqlarına keçiriləcəkdir.

1917, sentyabrın sonu-oktyabrın əvvəli – Erməni Milli Şurasının yaranması. Rəhbəri A.V.Aharonyan (daşnak) idi. Azərbaycan Milli Şurası İrəvan haqqında danışıqları bu təşkilat ilə aparmışdır.

1917, 25 oktyabr/7 noyabr – Rusiyada Oktyabr çevrilişi, bolşeviklərin hakimiyyəti ələ alması. Rusiya imperiyasının dağılması. İrəvan quberniyasının digər Azərbaycan torpaqları ilə birgə, Rusiya imperiyası tərkibindən çıxması. Beləliklə, Rusiya imperiyası tərəfindən Qərbi Azərbaycanın işğalı və 90 il sistemli şəkildə davam edən müstəmləkə siyasəti ilə onun tarixən formalaşmış inzibati ərazi quruluşunun, etno-konfessional tərkibinin, siyasi strukturunun və idarə sisteminin məqsədyönlü şəkildə erməniləşdirilməsinə baxmayaraq, bu torpaqların, orada mövcud olan aparıcı əhali fundamentinin və mədəniyyətinin azərbaycanlılara məxsus olduğunu dəyişmək mümkün olmadı. Qərbi Azərbaycan bütöv Azərbaycanın bir hissəsi kimi Rusiya imperiyasının tərkibindən türk-müsəlman torpağı kimi çıxmış və Zaqafqaziya hökumətinin ərazisinə daxil olmuşdur.

Qısa biblioqrafiya

1.Həbib Rəhimoğu. Silinməz adlar, sağalmaz yaralar. Bakı, 1997

2.Ordubadi M.S. Qanlı illər. 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi. Bakı, 2007

3.Архив новейшей истории России. Журналы заседаний Временного Правительства. т.1, М., 2001

4.Акты Кaвkaзской Археографической Комиссии. т.7. Тифлис, 1878

5.Джаббаров Ф. Армянский экстремизм на Южном Кавказе (вторая половина XIX–начале XX вв. Баку, 2018

6.Берже А., Император Николай на Кавказе в 1837 г.//Русская старина. 1884, №8

7.Военно-статистическое обозрение Российской империи. т. 16, ч. 6. Эриванская губерния. СПб., 1853, 300 с.

8. Кавказский календарь на 1917 г. Тифлис, 1916

9.Отчеты Эриванского губернатора. 1884-1914 гг.// Российский Государственный Исторический Архив. ф.1284, оп .223, д. 123 və b.

10.Первая всеобщая перепись населения Российской империи 1897 г. LXXI. Эриванская губерния. СПб., 1905

11.Полное собрание законов Российской империи. Собр. вт. СПб, 1830, т. III

12.Полное собрание законов Российской империи. Собр. вт., т. VIII. СПб., 1834

13.Полное собрание законов Российской империи. Собр. вт., т. XI, СПб., 1837

14.Полное собрание законов Российской империи. Собр. вт. СПб, 1841, т. XV

15.Полное собрание законов Российской империи. Собр. вт. СПб, 1847, т. XXI

16.Полное собрание законов Российской империи. Собр. вт. СПб, 1850, т. XXIV

17.Полное собрание законов Российской империи. Собр. третье. СПб, 1905, т. XXIII, часть I

18.Тавакалян Н.А. Присоединение Восточной Армении к России и его прогрессивное значение // Вестник общественных наук Академии наук Армянской ССР.1978, № 10, c. 26-40

19.Тунян В.Г. Восточная Армения в составе России. Ереван, 1989

20.Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи. СПб., 1852

22.Шукюров К. Азербайджан в системе международных отношений. 1648-1991. Документы и материалы. Баку, 2020

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR