Sonuncu deportasiya zamanı Ermənistan ərazisində soydaşlarımıza qarşı törədilmiş cinayətlərlə bağlı əlimizdə konkret sənədlər və şahid ifadələri var. Ümumilikdə deportasiyalar zamanı Ermənistan tərəfindən fərdi təsərrüfatlar üzrə 2,5 milyard, ictimai təsərrüfatlar üzrə 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulub.
APA xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Milli Məclisdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda ictimai dinləmə zamanı deyib.
"1987-1991-ci illərdə baş vermiş sonuncu deportasiya isə öz amansızlığı və qəddarlığı ilə əvvəlkilərdən bir o qədər də fərqlənmədi. Ermənilərə xas eyni vəhşi üsul və metodlarla soydaşlarımız sonuncu nəfərinə qədər Qərbi Azərbaycandakı ata-baba yurdlarından qovuldular. Bu prosesdə 200 nəfərdən çox soydaşımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi, 400-dən artıq insanımız bədən xəsarətləri aldı, 300-ə yaxın yaşayış məntəqəsindən azərbaycanlılar qovuldular”, - İcma sədri əlavə edib.
O, bütün bunlarla bağlı Baş Prokurorluq səviyyəsində iş aparıldığını qeyd edib.
“Bir daha bəyan edirik ki, Qərbi Azərbaycan icması soydaşlarımızın son qarışına qədər torpaqlarına qayıdana kimi mübarizəsini davam etdirəcək”.