Sahib Alıyev: Tarixi ədaləti bərpa edəcəyik, Qərbi Azərbaycana qayıdacağıq

Sahib Alıyev, Milli Məclisin deputatı

© APA | Sahib Alıyev, Milli Məclisin deputatı

# 11 yanvar 2023 15:43 (UTC +04:00)

“Ermənistan rəhbərliyi də, güc mərkəzləri də Azərbaycan Prezidentinin Qərbi Azərbaycan haqda açıqlamalarına rəsmi Bakının regionda dayanıqlı sülhün yaradılmasında və hayların Qarabağda qalıb yaşamalarında maraqlı olmasının növbəti göstəricisi kimi yanaşsınlar”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Sahib Alıyev bildirib ki, Ermənistan rəhbərliyi buna görə hətta təşəkkür də etməlidir: “Çünki ora dönəcək azərbaycanlılar yenidən qurub yaradacaqlar, bomboş kəndləri abadlaşdıracaqlar. Azərbaycanlılar orada həmişə zəhmətkeşlikləri və yüksək dəyər yaratma potensialları ilə seçiliblər. Ora qayıdışdan sonra yenə eyni keyfiyyətlərini sərgiləyəcəklər. Qayıdış isə Ermənistan bunu istəsə də, istəməsə də mütləq olacaq. Çünki Prezidentin də vurğuladığı kimi, bütün beynəlxalq konvensiyalar bizim belə bir haqqımızı tanıyır”.

Deputat diqqətə çatdırıb ki, Azərbaycanda Ermənistanı kimlərin öz qanadları altına aldıqlarını, yaxud ona çalışdıqlarını görüb Qərbi Azərbaycana qayıdacağımızı mümkünsüz sayanlar da var: “Ümid edirəm ki, onlar Azərbaycan Prezidenti İlham Əliyevin yerli kanallara verdiyi müsahibədə Qərbi Azərbaycana qayıdışla bağlı açıqlamasından düzgün nəticə çıxaracaqlar. Baxın, Prezidentimiz nə deyir? Deyir ki, biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik, ona görə bu sahədə də artıq proqramın üzərində iş gedir. Əminəm ki, biz buna da nail olacağıq və tarixi ədaləti bərpa edəcəyik. Qərbi Azərbaycana qayıdacağıq. Yeri gəlmişkən, Prezident İlham Əliyev 3-4 dəfə ancaq həlli mümkün və vaxtı yetişmiş məsələlərdən danışmağın önəmliliyini vurğuladı ki, bu da bir daha onun Ermənistandan deportasiya olunanların ora dönüşünü tam real saydığını ortaya qoyur. Dövlət başçımızın Qərbi Azərbaycana qayıdışla bağlı "Necəki vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik" fikirlərini isə bir növ xalqa çağırış kimi də qiymətləndirmək olar. Mənə elə gəlir ki, Prezident müsahibənin sonunda yenidən Laçın yolunda keçirilən aksiyaya toxunaraq “iki il əvvəl belə bir olayın baş verəcəyini söyləyənə ağılsız kimi yanaşırdılar” deməklə də Qərbi Azərbaycana qayıdışı müşkül sayanlara çox mümkünsüz görünənləri reallığa çevirdiyimizi xatırladırdı. Bir sözlə, Zəngəzurda, Göyçədə görüşənədək!”

Qərbi Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR