Azərbaycan Prezidenti: BMT qətnamələrinin icrasında beynəlxalq hüquq normalarına selektiv yanaşılır

Azərbaycan Prezidenti: BMT qətnamələrinin icrasında beynəlxalq hüquq normalarına selektiv yanaşılır
# 02 noyabr 2022 03:04 (UTC +04:00)

“İki il əvvəl Azərbaycan Ermənistan tərəfindən torpaqlarımızın iyirmi faizinin demək olar ki, otuz ilə yaxın davam edən işğalına son qoydu. Aparıcı beynəlxalq qurumların qətnamələrinə və qərarlarına baxmayaraq, Ermənistan bütün qərar və qətnamələrə məhəl qoymamış və Azərbaycanın ərazisinin demək olar ki, 20 faizini qanunsuz olaraq işğal altında saxlamağa davam etmişdi. İşğal zamanı bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdi. Bizim insanlarımız etnik təmizləməyə məruz qalmışdı. Ermənistan 1992-ci ildə hazırda ondan çox ölkə tərəfindən tanınan Xocalı soyqırımını törədib. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir, lakin bu qətnamələr heç vaxt icra olunmamışdır”.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında deyib.

“Bu isə bizi başqa bir vacib amilə gətirib çıxarır. Bu da BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi ilə bağlıdır. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Amma bizə gəldikdə bu qətnamələr otuz il ərzində kağız üzərində qaldı. Bu, ikili standartdır, bu, yolverilməzdir. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə, ölkələrin öhdəliklərinə selektiv yanaşmadır. Buna görə də ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv şəkildə fəaliyyət göstərir. Bütün münaqişələrə eyni mövqedən yanaşmaq lazımdır. Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır. İşğal işğal adlandırılmalıdır.

İki il əvvəl Azərbaycan, qeyd etdiyi kimi, bu münaqişəyə son qoydu. Biz bunu öz gücümüzlə etdik. Biz BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə etdik və ərazilərimizi güc yolu ilə azad etdik. Biz Ermənistanı məğlub etdik. Ermənistan kapitulyasiya etməyə məcbur oldu. İndi isə bizim torpaqlarımız azaddır və biz torpaqlarımıza qayıtmışıq” – deyə Azərbaycan Prezidenti bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR