Dövlət başçısı: “Ermənilərin dünənki təxribatının mənşəyi də son vaxtlar MDB məkanında baş vermiş hadisələrdir” - VİDEO

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi

© APA | Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi

# 12 yanvar 2022 20:28 (UTC +04:00)

“Erməni mətbuatında gedən revanşist meyilləri təbii ki, izləyirəm. Deyə bilərəm ki, Ermənistanda revanşist meyillər təkcə keçmiş hakimiyyət nümayəndələri tərəfindən yox, eyni zamanda, indiki hakimiyyət nümayəndələri tərəfindən özünü büruzə verir”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

"Çünki biz görürük ki, birincisi, dediyim kimi, müharibədən sonrakı dövr ərzində hərbi təxribatlar və bir neçə dəfə belə cəhd edilib. Həm noyabr ayında, ondan əvvəl, dünən və istisna deyil ki, bundan sonra da belə cəhdlər ediləcək. Təbii ki, Ermənistan rəhbərliyi və bütövlükdə cəmiyyəti müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilməyib. Onlara elə bir ciddi psixoloji zərbə vurulub, psixoloji cəhətdən elə zədələniblər ki, onların indi bütün ideoloji əsasları darmadağın edilib", - Prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısının sözlərinə görə, onların uydurduqları və özləri inandıqları bütün miflər dağıdılıb: "Onu biz 44 gün ərzində göstərmişik. Ona görə belə meyillər Ermənistan ictimaiyyətində var və istənilən hakimiyyət ictimai rəylə hesablaşmalıdır. Ona görə belə meyillər davam edəcək. Bu, birincisi.

İkincisi, onu da biz unutmamalıyıq ki, indiki hakimiyyət əgər bu gün özünü daha konstruktiv aparırsa, faktiki olaraq müharibədən əvvəlki dövrdə müharibənin qaçılmaz olmasını şərtləndirdi. Axı “Qarabağ Ermənistandır və nöqtə” deyən indiki hakimiyyətin təmsilçisidir, “Yeni torpaqlar uğrunda yeni müharibə” ilə bizi hədələyən indiki hakimiyyətin təmsilçisidir. Cıdır düzündə oynayan, Azərbaycan xalqının heysiyyətinə toxunan indiki hakimiyyətin təmsilçisidir. Yəni, indi biz indiki hakimiyyətin davranışına baxmamalıyıq, özümüzü aldatmamalıyıq. Məhz onlar Azərbaycan ərazilərini daim işğal altında saxlamaq fikrində idilər, məhz indiki hakimiyyət dırnaqarası qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentini Şuşaya köçürmək istəyirdi və hətta orada binanın daş işləri də artıq tamamlanmışdı. Biz onu yerlə bir etdik. İndiki hakimiyyət nümayəndələri deyirdi ki, biz dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıyıq və dırnaqarası “Dağlıq Qarabağ respublikası” danışıqlar masasında olmalıdır. Yəni Koçaryan-Sarkisyan yox, məhz indiki hakimiyyət. Ona görə yenə də deyirəm, biz heç vaxt indiki hakimiyyətin xoş sözlərinə aldanmamalıyıq. Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq. Sərhəddə törədilmiş təxribatlar da bundan qaynaqlanır. Onlar bizi yenə də sınağa çəkmək istəyirlər. Ola bilsin, dünənki təxribatın mənşəyi də son vaxtlar MDB məkanında baş vermiş hadisələrdir və hesab edirlər ki, bunların imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər. Amma unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz, heç nə bizi dayandıra bilməz. Bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Amma əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək.

O ki qaldı, Ermənistan müxalifətinə, yəni, özünü müxalifət adlandıran Sarkisyan-Koçaryan cütlüyünə, əlbəttə, o insanlarda Azərbaycan xalqına qarşı o dərəcədə nifrət var ki, onlar öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Halbuki İkinci Qarabağ müharibəsi onların məğlubiyyəti idi. Çünki biz onların ordusunu məhv etmişik. Paşinyan iki ildə nə ordu yarada bilərdi, nə ordu dağıda bilərdi. Bu, Koçaryan-Sarkisyan ordusu idi ki, biz o ordunu məhv etmişik. Onların hər ikisi müharibə zamanı Xankəndiyə gəlmişdilər və orada guya müqavimət hərəkatına rəhbərlik etmək istəyirdilər. Görəndə ki, artıq Azərbaycan Ordusu Şuşaya yaxınlaşır, oradan qorxaqcasına qaçmışdılar. Yəni, onlar fəraridirlər, onlar yalançı qəhrəmandırlar. Onlar ancaq dinc əhaliyə qarşı müharibə apara bilərdilər. Onların hər ikisi Xocalı qatilləridirlər. Onlar elə bil ki, Siam əkizləridir. İkisi də partiya işində olublar, ikisi də Gevorkovun əlaltıları olublar, ikisinin də namizədliyi Bakıda, Mərkəzi Komitədə təsdiqlənib. Atam Xankəndinə gələndə ikisi də onu orada ayaqüstə qarşılayıb əl çalırdılar. Bunların Ermənistan-Azərbaycan, erməni-Azərbaycan xalqlarının dostluğu haqqında nə qədər çıxışları var. Yəni, onlar Azərbaycan çörəyini yeyib və çörəyi diziüstə olan nankorlardır. Birinci Qarabağ müharibəsində, sadəcə olaraq, özlərindən belə bir mif yaratmışdılar ki, guya bunlar müharibə qəhrəmanlarıdır. Mən dedim, onların sinələrində olan o dəmir-dümürlərin yeri zibil yeşiyidir. Çünki İkinci Qarabağ müharibəsi onu göstərdi ki, kim kimdir. Birinci Qarabağ müharibəsində onlar dinc əhaliyə qarşı vuruşurdular, soyqırımı, qətliam törətmişdilər. O vaxt Azərbaycan ordusu müqavimət göstərmək iqtidarında deyildi. Amma bu dəfə biz onları diz çökdürdük və onlar öz miskin ömürlərinin sonuna qədər məğlubedilmiş fərarilər kimi yaşayacaqlar. Əlbəttə ki, belə adamlar istənilən fürsətdən istifadə edib bizə zərbə vurmağa hər an hazır olan adamlardır. Amma onlar da bilməlidirlər, indiki hakimiyyət də bilməlidir və istənilən hakimiyyət bilməlidir ki, Ermənistan bizim qabağımızda heç vaxt dayana bilməz. Yenə də deyirəm, bizi heç nə dayandıra bilməz. Bizi dayandıran yeganə amil odur ki, biz müharibə istəmirik. Məhz buna görə dünən saat 21:30-da mən Müdafiə Nazirliyinə göstəriş verdim ki, atəşi dayandırın. Mən bu göstərişi verməsəydim, bu gün də onların vəziyyəti daha ağır olacaqdı. Yəni, biz bir daha göstərdik ki, bizim səbrimizlə oynamasınlar. Ümid edirəm ki, bu cəhd, bu təxribat cəhdi sonuncu cəhd olacaq. Olmasa, yenə də nəticə eyni olacaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR