Dövlət başçısı: “İndi Şuşa şəhərinin Baş Planı hazırlanır, bir müddətdən sonra təsdiqlənəcək” - VİDEO

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 28 may 2021 19:23 (UTC +04:00)

“Hesab edirəm ki, bu gün tarixi gündür. Çünki bu gün azad edilmiş torpaqlarda birinci Baş Plan artıq təsdiqlənir. İndi Şuşa şəhərinin Baş Planı hazırlanır, artıq bir müddətdən sonra təsdiqlənəcək”.

APA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Füzuli şəhərinin, Cəbrayıl şəhərinin, digər şəhərlərin Baş Planları üzrə iş gedir: “Amma birinci Baş Plan, bax, burada təsdiqlənəcəkdir. Artıq bir neçə tədbir keçirildi. Ağdam şəhəri üçün çox önəmli olan 1 saylı məktəbin təməli qoyuldu. Siz yaxşı bilirsiniz ki, bu məktəbin çox böyük tarixi var, 140 illik tarixi var. Gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyuldu. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir. Eyni zamanda, mənim göstərişimlə Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası mənə təqdim edildi. Yer seçildi və həm Zəfər, həm İşğal muzeyləri çox möhtəşəm olacaq. Digər obyektlər, digər tədbirlər, böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində böyük bir meşə zolağı olacaq - 125 hektarlıq. Süni göl yaradılacaq, kanallar, körpülər. Şəhərin müasir standartlara, müasir tələblərə uyğun inkişaf planı artıq tam işlənib hazırlanıb. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Yəni, bu gün bu görüşdən sonra birlikdə bizə bu təqdimat göstəriləcəkdir”.

Prezident İlham Əliyev qeyd edib ki, nəzərdə tutulmuş bütün məsələlərin öz həllini tapacağına əmindir: “Biz sizinlə bundan sonra Ağdam şəhərində, Ağdam rayonunda çox görüşəcəyik. Bir daha dediyim sözlərə qayıtmaq istəyirəm, mən bu 17 il ərzində - 2003-cü ildən 2020-ci ilə qədər ovaxtkı məcburi köçkünlərlə bir çox görüşlər keçirmişdim və hər zaman onlara deyirdim ki, biz torpaqlara qayıdacağıq, siz torpaqlara qayıdacaqsınız. Ancaq görürdüm ki, son illər onların gözlərində ümidlər azalır. Görürdüm və bu da təbii idi. Çünki 30 ilə yaxın vaxt keçmişdi. Ancaq mən hər zaman əmin idim ki, bu, olacaq. Sadəcə olaraq, deyə bilmirdim. Sadəcə olaraq, deyə bilmirdim ki, nə vaxt olacaq, necə olacaq. Amma bilirdim ki, olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR