DTX əməkdaşlarının sosial müdafiəsini gücləndirmək üçün yeni qayda hazırlanacaq

DTX əməkdaşlarının sosial müdafiəsini gücləndirmək üçün yeni qayda hazırlanacaq
# 08 yanvar 2022 14:18 (UTC +04:00)

Kəşfiyyat və əks-kəşfiyyat orqanlarının əməkdaşlarının sosial müdafiəsi gücləndirilir.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əlavə olunan yeni maddəyə əsasən, əks-kəşfiyyat fəaliyyətinin subyekti olan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş vəsaitin 5 faizi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşların sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin xəzinə hesabına köçürüləcək.

Bu Qanun 2021-ci il sentyabrın 1-dən tətbiq edilir.

Fərmana əsasən, Nazirlər Kabinetinə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə həmin Xidmətin xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR