Kino Agentliyi yaradılıb - FƏRMAN

Kino Agentliyi yaradılıb - FƏRMAN
# 20 aprel 2022 16:19 (UTC +04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında” Fərman imzalayıb.

APA xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Müəyyən edilib ki, Agentlik Azərbaycan Respublikasında kinematoqrafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, Azərbaycan kinematoqrafiyasının dünya kinematoqrafiyasına inteqrasiyası sahələrində fəaliyyət göstərən, Nazirliyin tabeliyindəki kinematoqrafiya müəssisələrini idarə edən və onların fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun iki müavini daxil olmaqla 3 üzvdən ibarət Müşahidə Şurası yaradılır.

Agentliyin fəaliyyətinə cari rəhbərliyi Baş direktor həyata keçirir.

Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Respublikasının Prezidentinə:

- Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

- Agentliyin idarəetmə orqanlarının yaradılması;

- Agentliyin yenidən təşkili və ləğvi;

Nazirliyə:

- bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Agentliyin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsinin vəsaiti və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.

Nazirlər Kabineti iki ay müddətində Agentliyin nizamnaməsinin layihəsini və nizamnamə fondunun miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Agentliyin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərinin həlli ilə bağlı zəruri tədbirlər görməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Nazirlik Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR