Litva Prezidenti: “Biz Şərq Tərəfdaşlığı layihəsini də güclü şəkildə dəstəkləyirik”

Litva Prezidenti: “Biz Şərq Tərəfdaşlığı layihəsini də güclü şəkildə dəstəkləyirik”
# 18 may 2022 12:54 (UTC +04:00)

“Əlbəttə, regional təhlükəsizlik və Avropa İttifaqı ilə münasibətlər mühüm əhəmiyyət kəsb edən məsələlər sırasındadır. Litva hər zaman Qafqaz ölkələri ilə Avropa İttifaqı arasında daha sıx dialoqu dəstəkləyib. Biz Şərq Tərəfdaşlığı layihəsini də güclü şəkildə dəstəkləyirik və bu məsələni də Sizinlə müzakirə etmək arzusundayıq”.

APA xəbər verir ki, bunu Litva Respublikasının Prezidenti Gitanas Nauseda Prezident İlham Əliyevlə görüşündə deyib.

O qeyd edib ki, ikitərəfli münasibətlər və iqtisadi əlaqələr əhəmiyyətlidir: “Və şadam ki, məni işgüzar dairələri təmsil edən nümayəndə heyəti müşayiət edir. Onlar xüsusi tədbirdə iştirak edərək, mümkün iqtisadi əməkdaşlıq məsələlərini nəzərdən keçirəcəklər. Düzgün bilirəmsə, biz də orada açılış nitqi ilə çıxış edəcəyik.

Əlbəttə, mədəniyyət və təhsil sahələri də vacibdir. Bizim iki universitetimizin rektoru və digər universitetləri təmsil edən nümayəndələr də Azərbaycanda səfərdədirlər. Onlar müştərək proqramları müzakirə edəcəklər ki, bu sahədə də əlaqələr daha yüksək səviyyəyə qalxsın.

Zənnimcə, ölkələrimiz arasında müəyyən coğrafi məsafə olsa da, xalqlarımız 1990-cı illərdən bəri mədəni əlaqələri yaxşı xatırlayır. Bu baxımdan, bu sahəyə də təkan verilməsi mühüm əhəmiyyət kəsb edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR