Müharibə və ya 20 Yanvarla əlaqədar əlilliyi olan şəxslərin təqaüdləri artırılıb

Müharibə və ya 20 Yanvarla əlaqədar əlilliyi olan şəxslərin təqaüdləri artırılıb
# 13 yanvar 2023 10:24 (UTC +04:00)

Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılıb.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilib:

-orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 (beş yüz) manat;
-orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 (dörd yüz) manat;
-orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 330 (üç yüz otuz) manat.

Qeyd edək ki, indiyə qədər müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği aşağıdakı kimi olub:

-orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 manat;
-orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 350 manat;
-orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 300 manat.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR